
Son vaxtlar Türkiyə və Azərbaycan ictimaiyyətinin israrlı etirazları artıq nəticəsini verməyə başlamışdır. Dünən fransalı senatorların qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv edilməsi tələbi ilə lazım olan qədər imza toplayaraq Konstitusiya Şurasına müraciət etmələri barədə məlumat vermişdik. Artıq senatorların bu istiqamətdə fəaliyyətinin Fransa prezidenti Nikola Sarkozini narahat etdiyi barədə məlumatlar alırıq. Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Məlumata əsasən, qondarma "erməni soyqırımı"nı inkara görə cəza qanununun ləğvini tələb edən Fransa parlamentarilərinin Konstitusiya Şurasına müraciətindən sonra prezident Sarkozi senatorların bir qrupu ilə görüş keçirib. Qanunun qəbul edilməsinin əsas təşəbbüskarlarından olan prezident parlamentarilərlə görüşdə onların hərəkətindən ciddi narahat olduğunu etiraf edib. Sarkozinin öz fikrini hətta "bu addım mənə xidmət etmədi" şəklində ifadə etdiyi bildirilir.
Qeyd edək ki, fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv edilməsi üçün 77 imza toplayıblar. Fransa qanunlarına görə, Konstitusiya Şurasına müraciət üçün 60 imza yetərlidir. Müraciət iki gün əvvəl Konstitusiya Şurasına təqdim edilib.
Onu da xatırladaq ki, yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib. Fransa Senatının alt palatası - Milli Assambleya isə həmin layihəni hələ keçən il dekabrın 22-də qəbul etmiş və sonradan Senata təqdim etmişdi.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cərimə nəzərdə tutur.
Ermənistan və xarici ölkələrdəki erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırımı törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyıblar. Fransa da bu ölkələr sırasındadır. Ancaq əslində bu dövlətlər, eləcə də Fransa tərəfindən tarixi hadisələr təhrif olunur, elə həmin 1915-ci ildə ermənilərin Osmanlı dövlətinə qarşı üsyan qaldırdıqları, ölkənin bir sıra ərazilərində dinc əhaliyə divan tutmağa başladıqları, milyonlarla dinc türkü vəhşiliklə qətlə yetirdikləri kimi tarixi faktların üstündən sükutla keçilir. Bu sükutun səbəbi isə odur ki, bəzi Qərb dövlətləri, ilk növbədə isə Fransa ermənilərin üsyana qaldırılmasının əsas təşəbbüskarları olmuşdur. Sonradan yaşadıqları ölkəyə xəyanətdə suçlandırılan ermənilərin Osmanlının ucqar ərazilərinə köçürülməsi barədə qərar qəbul edilmişdir. Özünü insan haqları və fikir azadlığının carçısı kimi qələmə verən bəzi Qərb ölkələri, o cümlədən Fransa aradan yüz ilə qədər vaxt keçməsinə baxmayaraq ermənilərin qətlə yetirdiyi günahsız türk insanlarının haqlarını qulaqardına vururlar. Elə iyirminci əsrin əvvəllərində və sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaq iddiları zəminində Bakıda, Şamaxıda, Qubada, Dağlıq Qarabağda, nəhayət, 1992-ci ilin 25-26 fevralında Xocalıda ermənilərin soyqırımına məruz qalmış yüz minlərlə insanın günahsız qanı da Fransa tipli ölkələr üçün önəm daşımır. Belə olsaydı, cəmi 20 il əvvəl baş vermiş və 613 dinc sakinin qətli ilə nəticələnmiş Xocalı soyqırımı Fransa parlamenti tərəfindən tanınmış olardı. Bu isə məsələyə ikili standartlardan kənar, əsl ədalətli yanaşma olardı.
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
2 Fevral 2012, Cümə axşamı