Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə MÜRACİƏTİ

 

Zati-aliləri!

Dünya Azərbaycanlılarının V Qurultayının təşkilində göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə bütün qurultay iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. Tədbirin Azərbaycanın mədəniyyət paytaxtı Şu­şada keçirilməsinin xüsusi əhəmiyyəti və rəmzi mənası vardır. Biz bu tarixi hadisənin iştirakçısı olmaqdan şərəf duyuruq.

Vətən müharibəsindəki möhtəşəm Qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazı­laraq, hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxmış milli birlik, rəşadət və qəhrəmanlıq salnaməsidir. İftixar hissi ilə bəyan edirik ki, məhz Sizin müdrik rəhbərliyiniz və qətiyyətli siyasətiniz nəticəsində Azərbaycan dövləti və xalqı bu sınaqdan alnıaçıq, üzüağ çıxmışdır.

Azərbaycan Respublikasının ərazi bü­tövlüyünün bərpa edilməsi, torpaqlarımızın Ermənistan tərəfindən 30 il boyunca davam etmiş işğalına son qoyulması Sizin apardığı­nız uğurlu daxili və xarici siyasətin, müasir və güclü ordu quruculuğu istiqamətində gördü­yünüz misilsiz işlərin bəhrəsidir. Məhz Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu erməni millətçilərinin 200 illik “dənizdən-dənizə böyük Ermənistan” xülyasını və Ermənistan ordusunun məğlubedilməzliyi mifini darmadağın edərək bu neofaşizm təzahürünə ağır zərbə vurdu. Vətənimiz və xalqımız qarşısında müstəsna xidmətlərinizi dünya azərbaycanlıları hər gün dərin minnətdarlıq duyğuları ilə anırlar.

Möhtərəm cənab Prezident!

Dünya azərbaycanlılarının son qurulta­yından ötən dövr ərzində diaspor quruculuğu sahəsində mühüm işlər görülmüş, ciddi uğurlar əldə edilmişdir. Sizin tapşırıq və tövsiyələrinizə uyğun şəkildə diaspor təşkilatlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olunmuş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyət həyatına in­teqrasiyası və onların ictimai-siyasi fəallığının artırılması sahəsində mühüm layihələr həyata keçirilmişdir. Azərbaycana dost münasibəti bəsləyən xalqların müxtəlif ölkələrdəki mil­li icmaları və diaspor təşkilatları ilə əlaqələr dərinləşdirilmişdir.

Xaricdə yaşayan azərbaycanlılara və diaspor təşkilatlarına dəstəyinizə görə Sizə minnətdarıq. Dünya azərbaycanlıları Sizin inamlı və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycanın müstəqil dövlət kimi dün­ya siyasi səhnəsində öz yerini daha da möhkəmləndirməsindən və qlobal proseslərin fəal iştirakçısına çevrilməsindən qürur duyur. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, işğaldan azad olunmuş ərazilərimizi qısa zamanda bərpa edəcək, yenidən abadlaş­dıracaq və gözəlləşdirəcəkdir.

Sizi əmin edirik ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və tanıdıl­ması, dövlətimizin maraqlarının təmin olunması və mənafelərinin müdafiəsi naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanmaları üçün bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik.

Bir daha bəyan edirik ki, dünya azərbaycanlıları Zati-alinizin Azərbaycanın tərəqqisinə, milli birliyimizin və həmrəyliyimizin möhkəmləndirilməsinə yönəlmiş siyasətini yekdilliklə dəstəkləyirlər.

Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə xalqımızı hədsiz qürurlandıran siyasətinizin Azərbaycanı bundan sonra da davamlı inkişaf yolu ilə daha firavan gələcəyə aparacağına əminik.

Bu müqəddəs yolda Sizə yeni-yeni uğurlar arzulayırıq.

Müraciət Dünya Azərbaycanlılarının V Qurultayında qəbul edilmişdir

Azərbaycan Respublikası, Şuşa şəhəri, 23 aprel 2022-ci il

27 Aprel 2022 23:44 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə