→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Suriyada qanlı döyüşlər gedir

Suriyada vəziyyət artıq günbəgün yox, saatbasaat pisləşir. Ölkədə faktiki olaraq qanlı döyüşlər gedir. Xarici KİV-lər döyüşlərin artıq paytaxt Dəməşqin ətrafında baş verdiyini yazırlar.
Bəli, Suriyadan çox ziddiyyətli xəbərlər yayımlanır. Müxalifət fəallarının verdiyi məlumata görə, hökumət qüvvələri Prezident Bəşər Əsədin iqamətgahı yaxınlığında istehkam qurmağa çalışan üsyançıları ərazidən çıxarmaq üçün Dəməşq ətrafında bir neçə rayonda hücum həyata keçiriblər.
"Amerikaınn səsi" xəbər verib ki, Suriya rejimini müdafiə edən əsgərlər tanklar və zirehli texnikanın müşayiəti ilə paytaxtın şərq hissəsindəki rayonlarda "Azad Suriya" ordusunun üsyançılarına qarşı döyüşlər aparır. Dünən döyüşlər zamanı mülki vətəndaşlar və üsyançılar daxil olmaqla paytaxtda 12 nəfər həlak olub. Bütün ölkə üzrə həlak olanların sayı onlarladır.
Suiryanın təhlükəsizlik qüvvələrinin də itkiləri çoxdur. Suriyanın dövlətə məxsus "SANA" xəbər agentliyi Dəməşq yaxınlığında hərbçiləri daşıyan avtobusun keçdiyi yolun kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində altı əsgərin öldüyü və altı əsgərin də yaralandığı haqqında məlumat verib. Agentlik gün ərzində üsyançılarla döyüşlər nəticəsində təhlükəsizlik qüvvələrinin 23 üzvünün öldüyünü bildirib.
İki gün əvvəl isə Suriya rəsmiləri Livanla sərhəddə yerləşən Telkalax yaşayış məntəqəsi yaxınlığında boru kəmərinin partladılmasına görə "terrorçu qrupları" günahlandırıblar. Ötən ilin mart ayından Prezident B.Əsəd hökumətinə qarşı baş qaldıran etirazlardan bəri boru xətləri dəfələrlə hücumlara məruz qalıb. Lakin hücumların kim tərəfindən həyata keçirildiyi məlum deyil.
Qeyd edək ki, Suriya hökuməti xarici jurnalistlərin ölkədə azad şəkildə fəaliyyətini qadağan edib. Bu səbəbdən bu ölkədəki zorakılıqlar və tələfatlar barədə məlumatların müstəqil mənbələr tərəfindən təsdiq edilməsi mümkün deyil. BMT-nin dekabr ayında açıqladığı məlumata görə, Suriyada iğtişaşlar başlayandan 5400-dən çox adam həlak olub. Lakin BMT rəsmiləri keçən həftə bildiriblər ki, məlumatların əldə edilməsi çətin olduğuna görə, ölənlərin sayı bundan sonra hesablanmayacaq.
Ərəb Liqası Suriyada zorakılıqalara son qoyulmasına dair yeni plan hazırlayıb. Liqanın rəhbəri Nabil Ərəbi bu planı Qətərin baş naziri Şeyx Həməd əl-Tani ilə bərabər BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcəyini bildirib. Xatırladaq ki, Qətərin baş naziri Suriyadakı vəziyyəti monitor edən komitəyə rəhbərlik edir. Siyasi təhlilçilər bu qənaətdədirlər ki, Körfəz ölkələrinin məqsədi Suriya böhranının həllinə dünya birliyini cəlb etməkdir.
Rəsmi Moskva da Suiryadakı hadisələri diqqətdə saxlayır. Rusiyanın Xarici İşlər Nazirliyi Suriya hökumətinin müxalifətlə danışıqlar təklifinin müzakirəsi məqsədilə Moskvaya heyət göndərməyə razılıq veridiyini bildirib. Nazirliyin bəyanatında deyilir ki, Rusiya müxalifətin də hökumətlə müzakirələr təklifini qəbul edəcəyinə ümid bəsləyir. Lakin Suriya müxalifətini təmsil edən Milli Şuranın sözçüsü Rusiyada keçiriləcək danışıqlara rəsmi dəvət almadıqlarını bildirib.
Bu arada Misir qəzetləri Suriyadan sensasiyalı xəbərlər yayımlayıb. Belə ki, yanvarın 29-da axşam Prezident Bəşər Əsədin ailəsi ölkəni tərk etmək istəyib, lakin üsyançılar buna imkan verməyiblər. Qeyri-dəqiq məlumatlara görə, Suriyanın təhlükəsizlik xidmətinin əməkdaşları dövlət başçısının arvadı Asmu Əsədi, uşaqlarını və bir yaxın qohumunu Dəməşqdən çıxarmağa cəhd ediblər. Avtomobil karvanı Dəməşqin hava limanına tərəf hərəkət edib. Orada müxalifət tərəfdarları maşın karvanına hücum ediblər. Nəticədə maşın karvanı geriyə - prezident iqamətgahına qayıdıb.
Son məlumatlara görə, dünən axşamadək Dəməşq ətrafında hakimiyyət qüvvələri ilə üsyançılar arasında silahlı qarşıdurma davam edib. Döyüşlərdə hansı tərəfin üstünlük əldə etməsi barədə isə ziddiyyətli məlumatlar dolaşır.

Mahmud QƏZƏNFƏROĞLU, Qəzənfər QASIMOV, "Xalq qəzeti"

1 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar