Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

 

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, iki aylıq fasilədən sonra İranla imzalanmış nüvə sazişinin həyata keçirilməsi üçün danışıqlar yenidən başlayıb. Borrell Almaniyada davam edən G7 Xarici İşlər Nazirlərinin iclasından əvvəl jurnalistlərin suallarını cavablandırıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Komandasının yüksək səviyyəli diplomat­larından biri olan Enrike Moranın İrandakı görüşlərindən Brüsselə qayıdarkən Almani­yanın Frankfurt hava limanında alman polisi tərəfindən saxlanılmasına münasibət bildirən Borrell hadisənin sona çatdığını bildirərək qeyd edib ki, Mora təyyarəyə minərək qrafikinə uyğun olaraq səyahətinə davam edib: "Əhəmiyyətli olan Moranın İrandakı missiyasının nəticəsidir. O, gözlənildiyindən də yaxşı keçdi. Danışıqlar dalana dirənmişdi, lakin indi bərpa olunub. Ona görə də onun səfəri çox səmərəli oldu”.

Qeyd edək ki, İranın nüvə sazişinin koor­dinatoru olan və Aİ adından aylardır Vyanada danışıqlar aparan Aİ Xarici Əlaqələr Xidmətinin (EEAS) baş katibinin müavini Mora həftənin əvvəlində Tehrana getmişdi. İran səlahiyyətliləri ilə diplomatik danışıqlar bir müddət əvvəl da­lana dirənmişdi. Mora sosial media hesabında Almaniya polisinin heç bir səbəb göstərmədən onu və iki yüksək səviyyəli avropalı diplomatı bir müddət saxladığını paylaşıb.

2015-ci ildə İranla imzalanmış nüvə sazi­şinin tam şəkildə həyata keçirilməsi və ABŞ-ın razılaşmaya qayıtmasının müzakirə edildiyi nüvə danışıqları Avstriyanın paytaxtı Vyana­da Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilir. ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxan Vaşinqton Aİ vasitəsilə danışıqlarda iştirak edir.

Vaşinqton Tehranın sazişdəki öhdəliklərinə qayıtmasını istəsə də, İran nüvə sazişindən çıxan tərəf kimi, ilk növbədə, ABŞ-dan sazişə qayıtmağı, bütün sanksiyaları ləğv etməyi və bir daha sazişdən çıxmayacağına dair təminat tələb edir. Qeyd edilir ki, Josep Borrell danışıq­ların martın 11-də “xarici amillər” səbəbindən dayandırıldığını açıqlayıb.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

13 May 2022 23:04 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 May 2022 | 02:25
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə