→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Suriyanın Homs şəhəri atəş altındadır

Fevralın 7-də Suriya ordusu Homs şəhərini yenidən artilleriya atəşinə tutub ("Sky News"). 
Artıq şəhərin mühasirəsi bir neçə gündür ki, davam edir. Suriya müxalifətinin dayaq nöqtəsi sayılan Homsun artilleriya atəşinə tutulması barədə ilk xəbər fevralın 4-də yayılıb. Şəhərin atəşə tutulduğu ilk gün 200-dən çox adam həlak olub. Fevralın 6-da isə artilleriya atəşi zamanı Homsun 97 sakini öldürülüb, yüzlərlə adam yaralanıb.
Öncə rəsmi Dəməşq Homsun artilleriya atəşinə tutulmasına aidiyyətini inkar edib və baş verənlərə görə məsuliyyəti yaraqlıların üzərinə qoyub. Lakin sonradan Əsədin nümayəndələri bildiriblər ki, şəhərdə antiterror əməliyyatı keçirilir ("İnterfaks").
Artıq dünyanın bir sıra liderləri Homsda dinc fsakinlərin qətlə yetirilməsini pisləyiblər. ABŞ Prezidenti Barak Obama isə Bəşər Əsədin istefasını tələb edib. ABŞ Böyük Britaniya və Belçika səfirlərini Dəməşqdən geri çağırıb. Britaniya XİN-i Suriyanın Londondakı səfirini quruma çağıraraq, rəsmi Dəməşqin dinc sakinlərə qarşı yol verdiyi zorakılığa görə kəskin etirazını bildirib ("Reuters").
Dünyanın bir çox şəhərlərində Əsəd rejiminin əleyhdarlarının nümayişləri keçirilib. Nümayişlər zamanı fəallar Suriya səfirliklərinə hücum ediblər.
Xatırladaq ki, fevralın 4-də BMT Təhlükəsizlik Şurası Suriyada qan tökülməsinin dayandırılması haqqında qətnaməni müzakirəyə çıxarsa da, Rusiya və Çin sənədin qəbuluna əngəl törətmişdi. Suriya müxalifəti, eləcə də Qərb dövlətləri Moskva və Pekinin hərəkətini sərt şəkildə tənqid etməkdə davam edirlər. Fevralın 7-də isə Rusiya XİN-nin başçısı Sergey Lavrovun Suriyada Bəşər Əsədlə görüşməsi gözlənilirdi.
Xatırladaq ki, 2011-ci ilin əvvəlindən Suriyada başlamış antihökumət nümayişləri ordu ilə müxalifət arasında qanlı toqquşmalara gətirib çıxarıb. Nəticədə 6 minə qədər dinc sakin və min hərbçi münaqişənin qurbanı olub.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

8 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar