→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Rusiya müxalifəti Moskvada 100 minlik mitinq keçirmişdir

APA-nın Moskva müxbiri xəbər verir ki, 2011-ci ili dekabrın 4-də keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edən Rusiya müxalifəti fevralın 4-də Moskvanın Bolotnı meydanına 100 min nəfərdən çox insan toplaya bilmişdir. 
Mitinq iştirakçıları Moskvanın "Oktyabrski" metrosunun yaxınlığında yerləşən "Böyük Yakimanka" küçəsindən başlayaraq Moskva çayı boyunca Kreml yaxınlığında yerləşən "Bolotnı" meydanına yürüş etmişlər. Aksiyada "Putinsiz Rusiya", "Putinə heç bir səs", "Ədalətli seçkilər uğrunda", eyni zamanda millətçilərin "Rusiya ancaq ruslar üçündür!" şüarları yazılan plakatlar qaldırılmışdır.
Mitinq iştirakçıları arasında Kommunist Partiyasının, "Yabloko" Partiyasının, iş adamı Mixail Proxorovun və Rusiya müxalifətinin liderləri Vladimir Rıjkov, Boris Nemtsov, Gennadi Qudkov və Sergey Parxomenkonun tərəfdarları olmuşlar. Bundan başqa, Prezident Dmitri Medvedevin istefaya göndərdiyi maliyyə naziri Aleksey Kudrin də mitinqə qatılan siyasətçilər arasında olmuşdur.
Mitinqdə iştirak edən müxalifətçi Vladimir Rıjkov şaxtalı havanın olmasına baxmayaraq, aksiyada 100 min nəfərdən çox insanın iştirak etdiyini söyləmişdir. Onun sözlərinə görə, Putin tərəfdarlarının "Poklonnaya Qora" adlı yerdə keçirdiyi mitinqdə 14 min nəfər insan iştirak etmişdir. Müxalifət lideri şaxtalı hava şəraiti ilə əlaqədar mitinqin tez yekunlaşacağını bildirmişdir. O, Putini istefaya çağırmışdır: "Kreml Putin komandasından təmizlənməlidir. Rus xalqı artıq sizdən bezib. Biz demokratik seçki tələb edirik. Artıq rusların demokratik dövlətdə yaşamasının vaxtı çatıb". Digər rus müxalifətçiləri də çıxışlarında hazırkı hakimiyyəti istefaya çağırmışlar.
Prezidentliyə namizəd, iş adamı Mixail Proxorovun tərəfdarları ümumi mitinqin keçirildiyi yerdən ayrılaraq bir qədər kənarda toplaşmışlar. M. Proxorov da həmin mitinqə qatılmışdır. Mitinqdə iştirak edən Proxorov tərəfdarlarının ümumi sayı 1000 nəfərdən çox olmuşdur.
Onu da qeyd edək ki, aksiya ilə bağlı Moskva polisi gücləndirilmiş iş rejiminə keçmişdir. Mitinq iştirakçıları xüsusi yoxlanışdan sonra etiraz aksiyası keçirilən yerə buraxılmışlar. Moskva polisi mitinqə havadan helikopterlərlə də nəzarət etmişdir. Ümumilikdə 10 min nəfər polis əməkdaşı mitinqin təhlükəsizliyinin təmin olunmasına səfərbər edilmişdir.

5 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar