→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Xarici xəbərlər (05.02.2012)

Yunanıstan
Nazirin açıqlaması
2009-cu ildən Yunanıstan vətəndaşları banklardakı hesablardan 65 milyard avro çıxarıblar. Açıqlamanı ölkənin maliyyə naziri Yevanqelos Venizelos verib. O bildirib ki, həmin vəsaitin yalnız 16 milyardı xaricə köçürülüb.
Xəbəri Röyter agentliyi verib.

Rusiya
İnflyasiya ilə bağlı proqnoz
2012-ci ildə Rusiyada inflyasiya 5-5,5 faiz təşkil edə bilər. Bu açıqlama ilə iqtisadi inkişaf naziri Elvira Nabiullina çıxış edib. Qeyd edək ki, keçən il ölkədə inflyasiya səviyyəsi 6,1 faiz olmuşdu.
Məlumatı RİA "Novosti" verib.

Gəlir artıb
Keçən il dövlət neft-qaz kompaniyası "Rosneft" 12,5 milyard dollar təmiz gəlir əldə edib. Bu, 2010-cu illə müqayisədə 20 faiz çoxdur. Maliyyə göstəricisinin yüksəlməsi ilk növbədə hasilatın və emal həcminin artması ilə izah edilib.
İnformasiyanı "İnterfaks" agentliyi verib.

Çin
Pekin birincidir
Dünyada ən yüksək sürətlə artan ofis bazarı Pekindədir. Bu, CW kompaniyasının apardığı tədqiqatdan bəlli olub. Bildirilib ki, 2011-ci il ərzində Çinin paytaxtında ofislərin icarə qiymətləri 75 faiz artıb.
Xəbəri Sinxua agentliyi verib.

Qətər
Rəsm 250 milyon dollara satıldı
Pol Sezannın "Kart oyunçuları" rəsmi hərracda 250 milyon dollara satılıb. Əsərin Qətərin kral ailəsi tərəfindən alındığı bildirilib. Bu, tarixdə hərracda satılan ən bahalı incəsənət əsəridir.
Məlumatı CNN verib.

Böyük Britaniya
Ən bahalı bank brendi
Dünyada ən bahalı bank brendi (ticarət nişanı) HSBC-dir. Bu bankın dəyəri 25,6 milyard dollar səviyyəsində qiymətləndirilir. İkinci və üçüncü yerlərdə ABŞ-ın Welles Fargo (23,2 milyard dollar) və Bank of America (22,9 milyard dollar) gedirlər.
İnformasiyanı BBC yayıb.

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

 

 

5 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar