Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donbasa nəzarət uğrunda döyüşlər davam edir

Rusiya qoşunları Ukraynanın şərqində və cənubunda hücum əməliyyatlarını davam etdirir. Məqsəd Donetsk, Luqansk və Xerson vilayətlərinin ərazisi üzərində tam nəzarəti təmin etmək və Krıma gedən quru yolu əldə saxlamaqdır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Məlumatı “Anadolu” verib.

Xəbərə görə, son sutka ərzində təkcə Donetsk və Lu­qansk vilayətlərində Rusiya ordusunun 18 hücumunun qarşısı alınıb, 13 tank, 27 zirehli döyüş texnikası, 8 artilleriya sistemi, iki xüsusi mühəndis texnikası və 5 avtomobil məhv edilib.

Dünən Rusiya qoşunları əsas diqqəti Rubejnoe yaşa­yış məntəqəsinə nəzarəti ələ keçirməyə yönəldib. Bundan əlavə, Mariupola artilleriya və aviasiya zərbələri endi­rilib, Ukrayna hərbçilərinin müdafiə etdiyi “Azovstal” zavodu atəşə tutulub.

Baş Qərargahın məlumatında deyilir: “Vəziyyət mürəkkəbdir, lakin idarə olunur. Bütün müdafiə zonası boyunca düşmən döyüş təyyarələri, reaktiv yaylım atəşi sistemləri, iriçaplı top artilleriyası, tanklar və minaatanlardan istifadə edir, mülki infrast­ruktur obyektlərinə raket və bomba zərbələri endirir. Dinc yaşayış məntəqələri, inzibati binalar, xəstəxanalar, məktəblər və uşaq bağçaları dağıdılıb”.

Rusiya Müdafiə Nazir­liyinin rəsmi nümayəndəsi İqor Konaşenkov isə bildirib ki, ölkəsinin hərbçiləri dəqiq zərbə ilə Poltava vilayətinin Kremençuq şəhərindəki neftayırma zavodunu məhv edib. Onun sözlərinə görə, Rusiya aviasiyası Ukray­nanın hərbi texnikasının və canlı qüvvəsinin cəmləşdiyi 153 rayona zərbə endirib. Xarkov ətrafında Ukraynanın “Qrad” tipli reaktiv yaylım atəşi sistemi və ABŞ istehsalı olan radiolokasiya stansiyası vurulub.

O, raket qoşunları və artilleriya ilə Xarkov vilayətinin Şebelinka yaşayış məntəqəsində raket anbarı­nın, eləcə də 15 idarəetmə məntəqəsinin vurulduğunu da əlavə edib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

13 May 2022 22:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 May 2022 | 02:25
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə