Ən son xəbərlər
Latviyanın Baş naziri Krisjanis Karins Kanadaya səfər edərək burada bir sıra mühüm müzakirlər aparıb. Dünən Latviya hökuməntinin başçısı paytaxt Ottavada Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb. Görüşdən sonra liderlər mətbuat konfransı keçiriblər. Məlumatı “Euronews” agentliyi yayıb.
Kanadanın Baş naziri Castin Trüdo tədbirdə qeyd edib ki, Kanada Latviyada NATO qrupunu gücləndirmək üçün bu ölkəyə general və altı qərargah zabiti göndərir. Baş nazirin sözlərinə görə, yüksək rütbəli kanadalı hərbçilər Baltikyanı regionda hərbçilərin hərəkətlərinin planlaşdırılması və əlaqələndirilməsinə cəlb olunacaqlar. Castin Trüdo qeyd edib ki, Latviya tərəfi bu barədə Ottavaya müraciət edib.
Kanadanın Baş naziri əlavə edib ki, hazırda Latviyada 695 kanadalı hərbçi var. NATO-nun 2016-cı ilin iyulunda Varşavada keçirilən sammitində Baltikyanı ölkələr və Polşada dörd çoxmillətli batalyonun yerləşdirilməsi barədə qərar qəbul edilib. Latviya batalyonuna o zamandan Kanada rəhbərlik edir.
Xatırladaq ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra NATO rəhbərliyi özünün şərq cinahını, Avropanın şərqində yerləşən Polşa və Rumıniyada, eləcə də Pribaltika dövlətlərində hərbi missiyasını gücləndirməyə çalışır. Alyansın şərqə doğru genişlənmə siyasəti rəsmi Moskva tərəfindən kəskin etirazla qarşılanır.
Son günlər bir çox Qərb dövlətləri, eləcə də Yaponiya Rusiya ilə yüksək texnologiyalar sahəsində əməkdaşlığı məhdudlaşdırıblar. Bu arada məlum olub ki, Yaponiya hökuməti bu il mayın 20-dən Rusiyaya yüksək texnologiyalı məhsul satışını qadağan edib.
Müvafiq qərar Yaponiya hökumətinin saytında dərc olunub. Qərara görə, Rusiyaya kvant kompüterləri, 3D printerlər, elektron mikroskop və sair avadanlıqlar satmaq qadağan olunur. Qadağa Ukraynadakı vəziyyətlə izah edilir.
M.HACIXANLI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə