Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda həyata keçirilən tədbirlər Böyük qayıdışın real təcəssümüdür

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatların sürətləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərə Böyük qayıdışın ən yüksək səviyyədə təmin edilməsi üçün bu torpaqlarda bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırılır. Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanda 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da olması, kommunikasiya xətlərinin bərpası, vaxtilə mövcud olmuş magistralların yenidən qurulması və yeni yolların çəkilməsi istiqamətində mühüm addımlar atılması düşməndən təmizlənən torpaqların tezliklə yeni görkəm alacağından xəbər verir.

Artıq bir ildən çoxdur ki, Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri gedir, bütün torpaqlarda həyat bərpa olunur.

Əlli minlik sakini olacaq Füzuli şəhəri bu gün gözləniləndən daha sürətlə bərpa olunur. İşğaldan azad olunan ərazilərimizdə ikinci “Ağıllı kənd”in də şəhərin yaxınlığında yerləşən Dövlətyarlı kəndində inşa ediləcəyi nəzərdə tutulur. Bu yaşayış sahəsində vacib infrastruktur qurulacağı planlaşdırılır. Əslində, kəndin Zəngilan rayonunun Ağalı kəndindəki bi­rinci “Ağıllı kənd”dən daha böyük olacağı, 1500-ə yaxın evi əhatə edəcəyi gözlənilir.

Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsinin təməli ötən il oktyabrın 17-də qoyulub. Yaşıl və alternativ enerjinin, “Ağıllı idarəetmə” sisteminin reallaşdırıla­cağı “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçasının tikilməsi, kəndin ətrafında “ağıllı kənd təsərrüfatı” sahəsi yaradılma­sı, beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olmaları üçün bütün zəruri işlər həyata keçirilməsi plan­laşdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Füzuli şəhərində peşə liseyinin və 180 çarpayılıq rayon mərkəzi xəstəxanasının təməlinin qoyulması mərasimlərində iştirak etmələri, yeni yara­dılacaq parkda ağac əkmələri də bu qədim yurd yerimizdə tikinti-quruculuq prosesinin yeni mərhələyə daxil olmasından xəbər verir.

Yeri gəlmişkən, qeyd edim ki, rayonun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində indiyədək mühüm layihələr icra edilib. Füzuli Beynəlxalq Hava Limanı ən qısa müddətdə beynəlxalq standartlara uyğun olaraq qurulub. Horadiz–Ağbənd dəmir yolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli–Hadrut, Füzuli–Şuşa Zəfər yollarının inşa edilməsi də bu torpaqlarda məskunlaşmanın qısa zaman ərzində gerçəkləşəcəyini şərtləndirib.

Bütün sadalanan işlər Füzulinin tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyduğunu göstərir və gülüş və həyatın uzun zaman işğalda qalan bu şəhərə tezliklə qayıdacağından xəbər verir.

Burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdim. Füzuli və digər işğal­dan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra, təxminən, 5 milyard manata yaxın yeni dəyər qazandıracaq. Bu isə ölkə iqtisadiyyatının təqribən 8 faiz əlavə olaraq formalaşmasına imkan verəcək. İnfrastrukturun qurulması və məskunlaşma prosesindən sonra isə artıq işğaldan azad edilən ərazilərimizin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesi başlayacaq. Bununla da iqtisadiy­yatımızın yeni inkişaf mərhələsinin əsası qoyulacaq.

Sonda onu da bildirim ki, torpaqlarımı­zın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi prosesi hazırda davam etdirilir. Prosesə xarici ekspertlər, eyni zamanda, müxtəlif təşkilatlar cəlb olunub. Xarici metodologiya əsasında qiymətləndirmə həyata keçirilir. Son məlumatlar göstərir ki, dəymiş ziyanın ümumi məbləğinin hesablanması ilə bağlı işlər sürətlə gedir.

Əldə edilmiş nəticələr isə növbəti mərhələdə dəymiş ziyanın konpensasi­ya edilməsi və təzminatın ödənilməsi ilə bağlı məsələnin beynəlxalq müstəviyə çıxarılmasına imkan verəcək. Şübhə etmirəm ki, Ermənistan Azərbaycana təzminat ödəməyə məcburdur və İrəvan bu prosesdən boyun qaçıra bilməyəcək.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı

13 May 2022 03:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə