Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

İnsanların rahat yaşaması naminə

Bakı gözəl şəhərlərdən biri kimi gündən-günə inkişaf edir. Paytaxtda gedən quruculuq-abadlıq işləri onu hazırda dünya­nın əsrarəngiz şəhərlərindən birinə çevirib. Paytaxtımız bu gün özünəməxsus yaşıl parklar, bağlar şəhəridir.

Dənizkənarı Milli Park, Filarmoniya bağı, Fəvvarələr meydanı, Zabitlər parkı, Sahil bağı, Xaqani bağı, Səməd Vurğun bağı, Zorge parkı, “Koala Park” əyləncə mərkəzi, Dədə Qorqud parkı, Qış parkı, ümummilli lider Heydər Əliyevin adını daşıyan çoxsaylı parklar, Aka­demik Zərifə Əliyeva adına park və digər istirahət məkanlarının sayı kifayət qədərdir. “Sovetski” adlandırılan ərazidə, köhnə, yöndəmsiz evlərin sökülərək yerində – 20 hektar ərazidə salınmış abad park həm quruluşuna, yerləşdiyi əraziyə, həm də dizaynına görə görənləri hey­ran edir. Heydər Əliyev Mərkəzinin, Konqres Mərkəzinin önündə, vaxtilə Səttarxan zavodu­nun yerində, 20 hektar ərazidə salınmış park da göz oxşayır, şəhərə xüsusi yaraşıq verir.

Şəhərin gözəlliyindən danışarkən bu abadlığı yaradanların işini xüsusi qeyd etməliyik. Çünki Bakını gözəlləşdirən təkcə geniş əraziləri əhatə edən parklar və bağlar deyil. Eyni zamanda, binaların, həyətlərin, səki və küçələrin təmizliyi, səliqə-sahmanı, abadlığı da şərtdir.

Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində ulu öndər Heydər Əliyevin bü­tün dövrlərdə həyata keçirdiyi çox böyük işlər, qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.

Bu gün ölkədə ciddi əməli işlər görülüb, milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb, yaşıllıqların miqyası isə ildən-ilə daha da artırılıb. Hara baxırsan, göz oxşayır, yenilik görürsən, saf ab-hava duyursan, zövq alırsan.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıq­ların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr, həyətlərin abadlaşdırılması, orada uşaqlar və yaşlılar üçün həm əyləncə, həm istirahət yerlərinin yaradılması sakinlər tərəfindən məmnunluqla qarşılanır.

Prezident İlham Əliyevin də istədiyi, məhz, budur. Vətəndaş rahat yaşasın, yaxşı istirahət edə bilsin, onun normal həyat şəraiti olsun.

Avqustun 4-də Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olarkən, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya parkda yara­dılacaq şərait barədə məlumat verildi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısının tapşırığına uyğun olaraq, meşə tipli yeni parkın layihəsinin hazırlandığını bildirdi. Dörd hektar sahəni əhatə edən ərazinin əvvəllər zəbt olunduğunu, Prezidentin müdaxiləsindən sonra bu prosesin dayandırıldığını və bu torpaqların dövlət fonduna qaytarıldığını xatırlatdı. Layihəyə görə, parkda yaradılacaq uşaq meydançası, fitnes və kafe zonalarının olacağını vurğuladı.

Qeyd etmək lazımdır ki, o ərazi rayonlardan Bakı istiqamətinə şəhərin girişi sayılır. Orada yerləşən binaların köhnəlmiş xarici görünü­şü heç bir standarta uyğun gəlmir və ona görə binaların kompleks şəkildə təmir edilməsi çox vacib məsələdir. Eyni zamanda, burada, Alatava adlanan ərazidə müxtəlif ölçülərdə tikilən fərdi evlər də şəhərin görkəminə gözəllik qatmır. Cənab Prezident Eldar Əzizovla söhbətində dedi: “...O vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edil­sin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin”.

Hazırlanmış layihəyə görə, bu parkda insan­ların asudə vaxtlarını keçirmələri üçün lazım olan şəraitin yaradılması, parkın təbii olması nəzərdə tutulur. Çünki, burada xeyli hündürmərtəbəli bina­lar, eyni zamanda fərdi tikililər var. O binalarda, fərdi evlərdə minlərlə insan yaşayır və nəzərdə tutulur ki, şəhər içində sanki kiçik bir meşə yara­dılsın. Ona görə də planlaşdırılıb ki, burada təbii landşafta maksimum üstünlük verilməlidir. Dövlət başçısı bildirdi ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqların olması lazımdır. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etməlidir, əlavə ağaclar əkilməli və insanların gəlib burada rahat istirahət edə bilmələri, dincəlmələri üçün şərait yaradılmalıdır.

Ərazinin abadlaşdırılması burada yaşayanların hamısının ürəyincə olan qərardır. Çünki, nəinki yay olanda, hətta, ilin bütün fəsillərində insanlar həyətə çıxmaq, təmiz hava almaq istəyirlər. Amma bu yaşıllıq olan ərazi parka çevrilsə, skamyalar qoyulub, uşaqlar üçün karusellər gətirilsə, yəqin ki, ətraf mikrorayonlardan da bura istirahətə axın olacaq. Çünki burada neçə illər öncə əkilmiş şam ağacları üstünlük təşkil edir. Və oksigen zənginliyi bu parkda daha çox hiss olunacaq. Bu ərazinin parka çevrilməsi, uşaqların, elə yaşlıların da istirahət edə biləcəyi uyğun bir məkan olacaq.

Hamımız yaxşı xatırlayırıq ki, bu ərazidə bir vaxtlar yolu qarşı tərəfə keçmək də, həm maşın, həm də piyadalar üçün təhlükəli idi. Uşaqları yo­lun əks tərəfindəki mikrorayonlardakı məktəblərə, bağçalara apararkən, işə gedərkən insanlar yolu təlaşla keçirdilər. Sağ olsun, dövlət başçımızı ki, burada belə böyük yerüstü keçidin inşasının həyata keçirilməsi ilə bağlı tapşırıq verdi və indi hər kəs bu keçiddən çox rahatlıqla, təhlükəsiz şəkildə istifadə edir.

Burada salınacaq park isə həm ərazi baxı­mından, həm orada olan şam ağaclarının çoxluğu baxımından, yəqin ki, ətraf mikrorayonların sakinlərinin də diqqətini cəlb edəcək. Sosial xa­rakterli bu layihənin icrası ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin yüksək səviyyədə təşkil edilməsinə şərait yaratmaqla yanaşı, paytaxtın ekoloji vəziyyətinin də yaxşılaşdırılmasına da töhfə verəcək.

Arzu BAĞIROVA,
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

13 Августа 2020 03:27 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə