→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Soyuq Folklənd müharibəsi

Argentina Britaniyadan narazıdır. Şahzadə Uilyamın Folklənd adalarında hərbi xidmətə yollanması rəsmi Buenos-Ayresi narahat edir. İngilislər cəmi altı həftə sürəcək xidmət prosesində gizli niyyətin olmadığını israrla bildirsələr də, Argentinanın Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda şahzadənin səfəri "istilaçı" kimi qiymətləndirildi. Argentinalılar hesab edirlər ki, Britaniya hökuməti belə addımlarla "yeni müharibə riskini artırır". Siyasi müşahidəçilər isə deyirlər ki, aprelin 2-dək, yəni Folklənd müharibəsinin 30-cu ildönümünün qeyd edilməsinə qədər belə bəyanatlar hələ çox səsləndiriləcək.
Sual oluna bilər: Böyük Britaniya ilə Argentina arasında yeni müharibə başlaya bilərmi? Suala cavab verməzdən öncə münaqişənin tarixinə qısaca nəzər yetirmək lazımdır. Argentinanın şərq sahillərindən 400 kilometr uzaqlıqda yerləşən Folklənd adaları (argentinalılar ərazini Malvinas adlandırırlar) 1833-cü ildən etibarən Böyük Britaniyanın idarəçiliyi altındadır. Lakin rəsmi Buenos-Ayres iki əsas adadan və təqribən 300-dək daha kiçik adalardan ibarət olan arxipelaqa iddia edir. Arxipelaqın 1592-ci ildə Magellan Esteban Qomes tərəfindən aşkar olunduğunu iddia edən argentinalılar Folklənd (Malvinas) adaları üzərində Britaniya suverenliyini tanımırlar.
Əslində, aidiyyəti olduqca mübahisəli olan adaların kəşfinə portuqaliyalılar, ispanlar və ingilislər də iddia edirlər. Məsələn, ingiltərəli səyyah Con Devisin adaları 1592-ci ildə gördüyü bildirilir. Ancaq adaların ilk dəfə təqribən 1600-cü ildə hollandiyalı səyyah Sebald Veerdt tərəfindən kəşf edildiyi də indiyədək müzakirə mövzusu olaraq qalır. Bununla belə, 1690-cı ildə adaya ayaq basmış şəxsin ingiltərəli kapitan Con Stronqun olduğu mübahisə edilmir. C.Stronqun iki əsas ada arasındakı kanala britaniyalı dənizçi Viskont Folkləndin şərəfinə Folklənd adını verməsi də məlumdur. Daha sonra bu ad bütün arxipelaqa verildi.
Amma arxipelaqın taleyi bununla bitmədi. Adaya sahib olandan sonra arxipelaqda fransızlar da görünməyə başladılar. "Qartal" və "Sfinks" gəmilərilə arxipelaqa gələn fransalı admiral və səyyah Lui Antuan de Buqenvilin təşəbbüsü ilə ərazidə ilk yaşayış məskəni salındı. Ancaq üç ildən sonra, yəni 1770-ci ildə kral XV Lüdovikin razılığı ilə adaları fransızlardan satın alan ispanlar arxipelaqda məskunlaşan ingilisləri ərazidən uzaqlaşdırmağa başladılar. Lakin bir il sonra Britaniya müharibə təhdidilə adaları geri almağa müvəffəq olsa da iqtisadi səbəblərə görə arxipelaqdan çəkilmək məcburiyyətində qaldı. Burada qeyd etmək yerinə düşərdi ki, ingilislər adanı tərk etsələr də hakimiyyət iddiasından əl çəkmədilər. Fürsəti əldən verməyən ispanlar yenidən adalara daxil oldular və arxipelaqı "Soledad" adlandırdılar. Amma 1832-ci ildə ingilislər yenidən arxipelaqa qayıtmağa müvəffəq oldular və "Dumanlı Albion"nun vətəndaşları ərazidə Port-Stenli adlanan ilk yaşayış qəsəbəsi saldılar.
İkinci Dünya müharibəsinədək münaqişə donmuş vəziyyətdə qaldı. Müharibədən sonra Birləşmiş Millətlər Təşkilatının müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi barədə bəyannamə qəbul etməsindən sonra Argentina adaları diplomatik yollarla qaytarmağa çalışdı. Lakin Böyük Britaniya arxipelaqdan imtina etməyəcəyini bildirərək referendum keçirilməsini tələb etdi. Rəsmi Buenos-Ayres bu tələbə qarşı çıxdı, çünki adada yaşayan təqribən 3000-ə yaxın sakinin arxipelaqın gələcəyi barədə hansı qərarı verəcəyini öncədən bilirdi. Bununla belə, aparılan danışıqlar nəticəsiz başa çatdı. Nəticədə 1982-ci il aprelin 2-də Argentinada hakimiyyət başında olan hərbi xunta ölkənin düşdüyü çətin daxili iqtisadi vəziyyət şəraitində populyarlığını artırmaq qərarına gələrək arxipelaqa hücum etdi. Argentinalı hərbçilər belə hesab edirdilər ki, 12 min kilometr uzaqlıqda olan adalar üstündə Britaniya hökuməti hərbi müdaxiləyə cavab verməyəcək. Ancaq rəsmi London əraziyə böyük dəniz donanması göndərərək, arxipelaqdan vaz keçmədiyini təsdiqlədi.
Döyüşlər nəticəsində Argentina aviasiyası Britaniyanın 2 eskadra mina gəmisini, 2 freqatanı (üçdorlu hərbi gəmi) və bir sıra köməkçi gəmilərini batırdı. İngilislər də döyüş zonasındakı düşmənin qüruru sayılan "General Belqrano" kreyserini 329 dənizçi ilə birlikdə okeanın dibinə göndərdilər. Bundan sonra Britaniya ordusu rəqibə ard-arda həlledici zərbələr endirdi və iyun ayının 15-də Argentina ordusu arxipelaqdan çəkilməyə məcbur oldu. Nəticədə hər iki tərəf milyardlarla dollar itirdi. 3 ay çəkməmiş müharibədə Argentinanın 649, Britaniyanın isə 255 hərbçisi həlak oldu. İki ölkə arasında diplomatik münasibətlər 1990-cı ilədək gərgin olaraq qaldı.
Qeyd etmək yerinə düşərdi ki, həmin dövrün intellektualları Folklənd müharibəsini təəccüblə qarşılamışdılar. Çünki Cənubi Amerikanın cənub qurtaracağında yerləşən və sahillərini soyuq cərəyan suları yuyan kiçik ərazi uğrunda qanlı mübarizəni anlamaqda çətinlik çəkirdilər. 3000 insanın yaşadığı və çətin iqlim şəraitinə malik olan arxipelaqın müharibə üçün səbəb olmadığını düşünürdülər. Hətta o zaman ABŞ prezidenti Ronald Reyqan belə, "Mən bilmirəm, nəyə görə müttəfiqlərimiz bir neçə soyuq qayalar uğrunda vuruşurlar" deyə təəccübünü bildirmişdi. Argentinanın məşhur yazıçısı Xorxe Luis Borxes isə Folklənd münaqişəsini "iki keçəlin daraq üstündə savaşı" adlandırmışdı. Bəs, doğrudanmı müharibəni mənasız adlandırmaq olar?
Əslində, hər iki tərəfi silaha əl atmağa vadar edən ciddi səbəblər vardı. Birincisi, Folklənd (Malvinas) adaları Magellan və Drek boğazlarının girəcəyində strateji mövqedə yerləşir, daha dəqiq desək, Atlantik və Sakit okeanları birləşdirən dəniz yolları üzərində nəzarət etməyə imkan verir. İkincisi, adalar Cənubi Amerika bölgəsi üçün hərbi baza kimi, eləcə də regionda gəmilərin təchizatında mühüm əhəmiyyət daşıyır. Üçuncüsü, Folklənd (Malvinas) adalarına sahiblik hüququ Antarktidanın müxtəlif sektorlarına iddialarla əlaqəlidir. Bu iddiaların 1959-cu il müqaviləsilə dondurulduğu məlumdur, ancaq heç bir ölkənin həmin iddialardan hələ də imtina etməməsi də məlumdur. Nəhayət, dördüncü səbəb adalarda zəngin neft və qaz yataqlarının aşkar edilməsindən ibarətdir. Məlumatlarda arxipelaqda 60 milyard barrel neft və 9 trilyon kubmetr qaz yataqlarının olduğu bildirilir. 2010-cu ilin fevral ayında Britaniyanın neft şirkətləri adalardan 100 kilometr uzaqlıqda "Ocean Guardian" üzən platforması vasitəsilə arxipelaqda kəşfiyyat işlərinə və neft hasilatına başlamışdı. Bu hadisə Argentinada kəskin reaksiya oyatmış və rəsmi Buenos-Ayres də cavab addım kimi, Folklənd adalarına məxsus gəmilərin MERKOSUR ölkələrinin (Cənubi Amerika ölkələrinin Ümumi Bazar ) limanlarına girişinin qadağan edilməsinə nail olmuşdu.
Rəsmi London Argentinanın adalara iddiasını əsassız sayaraq, rəsmi Buenos-Ayresi "müstəmtəkəçilik"də ittiham edir. Diplomatik cəbhədə argentinalıların həmlələrinə cavab verməklə yanaşı, Britaniya hökuməti adada hərbi gücünü artırmağı da unutmur və Baş nazir Devid Kemeronun ölkənin hərbi qruplaşmasının güclənməsini nəzərdə tutan təcili planını təsdiqlədiyi də vurğulanır. Son iddialara görə, hazırda Folklənd (Malvinas) adalarında sayı dəqiq bilinməyən hərbi qulluqçu xidmət keçir. Bundan başqa, arxipelaqda radar stansiyasının fəaliyyət göstərməsi, eləcə də Havadan Müdafiə Sisteminin yerləşdirilməsi və müasir "Tayfun" qırıcı təyyarələrinin olması barədə informasiyalar var. Adalar yaxınlığında daim bir neçə döyüş gəmisinin və atom sualtı qayığının növbə çəkdiyi də bildirilir. Bu yaxınlarda rəsmi Londonun adalara növbəti atom sualtı qayıq göndərməsi barədə xəbərlər də yayılmışdı. Britaniya hökumətinin son bəyanatlarını və atdığı addımları nəzərdən keçirən siyasi müşahidəçilər bildirirlər ki, ingilislər adalar uğrunda istənilən mübarizəyə hazırdırlar.
Göründüyü kimi, hər iki tərəf adalara olan münasibətini dəyişmək fikrindən uzaqdır və bu isə o deməkdir ki, Argentina ilə Britaniya arasında münasibətlər gərgin olaraq qalacaq. Bəs, gərginləşən münasibətlərin hərbi toqquşmaya gətirib çıxaracağını gözləməyə dəyərmi? Umumiyyətlə, Britaniya iqtisadi problemlərini həll etməyə çalışdığı dövrdə adalar uğrunda ciddi münaqişəyə başlayarmı? Xatırladaq ki, hazırda "Dumanlı Albion"nun daxili borcu 1 trilyon funt sterlinq təşkil edir və belə bir vəziyyət ölkə rəhbərliyini hərbi proqramları ixtisar etməyə məcbur edir. Məsələn, ötən il 1982-ci il Folklənd müharibəsi zamanı böyük rol oynamış 72 ədəd "Harrier" qırıcı təyyarəsinin hesabdan silindiyi bildirilir. Bundan başqa, Britaniya hökuməti "Ark Royal" aviadaşıyıcı gəmisini də ixtisara salmağa hazırlaşır. 2014-cü idə "İllastriz" aviadaşıyıcı gəmisini də ehtiyata göndərməklə rəsmi London 2016-cı ilədək belə mühüm loqistikadan məhrum olacaq. Buraya müxtəlif modifikasiyalı hərbi təyyarələrin ixtisarını da əlavə etsək, o zaman rəsmi Londonun adalar uğrunda həyata keçirilə biləcək hərbi müdaxilənin çətin olacağı barədə düşünmək olar.
Bununla belə, demək olmaz ki, iqtisadi problemlər ucbatından rəsmi London Folklənd (Malvinas) adalarından əl çəkəcək. Baxmayaraq ki, son illər Argentina iqtisadi planda yaxşı göstəricilər nümayiş etdirir, Britaniya hökuməti arxipelaq üzərində nəzarəti ikinci tərəfə verməyə hazırlaşmır. Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutunun elmi-informasiya mərkəzinin direktoru Aleksandr Xarlamenko da hesab edir ki, rəsmi Buenos-Ayres müharibəni başlamağa cürət etməyəcək. Çünki Argentinanın problemi diplomatik yollarla həll etmək istəyi var. Rəsmi Buenos-Ayres "daha çox diplomatiya, daha az silah" prinsipindən çıxış etməyə üstünluk verir. Bununla belə, A.Xarlamenko deyir ki, hərbi münaqişə ehtimalı qalır və Folklənd adaları uğrunda müharibə başlayarsa, region ölkələrinə yayılmaq təhlükəsi artacaq. Buna görə də mütəxəssislər hər iki tərəfi, xüsusilə də Latın Amerikası ölkələrinin liderlərini ehtiyatlı olmağa çağırırlar.

Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"

 

 

17 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar