→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

"Sarkozi üçün son şans"

Rusiyanın "Tribuna" qəzeti 1 fevral tarixli nömrəsində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın qondarma "erməni soyqırımı"nın inkarının kriminallaşdırılması haqqında qanun layihəsini yanvarın 23-də qəbul etmiş Fransa Senatının qərarına həsr olunmuş "Sarkozi üçün son şans" məqaləsini dərc etmişdir. 
Məqaləyə redaksiya heyətinin ön sözündə qeyd edilir ki, oxucuların diqqətinə Azərbaycandan - Türkiyə ilə etnomədəni və siyasi-iqtisadi əlaqələrlə daha sıx bağlı bir ölkədən baxış təqdim olunur.
AzərTAc Azərbaycan publisistinin məqaləsini təqdim edir.
"Erməni soyqırımı"nın inkarının kriminallaşdırılması haqqında qanunun Fransa Senatı tərəfindən qəbul edilməsinin Bakıda əsl siyasi tufan qopardığını demək, əslində, heç nə deməməkdir. Aparıcı siyasi partiyaların liderləri, Azərbaycan parlamentinin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri bu barədə fikirlərini KİV-lərdə açıq söyləyirlər. Gənclər Fransanın Bakıdakı səfirliyi qarşısında piket və mitinqlər keçirirlər. Bəziləri Fransa senatorlarının əməlini sözlə pisləməkdən daha uzağa gedirlər. Məsələn, tanınmış yazıçı və kinodramaturq, MDB və Baltiya ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri Rüstəm İbrahimbəyov Fransanın İncəsənət və Ədəbiyyat Ordenindən imtina etmişdir. R.İbrahimbəyov, eyni zamanda bildirmişdir ki, Azərbaycan-Fransa Cəmiyyətinin prezidenti vəzifəsindən gedir. R.İbrahimbəyovun Fransa səfirliyinə məktubunda deyilir: "2012-ci il yanvarın 23-də elə bir hadisə baş vermişdir ki, Fransanı böyük demokratik ənənələri ilə birlikdə sevən hər kəsdə acı təəssürat və çaşqınlıq hissi doğurmuşdur. Bu ölkənin vətəndaşlarının əsrlər boyu yaratdıqları, bütün bəşəriyyətin mənəvi təşəkkülünə təsir etmiş böyük dəyərlər sistemi məhv olmaq üzrədir... Ölkənin demokratik imici ilə müqayisədə əhəmiyyətsiz və cüzi konyunktura, elektoratdan faydalanmaq xatirinə fransızları öz fikirlərini azad ifadə etmək kimi elementar vətəndaşlıq hüququndan məhrum edən qanun qəbul olunur".
Azərbaycan siyasətçiləri və politoloqları həmin qanunun təsdiq olunmasına şübhə yaradan hüquqi, siyasi, habelə əxlaqi-etik uyğunsuzluqlara diqqət yetirirlər.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov bildirmişdir ki, bu qanun demokratiya prinsiplərinə və fundamental insan azadlıqlarına büsbütün ziddir. İnsan Hüquqlarına dair Beynəlxalq Bəyannamənin 19-cu maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə müvafiq olaraq insanların öz fikirlərini azad ifadə etmək hüququ vardır.
Problemin əxlaqi-etik tərəfi barədə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov çox maraqlı bir fikir söyləmişdir: "Nəyə inandığına və ya inanmadığına görə insanı mühakimə etmək gülüncdür. Bu yolla kimi isə fikrindən daşındırmaq mümkün deyildir. Vaxt vardı, insanları Allaha inanmadıqlarına görə edam edirdilər, bolşeviklər isə Allaha inandıqlarına görə cəzalandırırdılar. Lakin nə inkvizisiya məhkəməsi dindarların sayını, nə də bolşeviklərin təqibi ateistlərin sayını artırdı. Müasir insanlar belə şeyləri qəbul etmirlər. Görünür, Fransa siyasi konyunktura naminə Avropa dəyərlərini qurban verdiyinin və bununla da onlara güclü zərbə vurduğunun mahiyyətinə varmır".
AŞPA-nın qış sessiyasında fransalı həmkarlarına müraciət edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva elə bu məsələ ilə bağlı olduqca emosional şəkildə demişdir: "Yaxşı, bundan sonra nə baş verəcək? Siz Fransanın yarım milyon türkdilli vətəndaşını barmaqlıqlar arasınamı salacaqsınız? Tarixi faktları araşdıran jurnalistlər, tarixçi alimlər, təbii ki, müxtəlif fikirlər söyləyəcəklər. Çünki belə bir soyqırımı əsla olmamışdır. Bəs onda nə edəcəksiniz? Yox, əgər edəcəksinizsə, onda hansı haqqa əsasən söz, fikir azadlığı, insan hüquqları haqqında fikirlər söyləyə biləcəksiniz?"
Bəzi Azərbaycan siyasətçiləri hesab edirlər ki, belə bir qanunu qəbul edərkən Fransa deputatlarını heç də yüz il əvvəl baş vermiş hadisələr əndişələndirməmişdir. Heç də yarım milyonluq erməni diasporunun maraqları bu halda həlledici təsir göstərməmişdir. Nəhayət, Fransada türk, ərəb və müsəlman dünyasının digər nümayəndələri xeyli dərəcədə çoxdur. Fransa Senatı yeni qanunu "soyqırımı" qurbanlarına hüsn-rəğbətindən ruhlandığı üçün deyil, sırf Türkiyəyə və onun regionda artmaqda olan qüdrətinə nifrəti səbəbindən qəbul etmişdir. Yada salaq ki, Türkiyə Respublikasının Avropa İttifaqına qəbul edilməsinin ən qatı əleyhdarı məhz Fransadır.
Fransaya qarşı müxtəlif diplomatik və iqtisadi sanksiyaların (xatırladaq ki, Fransanın "Total" neft şirkəti Xəzər şelfində fəal surətdə neft-qaz yataqlarının işlənməsi ilə məşğuldur, Azərbaycan və Fransa arasında əmtəə dövriyyəsi 2 milyard dollardan çoxdur) qəbul edilməsinə tərəfdar olduqlarını bildirən Azərbaycan siyasətçiləri bir məsələdə yekdildirlər: Fransa öz hərəkətləri ilə Ermənistan-Azərbaycan münaqişəsinin həllində obyektiv vasitəçi kimi özünü nüfuzdan salmışdır. Odur ki, Azərbaycan Milli Məclisi yubanmadan ATƏT-in Minsk qrupunun fransalı həmsədrinin geri çağırılması proseduruna başlamalıdır. Daha radikal çağırışlar da vardır. Azərbaycan rəhbərliyi bu məsələdə düşünülmüş təmkin nümayiş etdirir, çünki qanun hələlik qüvvəyə minməmişdir və prezident tərəfindən imzalanmamışdır. Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndələri bu bədnam qanun layihəsini pisləyən rəsmi və tamamilə birmənalı bəyanatlarla çıxış etmişlər.
Həqiqət naminə qeyd edək ki, soyqırımının inkarının kriminallaşdırılması haqqında qanun bütün Fransa xalqının iradəsini əks etdirmir. Senatda qanun layihəsinin müzakirəsi zamanı 60 deputat iştirak etmiş, qalanları "etibarnamə" ilə səs vermiş, 80-dən çox deputat isə qanunun qəbul edilməsinin əleyhinə olmuşdur. Elə Avropa siyasi isteblişmentinin bir çox nümayəndələri də yaxalarını bu qəribə qanun layihəsindən kənara çəkməyə tələsmişlər. Məsələn, Avropa Şurasının baş katibi Turbörn Yaqland AŞPA-nın qış sessiyası zamanı demişdir: "Həmişə bu mövqedə olmuşam ki, tarix tarixçilər və tarix kitabları üçündür və mən tarixi məsələlərə dair siyasi qərarların qəbul edilməsini dəstəkləməmişəm". Avropa Şurası Parlament Assambleyasının yeni seçilmiş sədri, Fransa nümayəndə heyətinin rəhbəri Jan Klod Minyon jurnalistlərlə görüşündə demişdir ki, o, ermənilərin soyqırımı haqqında qanun layihəsinin qəbul edilməsi əleyhinədir, çünki "tarixi deputatlar deyil, tarixçilər yazır".
...Fransa Volterin və Monteskyunun, Rasin və Molyerin, Stendal və Mopassanın ölkəsidir. Onun böyük mədəniyyəti və böyük keçmişi vardır. Xatırlayırsınızsa, Volter bir vaxtlar demişdi: "Mən sizin fikirlərinizə şərik deyiləm, lakin mən onları söyləyə bilməyiniz üçün özümü fəda etməyə hazıram". Əgər Volter sağ olsaydı, soyqırımının inkarının kriminallaşdırılması haqqında qanun layihəsinin təsdiqindən sonra, yəqin ki, barmaqlıqlar arxasına atılardı...
Hazırda nikahların az qala üçdəbir hissəsinin homoseksuallar və lezbiyankalar tərəfindən bağlandığı qocalıb əldən düşmüş Avropa, kilsədə bircinsli nikahlara xeyir-dua verildiyi və gey-paradların bütün cəmiyyətin sevimli əyləncəsinə çevrildiyi, fahişəliyin leqallaşdırıldığı, pedofiliyanın baş alıb getdiyi Avropa daha cəlbedici demokratiya modeli, ümumiyyətlə yaşamaq üçün cəlbedici məkan ola bilməz. Bu fonda islam həm din, həm də həyat tərzi kimi öz sıralarına getdikcə daha çox neofitlər cəlb edir və görünür, bu proses vaxt keçdikcə daha da genişlənəcəkdir. Hələ müsəlman ölkələrində demoqrafik vəziyyətin qoca Avropanın yaşadığı doğum böhranı ilə müqayisəyə gəlmədiyini (lap 9 milyonluq Azərbaycanla 3 milyonluq Ermənistanı götürək) demirik. Burada əhalinin artımı əsasən üçüncü ölkələrdən miqrantlar hesabına baş verir ki, onların da əksəriyyəti yenə də müsəlmanlardır. Bəs Türkiyə 80 milyonluq əhalisi ilə Avropa İttifaqına buraxılsa necə? Sarkozi və ona bənzər multikulturalizm əleyhdarları üçün bu, ölümə bərabərdir.
Tarixə polis şinelindən "böyüyə bilməmiş" uğursuz prezident kimi deyil, Fransanın həqiqi milli maraqlarının nədən ibarət olduğunu başa düşmüş və düzgün ifadə etmiş əsl lider kimi daxil olması üçün Sarkozinin son şansı qalmışdır.

 

3 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar