Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rasselin etimadnaməsini qəbul edib. 
Arxiyepiskop Pol Fitzpatrik Rassel fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Pol Fitzpatrik Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsi ilə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd etdi ki, biz bu günə kimi Roma Papası Fransiskin Azərbaycana səfərinin təəssüratı altındayıq. Prezident İlham Əliyev həmin səfər zamanı Roma Papası Fransisklə keçirdiyi görüşləri, eləcə də özünün Vatikana səfərini məmnunluqla xatırladı. Roma Papası Fransiskin ölkəmizə səfərini tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizdə olarkən Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşünün önəmini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, bu yaxınlarda Roma Papası Fransiskin xanım Mehriban Əliyevanı qəbul etdiyinə görə minnətdarlığını çatdırdı və qeyd etdi ki, bu görüş xanım Mehriban Əliyevada dərin təəssürat hissi yaradıb. Prezident İlham Əliyev salamlarını və ən xoş arzularını Roma Papası Fransiskə çatdırmağı xahiş etdi. Münasibətlərimizin yaxşı tarixə malik olduğunu və bir çox sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, mədəniyyət sahəsindəki əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır və bu əməkdaşlığımız həm ikitərəfli münasibətlərin yaxşı əlamətidir, eyni zamanda, mədəniyyətlərarası və sivilizasiyalararası qlobal prosesin mühüm elementlərindən biridir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və əminik ki, əlaqələrimiz bundan sonra da möhkəmlənəcək. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki,  arxiyepiskop Pol Fitzpatrik Rassel fəaliyyəti müddətində münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən arxiyepiskop Pol Fitzpatrik Rassel Vatikan ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğuladı. O, bir neçə həftə bundan əvvəl Roma Papası Fransisklə görüşdüyünü qeyd edərək bildirdi ki, həmin görüş zamanı Papa Fransisk Azərbaycana səfərini məmnunluqla xatırladı və eyni zamanda, xoş hisslərlə xanım Mehriban Əliyevanın səfərini gözlədiklərini qeyd etdi. 
Dövlətimizin başçısı bildirdi ki, xanım Mehriban Əliyeva Papa Fransisklə görüşünün çox səmimi və dostluq şəraitində keçdiyini deyib. Prezident İlham Əliyev bunun əməkdaşlığımızın yaxşı göstəricisi olduğunu qeyd edərək bildirdi ki, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri  bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər. 
Arxiyepiskop Pol Fitzpatrik Rassel Prezident İlham Əliyevin fikirlərinə tam şərik olduğunu bildirərək, öz növbəsində, qeyd etdi ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında, bir nümunədir.

AZƏRTAC

5 Oktyabr 2018 01:14 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Ən son xəbərləri səhifəmizdən də izləyin