Ən son xəbərlər
Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Uzun illərin ayrılığından sonra ikici bahardır ki, mədəniyyət paytaxtımız Şuşada, dünyada bənzəri olmayan Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalından “Əziz Şuşa, biz qayıtmışıq” nidasına qarışıb yayılan muğamı, musiqi sədalarını bütün dünya eşidir. Sülhün, əmin-amanlığın simvoluna çevrilən bu möhtəşəm tədbir Qarabağın, Şuşanın əsl sahibinin kim olduğunu əyani surətdə nümayiş etdirir, ölkəmizin haqq səsini–“Qarabağ Azərbaycandır” deyimini təsdiqləyir, ecazkar musiqi dili ilə beynəlxalq aləmə mənəvi-siyasi mesajlar ötürür. “Xarıbülbül” festivalında xarici ölkələrin musiqiçilərinin, rəqs kollektivlərinin, həmçinin respublikamızın folklor qruplarının diqqətçəkən çıxışları Qarabağın–Azərbaycanın bu qədim yurd yerinin xalqlar arasında dostluq və qardaşlıq məkanına, barış məkanına çevrildiyindən xəbər verir.
Cıdır düzü də, 270 illik bir ömür yaşayan Şuşa da qəsbkarın tapdağı altında olduğu zaman sınmadı, əyilmədi, aurasını, ruhunu itirmədi. Televizya ilə festivalı izləyərkən Prezident İlham Əliyevin mədəniyyət paytaxtımızla bağlı söylədiyi fikirlər xatırlandı: “Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu”.
Yeri gəlmişkən, bu məqamda onu da qeyd edək ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dönəmində milli ruhun yüksək səviyyədə reallaşması üçün çox böyük işlər görmüşdü, eyni zamanda, doğma Qarabağa, Azərbaycanın incisi sayılan Şuşaya sevgisinin ifadəsi olaraq, mühüm layihələr gerçəkləşdirmişdi...
Təəssüf ki, dövlətimizin başçısının vurğuladığı kimi, o zaman heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bu tarixi şəhərimiz işğal altında qalacaq, tarixi abidələrimiz, məscidlərimiz, Vaqifin məqbərəsi dağıdılacaq. Azərbaycan xalqının çoxəsrlik irsi Qarabağ diyarından silinməyə məruz qalacaq.
Əslində, ermənilər bu vandallıqları törətmək üçün bir fürsət gözləyirmişlər. Belə bir məqam isə ulu öndərimizin Moskvaya getməsindən sonra yarandı. Prezident İlham Əliyevin dediyi kimi, “əgər Heydər Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya təyin etməsəydilər, heç vaxt burada separatizmin baş qaldırılmasına imkan verməzdi: “Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altında idi, Kəlbəcər işğal altında idi, Laçın işğal altında idi, Daşaltı işğal altında idi, bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı”.
Xalqımız Şuşa işğal altında olduğu uzun bir zaman ərzində bu əzəli-əbədi şəhərimizin azadlığa qovuşacağı ümidini heç vaxt itirmədi, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra isə bu ədalətsizliyin, haqsızlığın bir sonu olacağına dərindən inandı. Dahi şəxsiyyət xalqımıza Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacağını bildirdi, istila olunan Şuşanın, eləcə də digər şəhər və kəndlərimizin yağı əsarətindən xilas ediləcəyinin fəaliyyətində prioritet istiqamət olduğunu vurğuladı: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Ulu öndərimizin bu müqəddəs istəyinə qovuşmasına ömür macal vermədi. Bu arzu 23 il sonra gerçəkləşdi, Prezident, Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Düşmən əsarətindəki torpaqlarımızı, o cümlədən Şuşa şəhərini yağı caynağından xilas etdi, üçrəngli bayrağımızın Qarabağda əzəmətlə dalğalanması kimi müqəddəs istəyi reallaşdırdı.
Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşa azadlığa qovuşandan sonra, 2021-ci il yanvarın 14-də bu şəhərdə üçrəngli bayrağımızın ucaldılması mərasimindəki çıxışında dedi: “Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar”.
Dövlətimizin başçısı bu çıxışından dərhal sonra erməni faşizminin dəhşətli dağıntılara məruz qoyduğu azad edilən bütün ərazilərimizdə, eləcə də Şuşada genişmiqyası bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsinə start verdi. Ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzur tikinti meydanına çevrildi. Şuşa tarixin ən şərəfli yeni inkişaf, tərəqqi mərhələsinə daxil oldu. Şəhərdə infrastrukturun qurulması ilə yanaşı, bu məkanın əsl tarixi simasının bərpası yönündə mühüm layihələr gerçəkləşdirilməsinə, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıldı, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin reallaşması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirildi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı.
Qısa zaman ərzində Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə - Şuşa şəhər mərkəzi meydanına qaytarıldı, “Xan qızı” bulağı bərpa edildi, görkəmli Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi yenidən quruldu. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyuldu. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edidi. Şuşada yeni məscidin və Daşaltı məscidinin təməli qoyuldu.
Şəhərdə hazırda da bərpa-quruculuq işlər sürətlə aparılır. Bununla bərabər, mədəniyyət paytaxtımızda Şuşa ənənələri davam etdirilir, mədəni-kütləvi tədbirlər keçirilir. “Xarıbülbül” festivalı artıq yuxarıda vurğuladığımız kimi, işğaldan sonra ikinci dəfədir ki, Qarabağın sevincinə sevinc qatır, dünyaya sülh, barış mesajları ötürür. Bu təntənə beynəlxalq aləmdə bütöv bir xalqın arzu-istək və mübarizə, həmçinin zəngin mədəniyyət nümayişi kimi diqqət çəkir. Bu musiqi-sənət törəninin bərpası həm də bəşəriyyətə Qarabağın da, Şuşanın da, kədərli, eyni zamanda, qürur doğuran tarixlərə şahidlik edən Cıdır düzünün də Azərbaycanın əzəli və əbədi sahibi olduğunu təsdiq edir.
Yazının sonunda bir məsələni də xatırlatmaq istərdik. Dövlətimizin başçısı ötənilki festivalın açılış mərasimində -“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, – demişdi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının reallaşdırılması da Azərbaycan Prezidentinin həmin fikirlərinin əyani təsdiqidir.
Yeri gəlmişkən, mədəniyyət paytaxtımızda “Xarıbülbül” festivalı ilk dəfə məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.
1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.
1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.
Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmadı. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirildi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsindən sonra ənənəvi “Xarıbülbül” festivalı yenidən Şuşa şəhərində təşkil edildi. Ötən il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak etdilər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə