→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Rusiya Kiyevə satdığı qazın qiymətində on faizlik endirimə hazırdır

Rusiyanın inhisarçı "Qazprom" şirkəti Ukraynaya satdığı qazın qiymətində 10 faiz həcmində endirim etməyə hazırdır. Bu barədə şirkətdə adının açıqlanmasını istəməyən mənbəyə istinadən "Lenta.ru" saytı məlumat verib.
Məlumata əsasən, Rusiyanın bir sıra qəzetlərinin də təsdiq etdiyi kimi, artıq Ukraynaya belə bir təkliflə müraciət olunub. Əgər rəsmi Kiyev təklifə müsbət cavab verərsə, o zaman "Qazprom" Ukraynanın "Naftoqaz" şirkətinə yanacağı min kubmetrə görə təxminən 375 dollara satacaq. Bu isə "Qazprom"un 2012-ci il üçün nəzərdə tutduğu büdcədəki qiymətə uyğundur.
"Kommersant-Ukraina" qəzeti, öz növbəsində, bildirir ki, "Qazprom" həqiqətən də güzəştə getməyə hazırdır. Ancaq şirkət bunun əvəzində 2012-ci ildə Ukraynanın 33 milyard kubmetr qaz alacağına təminat tələb edir. Bir müddət əvvəl Kiyev Rusiyadan aldığı qazın həcmini azaldaraq 27 milyard kubmetrə endirəcəyini bəyan etmişdi.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında qaz probleminin həlli ilə bağlı danışıqlar artıq birinci ay deyil ki, aparılır. Bütün 2011-ci il ərzində Ukraynanın rəsmi şəxsləri, eləcə də dövlət başçısı Viktor Yanukoviç və baş nazir Nikolay Azarov Rusiyadan aldıqları qazın qiymətinin baha olduğunu bəyan edərək qiymətlərin ucuzlaşdırılması üçün yollar axtarmışdılar. "Qazprom" isə, qeyri-rəsmi məlumatlara görə, qiymətləri əhəmiyyətli dərəcədə aşağı salmağa hazır olduğunu bildirmiş, lakin bunun müqabilində Ukraynanın qaz nəqli sisteminə nəzarəti ələ almaq istəyini çatdırmışdı. Ancaq Ukraynada hələ də Moskvaya qaz nəqli sisteminin cəmi 33 faizini verməyin mümkünlüyünü bildirirlər. Rəsmi Kiyevin fikrincə, sistemin qalan 33 faizi avropalılara, 34 faizi isə Ukraynanın özünə çatmalıdır.
Tərəflərin razılığa gəlməməsi üzündən danışıqlar 2012-ci ilin yanvarından dalana dirənmiş və bir aydan da artıq müddətdə davam etdirilməmişdi. Yalnız fevralın 17-də Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov bildirdi ki, ölkəsinin Energetika Nazirliyi ukraynalı tərəfdaşları ilə qazın qiymətinin aşağı salınması məsələsi üzrə müzakirələrə başlamağa hazırdır.
Hələ ki, Ukraynanın rəsmi şəxsləri 10 faizlik endirimlə bağlı təklifə münasibət bildirməyiblər. Ancaq qeyd etmək lazımdır ki, bir müddət əvvəl Ukrayna Prezidenti Viktor Yanukoviç bəyan etmişdi ki, qazın qiymətinin min kubmetrə görə 250 dollar həddində müəyyənləşdirilməsinə nail olmağa çalışacaq. Onu da xatırlatmaq yerinə düşərdi ki, "Qazprom" 10 faizlik endirim limitini təkcə Ukraynaya deyil, bu il fevralın ortalarından bir sıra Qərbi Avropa ölkələrinə də tətbiq edib.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

 

22 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar