Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan metallurgiyası: uğurlar və inkişaf perspektivləri

Mütəxəssisin tribunası

Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “Modern materialşünaslıq” III Beynəlxalq Elmi Konqresində Azərbaycandan dəvət olunmuş gənc elmi araşdırmaçı Ramin Kərimovun “Metallizləşdirilmiş xammallardan istifadə etməklə elektrik qövs sobalarında (EQS) polad istehsalı” mövzusunda elmi məruzəsinin xüsusi maraq doğurması haqqında xəbər fikri­mi 2000-ci ilin əvvəllərinə apardı. O vaxt Azərbaycanın metallur­giya sənayesinin yeni uğurlar dövrü başlamışdı.

Bu gün sorağı Londondan gələn Ramin Kərimov onda Azərbaycan Texniki Universitetinin metallurgiya fakültəsini təzəcə bitirib gənc mütəxəssis kimi işə dəvət almışdı. 25 yaşında poladəritmə sexinin rəisi vəzifəsinə təklif ediləndə buna ağız büzənlər də olmuşdu. Amma zaman hər şeyi yerinə qoydu. Çox keçmədi ki, Raminin rəhbərlik etdiyi əritmə sexi ilk dəfə olaraq sutkalıq istehsalı 800 tondan 1200 tona çatdırdı.

İndi Londonda konqres iştirakçılarının və elm adamlarının böyük marağına səbəb olan məruzənin müəllifi Ramin Kərimov uzun illərdir ki, yeni innovativ texnologiyaların öyrənilməsi və onun istehsalatda tətbiqi ilə məşğuldur, 60-a yaxın elmi məqalənin, 1 ixtiranın və 1 elmi monoqrafiyanın müəllifidir. Onun patentləşdirdiyi və istehsal etdiyi bimetallik yayma valları bu gün ölkəmizin metallurgiya sektorunda çeşidli yayma dəzgahlarında armatur istehsalında istifadə olunmaqdadır. Ramin müəllim ötən il texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir. Eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində materialşünaslıq və emal texnologiyaları kafedrasının müəllimidir. Onunla söhbətə də iştirakçısı olduğu beynəlxalq tədbirdəki məruzəsindən başladıq.

– Bu gün Azərbaycanın metallurgiya sənayesindən Londonda danışılır. Böyük uğurdur, təbrik edirik...

– Çox sağ olun, doğrudan da, böyük ənənələri olan Azərbaycan metallurgiya sənayesi müasir mərhələdə də yeni uğurları ilə özünü təsdiq edir. Əvvəla, qeyd etməliyəm ki, böyük strateji əhəmiyyəti olan metallurgiya sənayesinin inkişafı və yenidən qurulması ümummilli lider Heydər Əliyevin iqtisadi siyasətinin töhfəsidir. Yaxşı bilirsiniz ki, regionun ən böyük metallurgiya müəssisəsi də ulu öndərin xeyir-duası ilə həyata vəsiqə alıb. Təvazökarlıqdan uzaq olmasın, mənim beynəlxalq statuslu tədbirə dəvətim də, oradakı elmi və praktiki əhəmiyyətli məruzəm də bu uğurdan güc alıb.

Zaman da sübut etdi ki, bütün uğurlarımızın başında dövlətimizin dəstəyi və davamlı, uğurlu siyasəti dayanır. Bunsuz, nə torpaqlarımızın işğaldan azad edilməsi, nə tarixi qələbəmiz, nə də digər böyük uğurlarımız olardı. Bu siyasət məhz qara metallurgiyanın strateji mövqeyini də təmin və təsdiq etdi. Mənim məruzəm də burada aparılan praktik işlərin bəhrəsidir. İndi dəmir filizindən alınan xammaldan (HBİ, DRİ) qənaətli əritmədə istifadə dünya metallurgiyasında ən aktual mövzulardandır. Elektrik qövs sobalarında polad əritmə daha çox resurslara qənaəti təmin etməklə, səmərəliliyin artırılmasında xüsusi rol oynayır. Nəzərə alsaq ki, bu üsul Daşkəsən dəmir filizi yataqlarının işlənməsində və istehsalın elmi əsaslarla təşkilində də böyük önəm daşıyır.

– Londandakı çıxışınız elmi fəaliyyətinizin nəticəsidir, həyata keçirdiyiniz digər layihələr haqqında nə deyərdiniz?

– Karyeramın əsas dəst-xəttini metallurgiya sahəsindəki uğurlarım təşkil edir. Bu fəaliyyətin əsas bir hissəsi elmi fəaliyyətimlə əlaqəlidir və fəxrlə deyə bilərəm ki, bu işləri bu gün də uğurla davam etdirməkdəyəm. Azərbaycanda metallurgiya sənayesinin inkişafı və daha da güclənməsi bir mütəxəssis kimi mənim üçün ümdə məsələlərdəndir. Bu sahədə son zamanlar əldə olunan uğurlar və iqtisadi göstəricilər davamlı olaraq dövri mətbuatın da gündəmində olmuşdur. İndi Azərbaycan metallurqları müxtəlif markalardan (karbonlu, legirli və s.) dairəvi pəstahlar istehsal edərək daha yüksək keyfiyyətli poladları da dünya bazarına çıxarmaq iqtidarındadır. Bunu xüsusi olaraq ona görə qeyd etdim ki, bu, Azərbaycan metallurgiyası üçün çox böyük önəm kəsb edir. Fasiləsiz pəstahtökmə maşınında maye metalın səviyyəsini saxlamaq məqsədilə tam avtomatlaşdırılmış proses həyata keçirilir. Operator və tökücü heyət yalnız prosesə kənardan nəzarət edirlər. Bu, Azərbaycan metallurgiyasında çox böyük nailiyyətdir.

Bundan əlavə, qeyd etmək istərdim ki, 2012–2014-cü illərdə Birləşmiş Ərəb Əmirliyinin Fujeyra şəhərində yerləşən, illik istehsal gücü 1 milyon ton olan metallurgiya zavodunun tikintisinə və işə salınmasına, həmçinin 2017–2018-ci illərdə Qazaxıstanın Aktau şəhərində yerləşən “Aktau Steel” zavodunun azərbaycanlı mühəndislərlə birlikdə yenidən işə buraxılmasına və istismara verilməsinə də rəhbərlik etmişəm. Azərbaycan metallurgiyasında yenilik olan ferroərintilər istehsal edən və Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Baku Non Ferrous and Foundry Company” zavodunun ideya müəllifi olmaqla yanaşı, onun layihələndirilməsi, tikintisi və işə buraxılmasına rəhbərlik etmişəm. Azərbaycanda tikişsiz, qoruyucu və ümumi təyinatlı borular istehsal edən “Azərboru” zavodunun yenidən qurulmasına rəhbərlik etmək də mənə nəsib olmuşdur.

– İş həyatınız ilə bağlı yadınızda qalan hansısa bir hadisədən danışmaq istərdinizmi?

– Açıq desəm, iş həyatımda belə hadisələrin sayı o qədərdir ki, heç bilmirəm hansından başlayım?! Ancaq 2016-cı ilin 13 oktyabrında cənab Prezidentimiz İlham Əliyevin Bakıda oksigen zavodunun açılışında iştirak etməsi bu hadisələrin ən yaddaqalanıdır. Dövlət başçısı həmin gün polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış oldu və sonra zavodu işə salan düyməni basdı. Qürurla deyə bilərəm ki, möhtərəm Prezidenti polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış edən mən olmuşam. 2018-ci ilin 16 noyabrında Sumqayıt şəhərində Ferroərintilər zavodunun açılışında da yenidən cənab Prezidentlə görüşmüşəm və orada da dövlət başçısına zavodla bağlı məlumat vermişəm.

– Bir mühəndis və metallurq alim kimi ölkə metallurgiyasının bu günü və gələcəyi ilə bağlı nə düşünürsünüz?

– Azərbaycan metallurgiyası böyük tarixə malikdir. Yaxın keçmişdə ildə 800 min ton polad və 550 min ton hazır məhsullar olan müxtəlif təyinatlı tikişsiz borular (nasos kompressor, qazma, qoruyucu və ümumi təyinatlı borular) istehsal edən Sumqayıt Boru yayma zavodu başda olmaqla bir sıra digər polad və çuqun tökmələr istehsal edən müəssisələrlə yanaşı, elektrik mühərrikləri, soyuducular, məişət kondisionerləri, polad yastıqlar, nasos kompressorları istehsalı zavodları və bir sıra iri maşınqayırma müəssisələri ölkəmizin ağır sənayesinin inkişafına təkan verməklə, bu sektora böyük töhfələr vermişdir. Bu zavodların böyük əksəriyyəti ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə tikilmişdir. Kondisioner zavodunun çox böyük çətinliklə Bakıda tikilməsinə nail olan ümummilli lider Heydər Əliyev digər belə böyük zavodların da ölkəmizdə tikilib- istismara buraxılmasında misilsiz xidmətlər göstərmişdir. Lakin təəssüflər olsun ki, sonralar bu zavodlar uzun illər tənəzzül dövrünü yaşadı və əksəriyyəti fəaliyyətini dayandırdı.

2001-ci ildə ulu öndərin təşəbbüsü və dəstəyi sayəsində metallurgiya sənayesinin yeni inkişaf dövrü başladı. Bu gün Azərbaycanda, ümumilikdə, illik polad istehsalı, təxminən, 500 min tondur. Bu, 10 milyon əhalisi olan ölkənin bölgədə ixrac imkanları baxımından kiçik rəqəmdir. Yaxın gələcəkdə ölkəmizdə illik polad istehsalının, ən azı, 2 milyon tona çatdırılması, Azərbaycanın ağır sənayesinin inkişafı üçün çox vacibdir və bu rəqəm getdikcə artırılmalıdır.

–Bunun üçün imkanlar varmı?

–Ölkəmizdə polad istehsalının artırılması potensialı çox böyükdür. Önəmli olan odur ki, yalnız inşaat armaturu deyil, bir sıra başqa polad məmulatlarının istehsalını da həyata keçirmək lazımdır. Əsas ana xətti isə salıb, blum pəstahlar və müxtəlif polad təbəqələrin istehsalı təşkil edilməlidir. Xammal kimi Daşkəsən dəmir filizi yataqlarından istifadə etməklə, bu zəncirvari metallurgiya kompleksinin yaradılması çox önəmlidir.

Qeyd etmək istərdim ki, ötən il ümumilikdə dünyada polad istehsalı 1.95 milyard ton olmuşdur ki, onun da bir milyard tonu Çinin payına düşür. Qardaş Türkiyə Respublikası ötən il polad istehsalını 40 milyon tona çatdırmışdır. İranda isə bu rəqəm 20 milyon tona çatmaqdadır. Bu onu göstərir ki, biz də yeni metallurgiya zavodlarının quraşdırılmasına başlamalıyıq. Güclü iqtisadiyyatın təməli metallurgiyanın inkişafından keçir və bu da öz növbəsində maşın və avadanlıqlar istehsalı sahələrini ayağa qaldıracaqdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış sənaye parkları, eləcə də metallurgiya və maşınqayırma zavodları güzəştli və ya gecə-gündüz tarifli elektrik enerjisi ilə təmin edilsə, bu sahədə enerji tutumlu istehsal sahələrinin yaradılması üçün böyük imkanlar var. Azərbaycanda mövcud olan kobalt, molibden yataqlarının istismara başlanması ilə yeni son məhsullar istehsal etmək mümkündür. Ölkəmizdə mövcud olan yataqlarda vanadium pentoksiddən istifadə etməklə ferrovanadium materialının istehsalının təşkili mümkündür.

Növbəti mərhələdə isə qardaş Türkiyədən əsas xammal olan bor filizinin alınması ilə ferrobor, karbidbor və nikkel filizinin istifadəsi ilə də ferronikkel istehsalını təşkil etmək olar. Bu materialların istehsalı metallurgiyanın ən üst səviyyəsidir.

Belə ferroərintilərin bu gün dünya bazarında 1 tonunun qiyməti 30–150 min ABŞ dollarıdır. Bu məhsulların istehsalı enerji tutumlu olduğundan, istifadə olunacaq enerjinin qiymətinin ucuz və sabit olması çox önəmlidir. Ümumiyyətlə, elektrik enerjisi məsələsindən danışarkən qeyd etmək istərdim ki, bu sahədə dövlətin yatırım yükünü azaltmaq üçün ucuz və sabit elektrik enerjisi istehsal edə bilən özəl sektorun yaradılması çox vacibdir. Elektrik enerjisi istehsal edən müasir stansiyaların qurulması ilə, təxminən, təbii qaz sərfini 30–40 faiz azaltmaq mümkündür. Qənaət olunan bir neçə milyard kubmetr təbii qazdan isə Azərbaycanın inkişaf etməkdə olan ağır sənayesində istifadə etmək və xarici ölkələrə ixrac etmək olar.

Yaxın gələcəkdə Xəzər dənizinin suyundan istifadə etməklə, onun tərkibindəki duzu təmizləmək və elektroliz üsulu ilə suyun parçalanmasından hidrogen (H2) əldə etmək mümkündür. Alınan hidrogendən həm də metallurgiya kombinatında dəmir filizindən oksigenin reduksiyasında və digər sahələrdə təbii qazı əvəzləmək üçün də istifadə etmək mümkün olacaqdır. Bütün bunlar öz növbəsində ölkəmizə böyük həcmdə xarici valyutanın gətirilməsinə və yeni iş yerlərinin açılmasına səbəb olar.

Azərbaycanda silisium karbid, yarımkeçiricilərdə istifadə olunan metallik silisium və qrafit elektrodlarının istehsalının da yaradılması önəmlidir. Bütün bu sadaladığım məhsulların əksər xammalları Azərbaycanda mövcuddur. Bir çoxlarında isə bərpa-reduksiya reaksiyasında ölkəmizdə mövcud olan neft koksunun istifadəsi mümkündür. Qeyd etdiyim yeni sahələrin texnoloji planları və zavodların baş planları da hazırdır.

Digər vacib məsələlərdən biri də yerli kadrların hazırlanmasıdır. Burada da ölkəmizin böyük potensialı var və həmçinin xaricdə təhsil proqramının tətbiqi də bu sahədə geniş imkanlar yaradır.

– Çox sağ olun, Azərbaycan metallurgiyasının inkişafı yolunda əməli və elmi fəaliyyətinizdə sizə yeni uğurlar arzulayırıq.

Namiq QƏDİMOĞLU,

“Xalq qəzeti”

29 Aprel 2022 00:26 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə