Rəhbəri güclü olan xalqı çətinliklər qorxuda bilməz

20 Aprel
23:26

Möhtərəm Prezidentimiz İlham Əliyev keçirdiyi son müşavirələrdə bir daha qeyd etmişdir ki, Azərbaycan hökuməti üçün vətəndaşların sağlamlığı bütün məsələlərdən üstündür. Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan ölkə başçısı qazanılan nailiyyətlərdən bəhs edərkən hər zaman böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Elə bunların nəticəsidir ki, bu gün Azərbaycanda Prezident xalqına, xalq isə öz liderinə böyük etimad və məhəbbət bəsləyir. Hər bir addımını xalqın mənafeyinə uyğun atması ölkə başçısının insanların gözündə daha da ucaldır.

Son vaxtlar cənab Prezidentin pandemiya ilə mübarizəyə həsr olunan bütün çıxışlarını diqqətlə dinləyirəm. Doğrudan da, möhtərəm Prezidentimiz xalqımızın bu bəladan xilas olması üçün çox ciddi tədbirlərin həyata keçirilməsini təmin edib.

Yeni xəstəxanalar tikilir, onlar ən müasir avadanlıqlarla təmin olunur, bu xəstəliyə qarşı mübarizə üsul­ları öyrənilir. 600 min aztəminatlı vətəndaş dövlət tərəfindən yardım alır, nə qədər tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilir, sahib­karlara dövlətdən yardım edilir. Bunlar hamısı cənab Prezidentin həyata keçirdiyi iqtisadi islahatların nəticəsində mümkün olmuşdur.

Dövlət başçısının iş qrafiki nə qədər gərgin olsa da, o hər zaman xalqın marağını üstün tutaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Azərbaycan xalqı da həmişə öz liderinə güvənib, eyni zamanda, ona dayaq olub. Mən mətbuatda, sosial şəbəkələrdə vətəndaşlarımızın Prezidentə ünvanladığı məktub və teleqramları izləyirəm. Bir daha əmin oluram ki, xalqımız öz liderinə inanır, onun siyasətini dəstəkləyir.

Bu gün Prezidentimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan pandemiya­dan az zərər çəkən ölkələr sırasın­dadır. Bunu Nazirlər Kabineti yanın­da yaradılan Operativ Qərargahın məlumatları da təsdiqləyir.

Mən bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətləri də insanlarımızda müsbət əhval-ruhiyyə yaradıb. Həmin müraciətlərdə de­yilır ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu pandemiyanın öhdəsindən gələcəyik.

Bu günlər evdə qalıb, işləmək, istirahət etmək üçün şərait yara­nıb. Mən bütün vətəndaşlarımıza müraciətlə deyirəm: Evdə qalın, özünüzü və ətrafınızı bu bəladan qoruyun. İnanıram ki, qara bulud­lar tezliklə dünyamızın üstündən çəkiləcək və həyat yenidən öz axarı­na düşəcək.

Bahar CƏFƏROVA,
filologiya elmləri doktoru, professor, Əməkdar müəllim

bölməsi