Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Rusiya rəsmiləri Bakı Slavyan Universitetində olublar

Rusiya rəsmiləri Bakı Slavyan Universitetində olublar

Azərbaycanda səfərdə olan “Vahid Rusiya Gənc Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının (Молодая Гвардия Единой России) nümayəndə heyəti sentyabrın 28-də Bakı Slavyan Unversitetində (BSU) qonaq olub. Qonaqlar universitetin “Arzu” rəqs ansamblının təqdimatında slavyan xalqlarının, Türkiyə və Azərbaycanın milli rəqslərindən ibarət bədii kompazisiya ilə qarşılanıblar.

Görüş zamanı universitetin rektoru, professor Nurlana Əliyeva BSU-nun yaranma tarixi barədə qonaqlara məlumat verərək Azərbaycanda, o cümlədən rəhbərlik etdiyi ali təhsil ocağında rus dilinin tədrisi və təbliğinin mühüm yer tutduğunu qeyd edib. Rusiya ilə Azərbaycan arasında əlaqələrin Ulu Öndər Heydər Əliyev prinsipləri əsasında qurulduğunu və bu gün daha da inkişaf etdiyini deyən N.Əliyeva hər iki ölkə arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salıb. N.Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ölkələrimiz arasında elmi, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərinə, yüksək hazırlıqlı mütəxəssislər yetişdirilməsi üçün müvafiq şəraitin yaradılmasında göstərdiyi qayğıya görə 2001-ci ildə BSU-nun Fəxri doktoru adı verildiyini bildirib. Rektor uzun illər Azərbaycan xalqının rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olmasını, eyni zamanda Azərbaycan ədəbiyyatının və mədəniyyətinin rus dili vasitəsilə dünyaya çıxdığını vurğulayıb. O, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirdiyini və Rusiya Federasiyası ilə dostluq münasibətlərini daha da inkişaf etdirdiyini diqqətə çatdırıb. Rektor Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çıxışlarında Bakı Slavyan Universitetinin Azərbaycanla  Rusiya arasındakı humanitar əlaqələrdə xüsusi rol oynaması barədə fikirlərini xatırladıb. Bildirib ki, universitetin əsas amalından biri də bu etimadı doğrultmaqdır. N.Əliyeva rusistikanın ən yaxşı ənənələrini Qafqaz regionunda qoruyub saxlamağa və inkişaf etdirməyə qadir olan Bakı Slavyan Universitetində hazırda Sankt-Peterburq və Moskva mərkəzlərinin olduğunu, həmin şəhərlərdə isə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mərkəzlərin fəaliyyət göstərdiyini qeyd edib.

 “Vahid Rusiya Gənc Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının Tatarıstan regional şöbəsinin rəhbəri Dinar Bariyev öz növbəsuində Bakı Slavyan Universitetində rus dili və onun tədrisinə xüsusi diqqət ayrıldığına görə universitetin rəhbərliyinə minnətdarlıq edib. Dinar Bariyev Azərbaycan Respublikası ilə Rusiyanın Federasiyasının beynəlxalq əlaqələrindən,  bu ölkələrin gəncləri ilə yaxından əməkdaşlıq etmək üçün imkanların geniş olmasından söz açıb.

Sonra qonaqlar universitetdəki Sankt-Peterburq və Moskva mərkəzləri ilə yaxından tanış olublar. Moskva mərkəzində aparılan söhbət zamanı F.Dostoyevski, A.Çexov və L.Tolstoyun yubileyləri ilə bağlı BSU-da silsilə tədbirlərin təşkili barədə müzakirələr aparılıb.

Qonaqları YAP Gənclər Birliyinin sədri Seymur Orucov, sədr müavini Ramin Məmmədov və YAP Gənclər Birliyinin digər nümayəndələri müşaiyət ediblər.

Tədbirin davamında rusiyalı qonaqlar BSU-da rus dili ixtiası üzrə təhsil alan tələblərlərlə görüşüblər. Görüş çərçivəsində BSU-da fəaliyyət göstərən “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının rəhbəri, professor  Flora Naciyeva qonaqlara jurnalın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. F.Naciyeva qeyd edib ki, jurnal ölkəmizdə rus ədəbiyyatı və mədəniyyətinin xalqımızın ictimai-mədəni həyatında yerini, xalqlarımız arasında tarixi və müasir əlaqələri və s. məsələləri əhatə edir, gündəmdə saxlayır. Professor deyib: “Təsadüfi deyil ki, yüksək elmi səviyyəyə malik bu dövri nəşr Azərbaycan və Rusiyanın elm və təhsil mərkəzlərinə, dövlət orqanlarına, elm və mədəniyyət xadimlərinə, slavyan ölkələrinin universitetlərinə göndərilir”.

Tədbir çərçivəsində Moskva mərkəzinin fəaliyyətini əks etdirən qısa video-çarx nümayiş olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 Октября 2018 12:05 -

Ən son xəbərləri səhifəmizdən də izləyin