Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın bərpası ölkəmizin həm sülh niyyətini, həm də potensialını göstərir

Bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bundan sonra da ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqı­nın təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən, mənəvi əzab içində yaşa­mış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytara­cağıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra Azərbaycanın işğaldan azad edilən ərazilərində erməni vəhşilərinin törətdikləri vandal əməllər bu gün adamı dəhşətə gətirir, erməni faşizminin, vəhşiliyinin miqyası işğalçının dağıtmaq, talan etmək xislətini aydın göstərir. Ermənilərin guya qədim tarixə, zəngin mədəniyyətə malik olmaları haqda mifin əsassızlığı da bu vandallıqlardan əyani şəkildə nəzərə çarpır. Onların “mədəniyyəti”, mədəni irsə münasibəti yerlə-yeksan edilən şəhər və kəndlərin, yaşayış evlərinin, dağıdılan məzarların, məscidlərin fonunda açıq-aşkar görünür.

Bəli, uzun illər davam edən işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində şəhər və kəndlərimiz tamamilə dağıdılıb, Azərbaycan xalqına məxsus daşınmaz tarixi və mədəniyyət abidələri yerlə bir edilib, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdı­lan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Düşmən məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətini ortaya qoyub.

Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda işğalçı­nın dağıtdığı, xaraba qoyduğu yaşayış məntəqələrində genişmiqyası bərpa-quruculuq işləri gündən-günə sürətlənir, bütün torpaqlarda həyat bərpa olunur.

Hazırda düşməndən təmizlənən torpaq­larda infrastrukturun yaradılması, vaxtilə mövcud olmuş magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm daşıyır. Çünki bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini şərtləndirir. Ona görə də bu gün işğaldan azad edilən ərazilərdə yol infrastuktu­runun qurulmasına xüsusi önəm verilir. Xudafərin–Qubadlı–Laçın, Şükürbəyli–Cəbrayıl–Hadrut, Ağdam–Füzuli, Əhmədbəyli–Füzuli–Şuşa, Əhmədbəyli–Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Kəlbəcər–Laçın, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yollarının inşası da sürətlə da­vam etdirilir.

Bu il ərzində Füzuli–Hadrut, Hadrut–Tuğ–Azıx mağarası, Bərdə–Ağdam, Qu­badlı–Eyvazlı, Qubadlı–Mahmudlu–Yazdü­zü–Ermənistan sərhədi, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun salınması, Talış–Tapqa­raqoyunlu–Qaşaltı–Naftalan avtomobil yo­lunun istifadəyə verilməsi də planlaşdırılır.

Burada onu da qeyd edək ki, yol infrastrukturunun qurulması zamanı ən çox diqqət yetirilən məsələlərdən biri yeni çəkilən magistralların daha əlverişli marşrutla keçməsi, məsafə baxımın­dan daha səmərəli olması, bunun isə vətəndaşların daha rahat gediş-gəlişinə, beynəlxalq yükdaşıma məsələlərinin həllini tapacağına əlverişli şəraitin yaradılması ilə bağlıdır.

Yol infrastrukturunun yaradılması ilə bağlı nəzərdə tutulan layihələr təkcə sadalananlarla kifayətlənmir. Dəmir yolu­nun salınmasına da xususi önəm verilir. Xatırladaq ki, hazırda Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır və gələn il tam istismara veriləcəyi nəzərdə tutulur. Şübhəsiz ki, bu, həm vətəndaşların, həm də beynəlxalq yükgöndərənlərin çox əlverişli bir infrastrukturla təmin olunacaq­larını şərtləndirir.

Xatırladaq ki, Ağdam və Füzu­li şəhərlərinin Baş planları da artıq təsdiqlənib və onların əsasında bəzi infrastruktur layihələrinin, habelə yaşa­yış məhəllələrinin təməli qoyulub. Bun­dan başqa, hər bir rayonda kəndlərin də bərpasının planlı şəkildə aparılacağı nəzərdə tutulub. Dövlətimizin başçısı çıxışlarının birində bu məsələyə toxunaraq, yaşayış məntəqələrində tikinti layihələrinin kortəbii deyil, planlı və sistemli şəkildə aparılmasının, hər bir kəndin Baş planı­nın hazırlanmasının zəruriliyini xatırladıb: “Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq”.

İşğaldan azad olunan ərazilərimizdə turizm infrastrukturunun yaradılması, oradakı mədəni tarixi abidələrin tanıdılma­sı ilə bağlı layihələrin icrası da diqqətdə saxlanılır. Həmçinin turizm potensialının öyrənilməsi, qiymətləndirilməsi və turizm inkişaf konsepsiyalarının hazırlanmasına da xüsusi önəm verilir.

İndiyədək düşməndən təmizlənən ərazilərdə turizmin inkişafı ilə bağlı Re­gional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb. Sözügedən strategiya layihəsinin istiqamətləri müvafiq olaraq “Azərbaycan Respublikasının işğal­dan azad edilmiş ərazilərinin 2022-2026-ci illər üzrə bərpası və dayanıqlı inkişafı üzrə Dövlət Proqramı” layihəsinə inteqrasiya edilib.

Mədəniyyət paytaxtımız Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Burada inşa olunan otellər qonaqların qalmaları və rahat istirahət etmələri üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin fəaliyyətə başlaması şəhərin turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayacaq.

Şuşada çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq lazımi infrastrukturun yaradılmasına, o cümlədən, otellərin inşasına start verilib. Ötən ilin mayında “Xarıbülbül” oteli, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclər, avqustda isə “Qarabağ” otelinin yenidənqurmadan sonra açılışı reallaşıb.

Hazırda Şuşanın bərpası konsepsi­yasında şəhərin turizm potensialı nəzərə alınaraq buna uyğun infrastrukturun yara­dılması davam etdirilir. Belə obyektlərdən biri də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri çərçivəsində ərazisində olduqları və bərpası həyata keçirilən “Shusha Boutique Hotel”dir. Burada şəhərə səfər edəcək ziyarətçilərin rahatlığı üçün hər cür şəraitin yaradılacağı, 13 otaq və kiçik restoranın qonaqların ixtiyarına veriləcəyi nəzərdə tutulur.

Bununla yanaşı, Şuşa şəhərinin, turizm potensialına malik Daşaltı və Tuğ kəndlərinin, Hadrut qəsəbəsinin turizm in­kişaf konsepsiyaları hazırlanıb. Həmçinin, “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli və Xocavənd” bir günlük turlarının ilkin layihəsi işlənilib. Artıq bu layihə əsasında sayt vasitəsilə Şuşaya və Ağdama turların təşkilinə başlanılıb.

Turizmin Şuşanın iqtisadiyyatında xü­susi yer tuturdu. “Turşsu” yaylaqları, “Səkili bulağı”, “İsa bulağı”, “Şəmilin bulağı”, “Cı­dır düzü” turizm baxımından həmişə diqqət çəkirdi, 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi.

Qarabağ regionunda turizm və rekrea­siya zonalarının yaradılması istiqamətində Xocavəndin Hadrut qəsəbəsi, Tuğ, Ağbu­laq, Şəkər yaşayış məntəqələri, Kəlbəcərin İstisu qəsəbəsi, Şuşanın Daşaltı, Zülfüqar­lı, Lex və Qamışlı, Qubadlının Bərgüşad və Zəngilannın Qaragöl kəndlərinin müəyyən əraziləri turizm və rekreasiya zonaları üçün müəyyənləşdirilib. Bu ərazilərə dair ilkin təqdimat sənədi hazırlanıb və aidiyyəti dövlət qurumlarına ərazilərin inkişaf planla­rında nəzərə alınması üçün təqdim olunub. Tərtər rayonunun Suqovuşan qəsəbəsinin region üzrə rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərinin yaradılması istiqamətində turizmin inkişafı ilə bağlı konseptual inkişaf planı hazırlanıb.

Bütövlükdə bu regionlar turizmin müxtəlif növlərinin – eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inki­şafı üzrə zəngin resurslara, geniş imkanla­ra malikdir. Məsələn, Laçın və Kəlbəcərin unikal relyef müxtəlifliyi burada həm yay, həm də qış turizminin perspektivlərini artırır. Kəlbəcər rayonu Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı regi­onal ərazilərdən biri hesab edilir. Buranı müalicəvi turizm istiqamətində inkişaf etdirmək nəzərdə tutulur.

Mütəxəssislərin sözlərinə görə, təkcə Kəlbəcərin “İstisu” mənbəyi bu rayona turistlərin böyük axınına səbəb olacaq. Eləcə də bölgənin tarixi abidələri, uca dağları, yaşıl meşələri, gur çayları buranı turistlər üçün cəlbedici məkana çevirəcək.

İşğaldan azad edilən Suqovuşan qəsəbəsində də Turizm İnkişaf Konsep­siyası əsasında turizm kompleksi yara­dılır. Hazırda burada ərazi minalardan təmizlənir, dağıdılmış tikililərin qalıqları yığışdırılır, abadlıq işləri görülür.

Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salı­nacaq, oturacaqlar, söhbətgahlar quraşdı­rılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.

Turizm İnkişaf Konsepsiyasına əsasən su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması planlaşdırılır. İlkin olaraq 5 hektar ərazidə istirahət parkı, onun içərisində piyadaların gəzintisi üçün ərazilər, Turizm İnformasiya Mərkəzi, qayıqla gəzinti üçün platformalar yaradıla­caq. Bundan əlavə, su anbarının ətrafında ictimai iaşə obyektlərinin, qonaqlama müəssisələrinin yaradılması üçün zonalar ayrılacaq. Suqovuşanın girişində olan körpünün ətrafında Tərtərçayın boyunca istirahət düşərgəsinin yaradılması planlaş­dırılır.

Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində bölgənin elektrik enerjisi təchizatı da diqqətdə saxlanılıb. “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarıms­tansiyaları, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib.

Onu da qeyd edək ki, enerji infrastrukturunun yaradılması innovativ həllər əsasında reallaşdırılaraq, dayanıqlı, tam rəqəmsallaşdırılmış enerji sistemi yaradılır. Yeni yarımstansiyalar “Azərenerji”nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilir və birbaşa mərkəzdən idarə edilməsi həyata keçirilir. Bütün bu müasir layihələr isə Prezident İlham Əliyevin “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında 19 aprel 2021-ci il tarixli sərəncamı əsasında icra edilir.

Yeri gəlmişkən, mayın 10-da dövlətimizin başçısının açılışında iştirak etdiyi “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi də innovativ həllər əsasında qurulub.

Adı çəkilən ASC-nin sədri Vüqar Əhmədovun məlumatına əsasən, yeni mərkəzin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılacaq, texnoloji itkilər minimu­ma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalan­masının mənfi təsiri azaldılacaq, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar ediləcək, xidmətin keyfiyyəti yaxşılaşdırı­lacaq. Bununla yanaşı, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları da genişlənəcək.

İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

13 May 2022 03:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə