→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Rusiya və Ermənistandakı arxiv sənədləri "erməni soyqırımı" iddialarının yalan olduğunu göstərir

Qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünə hazırlıq görən erməni lobbisinə qarşı rus və erməni arxiv sənədlərini araşdıran Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, professor Seyit Sertçelik jurnalistlərə bildirmişdir ki, səkkiz il müddətində apardığı araşdırmalar "erməni soyqırımı" iddialarının yalan olduğunu göstərir. 
S. Sertçelik demişdir ki, Osmanlı ordusuna qarşı 300 minə yaxın erməni müxtəlif quldur dəstələrinin tərkibində döyüşmüş, 1914-1918-ci illərdə ermənilərin tələfatı, iddia edildiyi kimi 1,5 milyon deyil, 150 min nəfər olmuşdur. Erməni yazıçısı Arşak Çobanyana aid olan arxiv sənədində də deyilir ki, "Türkiyədə ermənilərin yox edildiyi doğru deyildir. Erməni soyqırımı yalan bir layihədir".
TBMM-in dörd deputatdan ibarət komissiyasında rus və erməni arxivlərindəki sənədlərin araşdırılması davam edir. Bu araşdırmalar göstərir ki, ermənilər ilk dəfə Anadolu torpaqlarında 1828-ci ildə qan tökmüşlər. İran ərazisində bir xristian dövləti qurmaq planları boşa çıxdıqdan sonra, onlar Osmanlı coğrafiyasında torpaq qoparmaq fəaliyyətlərinə başlamışlar. Belə ki, 1828-1829-cu illərdə Osmanlı-rus müharibəsində rusların tərəfinə keçmiş, qonşuları olan minlərlə türkü qətlə yetirmişlər. Bundan sonra Şərqi Anadoluda yaşayan ermənilərə etibar edilməmiş, onların 90 mini, şəhid olmuş türklərin qohumlarının intiqamından qorxaraq İrəvan bölgəsinə köçmüşdür. 1877-1878-ci illərdə Osmanlı-rus müharibəsindən sonra imzalanmış Berlin müqaviləsinə Anadoluda yaşayan ermənilərin kürd və çərkəzlərdən qorunmasına dair maddə əlavə edilməsi ilə erməni məsələsi bir beynəlxalq problemə çevrilmişdir. Bu dəstəkdən güc alan ermənilər isə 1890-cı ildən sonra Anadolunun bir çox şəhərlərində üsyan qaldırmış, bu üsyanların davam etdiyi doqquz ildə ölülərinin sayını şişirdərək 10 min rəqəmini 100 min kimi yazmışlar. Bunu o zamanın rus sənədləri də təsdiq edir. I Dünya müharibəsini fürsət bilən ermənilər, 10 min nəfərlik beş silahlı dəstə yaratmışlar. Rus ordusunun tərkibində isə 150-300 min erməni vuruşmuşdur. Bu quldur dəstələri dinc insanlara hücum etmiş, türk yaşayış məntəqələrində qətliam törətmişlər. Osmanlı dövləti 1915-ci ildə qarşılıqlı tələfatların qarşısını almaq üçün 500 min ermənini cənub bölgələrinə göndərmiş, rus arxiv sənədlərinə görə isə, 360 min erməni Rusiyaya qaçmışdır. Bəzi dairələrin indi irəli sürdüyü 1,5 milyon rəqəmi, əslində 150 mindir. Yəni, 1914-1918-ci illərdə Osmanlı dövləti ərazisində türklərə qarşı vuruşan 150 min erməni ölmüşdür.
TBMM sədrinin müavini Məhmət Sağlamın başçılıq etdiyi komissiya rus və erməni arxivləri üzrə fəaliyyətini davam etdirir və ilk nəticələr bu ilin mart ayında nəşr olunacaq kitabda yer alacaqdır.

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

8 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar