Ən son xəbərlər
Almaniya hökumətinin başçısı Olaf Şolts “Twitter“ hesabındakı paylaşımında Finlandiyanın alyansa üzvlüyünü Berlinin tam dəstəklədiyini bildirib. “Mən Finlandiyanın NATO-ya dərhal qəbul edilməsi lehinə qərarını alqışlayıram”, -deyə Şolts qeyd edib. Bu barədə “Euronews” agentliyi xəbər yayıb.
Almaniya Kansleri həmçinin bildirib ki, Finlandiya Prezidenti Sauli Niinistö ilə telefon danışığı zamanı onu Almaniya hökumətinin Finlandiyaya tam dəstəyi ilə bağlı əmin edib. Qeyd edək ki, Finlandiya Rusiyanın Ukraynaya hücumundan sonra ölkənin milli təhlükəsizliyini təmin etmək üçün NATO-ya üzv olmaq niyyətindədir. Rəsmi Moskva isə bunu özünün təhlükəsizliyinə təhdid hesab edir. Yeri gəlmişkən, Finlandiya Prezidenti Sauli Niinistö isə “Twitter” hesabındakı paylaşımında Almaniyaya dəstəyə görə minnətdar olduğunu qeyd edib. Əlavə edib ki, tərəflər söhbət zamanı Ukraynada sülhə nail olunmasının zəruriliyini müzakirə ediblər.
Xatırladaq ki, iki gün əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson İsveç və Finlandiyaya səfər edərək, bu ölkələrin hökumət başçıları ilə müzakirələr aparıb. Böyük Britaniya ilə hər iki ölkə arasında təhlükəsizlik haqqında saziş imzalanıb.
Böyük Britaniya hökumətinin bu addımı rəsmi Vaşinqton tərəfindən birmənalı olaraq dəstəklənib. ABŞ-da hesab edirlər ki, Rusiya təhlükəsinə qarşı kollektiv Qərb birgə fəaliyyət göstərməlidir.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə