Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xarıbülbül” festivalı – Şuşadan dünyaya humanizm mesajı

Şuşa bizim üçün yalnız yaşayış məskəni və ərazi anlamı daşı­mır. Şuşa və xüsusilə, Xarıbülbül milli-mənəvi simvol olaraq hər bir azərbaycanlı üçün yüksək dəyər və müqəddəslik etalonudur. Şuşa Qafqazın milli konservatoriyası olmaqla yanaşı, həm də bütövlükdə türk dünyasının ortaq mədəniyyət mərkəzi kimi tanınır. Xarıbülbül isə 44 günlük Vətən savaşının şəhidlik və zəfər çələnginə çevrilmişdir.

Ali Baş Komandan, Prezi­dent İlham Əliyevin iştirakı ilə Şuşada V “Xarıbülbül” Beyəlxalq Folklor Festiva­lının keçirilməsi sıradan bir mədəniyyət hadisəsi deyil. Bu, həm də Azərbaycanın bütün dünyaya musiqi dolu humanizm mesajıdır. Bu, həm də onu bildirir ki, bizim kimsənin torpağında gözümüz yoxdur, biz bütün xalqlara, onların adət- ənənələrinə, dəyərlərinə hörmətlə yanaşırıq. Ölkəmizin apardığı siyasət ədalət üzərində qurulub. Azərbaycan multikultural dəyərləri, insanların mədəni müxtəlifliklərini qoruyan, respublikamız­da yaşayan bütün xalqların inanc və əqidələrinə dözümlü yanaşan nümünəvi ölkələrdəndir. Qarabağın azadlığı sevincinə qarışan keçənilki və builki mu­siqi festivallarında da ölkəmiz bu tolerant­lıq ənənəsinə sadiq qalaraq, multikultu­ral təhlükəsizliyin mükəmməl Azərbaycan modelini ortaya qoydu.

Ölkə başçısının əziz və unudul­maz Heydər Əliyevin doğum günündə işğaldan azad olunmuş ərazilərə səfər etməsi, sürətli bərpa-quruculuq işləri ilə yaxından tanış olması, in­şası nəzərdə tutulan layihələrin təməlqoyma mərasimində iştirakı müasir Azərbacanın qurucusu ulu öndərə həm də bir vətəndaşlıq borcu idi. Şübhəsiz ki, biz ümummilli liderin dərin dövlətçilik strategiyası, mükəmməl siyasi kursu ilə daha güclü və yenilməz Azərbaycanı qura bildik.

Prezident İlham Əliyev mayın 10-da “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciətində də ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönü­mü günündə bura, azad edilən Qara­bağa mütləq gələcəyini və buna əməl etdiyini diqqətə çatdırdı: “Ulu öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqla­ra, doğma torpaqlarımıza əbədi qayıtmı­şıq və burada əbədi yaşayacağıq”.

Ölkə rəhbəri müraciətində, həmçinin bu gün Qarabağın dirçəldiyini, bu bölgədə genişmiqyaslı quruculuq-bərpa işlərinin sürətlə getdiyini xatırladaraq, işğal dövründə düşmən tərəfindən bütün şəhər və kəndlərimizin yerlə-yeksan olunduğunu, bütün tarixi abidələrimizin dağıdıldığını, Qarabağın, Qafqazın incisi olan Şuşa kimi şəhərin bərbad hala qoyulduğunu vurğuladı. Dövlət başçı­sı daha sonra fikrini davam etdirərək, bizim – bu torpaqların sahiblərinin artıq qayıtdıqlarını, bunu bu torpağın, bu səmanın gördüyünü bildirdi.

Onu da xatırladım ki, xalqa atalıq missiyasını şərəflə yerinə yetirən, bizi bir yumruq altında birləşdirməyə nail olan dahi Heydər Əliyevin arzusu, bizə miras qoyduğu işıqlı idarəçilik yolu ilə işğaldan azad olunmuş torpağımızda, Şuşa şəhərində, “Şuşa ili”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festi­valı hamımız üçün son dərəcə qürürveri­ci hadisədir.

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bütün dünyaya xalqımı­zın mədəniyyətini, sülhpərvərliyini, millətlərin barış və anlaşma eşqi ilə yaşamaq arzusunu nümayiş etdirir. Bir zamanlar işğalçının xaraba qoyub cinayət yuvasına, zülmətə çevirdi­yi Azərbaycan şəhəri Şuşa bu gün dünyaya mədəniyyət işığı saçır. Biz azərbaycanlıların böyüklüyü də elə budur!

Rəşad MAHMUDOV,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

 

13 May 2022 03:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə