Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADA Universiteti ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Müasir dövrün tələblərindən irəli gələrək prokurorluq orqanlarının prioritet fəaliyyət istiqamətlərindən olan peşə hazırlığının və tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi, ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir. Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan ADA Universiteti ilə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi xüsusi önəm kəsb edir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, mayın 12-də ADA Universitetinin Hüquq proqramının direktoru Rəşad İbadovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub.

Qonaqlar Baş Prokurorluğun yeni inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.

Eyni zamanda, Mərkəzin əməkdaşları tərəfindən qonaqlara Baş Prokurorluğun elektron kitabxanasının, “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sisteminin və distant tədris platformasının təqdimatı da keçirilib.

Tədbirin yekununda ADA Universiteti ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandum hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və müəllimlərin Baş Prokurorluğun struktur bölmələrində və tabe prokurorluqlarda təcrübə keçməsi, birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin təşkili, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.

13 May 2022 12:53 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə