Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qırmızı planet”in cənub qütbündəki buz kütlələri hərəkət edir

Bəşər tarixi yaranan gündən insan oğlu daim ətraf aləmi öyrənib, araşdırıb və bu tədqiqatlar getdikcə daha da təkmilləşib. Uzun əsrlər boyu alimlər Yerdən uzaqda yerləşən planetləri, ulduzları və müxtəlif növ göy cisimlərini xüsusi durbinlər vasitəsilə müşahidə ediblər. Son yüzillikdə isə alimlər planetləri və fəza cisimlərini kənardan müşahidə etməklə kifayətlənməyərək daha müfəssəl və geniş məlumatlara malik olmaq üçün planetlərə kosmik tədqiqat peykləri və canlı missiya göndərməyə cəhd göstərdilər.

Məhz bu inkişafın nəticəsi olaraq ABŞ və keçmiş SSRİ Aya ayaq basan ilk ölkələr kimi tarixə düşdülər. Hazırda keçmiş SSRİ-nin varisi Rusi­yanın və ABŞ-ın bayraqları Ay səthində dalğalanır.

Yerdən kənarda həyatın olub olmamasını öyrənməyə çalışan ölkələrin sırası isə ildən-ilə genişlənir. Artıq bir sıra ölkələr– Hindistan, Yaponiya, Çin və s. özləri müstəqil və ya yuxarıda adıçəkilən ölkələrlə əməkdaşlıq çərçivəsində Ay və Mars planetlərinə kosmik tədqiqat peykləri göndərirlər.

Qeyd edək ki, Mars planetinə ən çox kosmik tədqiqat peyki və elmi-tədqiqat missiyası ABŞ tərəfindən göndərilib. Bildirilir ki, “Qır­mızı planet”də baş verənləri diqqətlə izləyən Amerika Pla­net İnstitutunun mütəxəssisləri planetin cənub qütbündə yerləşən buz kütlələrində hərəkətlilik müşahidə ediblər.

Amerikalı planetoloq İsaak Smit bildirib ki, təxminən 600 min il əvvəl Marsın cənub qütbündə quru buz örtüyü əmələ gəlməyə başlayıb. O deyib: “Əgər heç yerə tərpənməsəydi, o zaman hündürlüyü təxminən 45 metr olardı. Reallıqda Marsın qütb buzları tədricən düzənliklərə sürüşür və bunun nəticəsində bəzi bölgələrdə buz kütləsinin qalınlığı bir kilometri keçir”.

İnstitutun alimləri “Qırmızı planet”in indiki cənub qütb qapağının əmələ gəlməsinin Antarktidada və Yer kürəsinin dağlarının yamaclarında buzun hərəkətini idarə edən eyni fiziki prosesləri əhatə etdiyinə dair ilk sübut aşkar ediblər.

Alimlər iddia edirlər ki, Marsın fırlanma oxunun meyl bucağı zamanla kifayət qədər güclü şəkildə dəyişir. Bu, ek­vatorial və subpolar enliklərin qəbul etdiyi istilik miqdarında kəskin dəyişikliklərə səbəb olur, nəticədə, qütblərin iqlimi çox dəyişir. Alimlər qeyd edirlər ki, bir neçə milyon il əvvəl oxşar dəyişikliklər Marsın qütb bölgələrinin yaxın geoloji keçmişə nisbətən daha soyuq olmasına səbəb olub. Nəticədə, Marsın cənub qütbündə temperatur o həddə düşüb ki, orada donmuş kar­bon qazından ibarət quru buz əmələ gəlməyə başlayıb.

İsaak Smit və həmkarları Günəş sistemindəki dör­düncü planetin kompüter modelindən istifadə edərək, onun dəyişən iqlimini dəqiqliklə təkrarlayaraq, bu “ikiqat” qütb qapağının formalaşmasını təkrarlamağa çalışıblar.

Hesablamalar göstərib ki, Marsın indiki cənub qütb qa­pağı, əvvəllər alimlərin hesab etdiyi kimi, atmosferdən CO2-nin su buz yataqlarının səthinə vahid çökməsi nəticəsində yarana bilməzdi. Bunun lehinə, xüsusən də ən böyük quru buz yataqlarının Arktikanın ən yüksək və cənub bölgələrində deyil, Arktika dairəsinə yaxın düzənliklərdə cəmlənməsi faktıdır.

Digər tərəfdən, Smith və həmkarları Marsın cənub qütb qapağının təsvirlərində çoxlu sayda relyef forması, o cümlədən, sıxılmış dağ silsilələri və buzlaq hövzələri tapıblar.

Elçin ABBASOV,

“Xalq qəzeti”

5 May 2022 01:07 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə