→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Rusiya B.Əsədin hakimiyyətdən kənarlaşdırılmasına razı deyil

BMT Təhlükəsizlik Şurası (TŞ) Suriyada Prezident Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı qətnamə qəbul edə bilməyib. Buna səbəb Rusiyanın TŞ üzvlərini veto hüququndan istifadə edəcəyi ilə hədələməsidir. Rəsmi Moskva açıq şəkildə bildirib ki, o, B.Əsəd rejiminin Suriyanın idarəçiliyindən kənarlaşdırılmasının əleyhinədir və bununla bağlı sənədin qəbul edilməsinə hər vəclə mane olacaq.
Məhz Rusiyanın israrlı çıxışından sonra qətnamə layihəsindən Bəşər Əsədin 15 gün ərzində hakimiyyəti təhvil verməsi, əks halda sanksiyalarla üzləşəcəyi ilə bağlı müddəa götürülüb. Layihənin son variantı dünən Təhlükəsizlik Şurasının 15 üzvünün təmsil olunduğu ölkələrin paytaxtlarına göndərilib. Həmin sənəd layihəsi paytaxtlarda dəyərləndirildikdən sonra BMT TŞ-da yenidən müzakirəyə çıxarılacaq. Lakin bütün dəyişikliklərə baxmayaraq, siyasi müşahidəçilərin təbirincə, bu dəfə də sənədin qəbul edilmək şansı asan olmayacaq. Sənəd üzərində başqa dəyişikliklərin də aparılacağı istisna edilmir. Sənəd layihəsinin tam mətni isə ictimaiyyətə açıqlanmayıb. BMT TŞ-nın toplantısı da qapalı qapılar arxasında keçirilib.
Suriyada isə qətllər səngimir. Müxalifətin məlumatına görə, həftəsonu silahlı qarşıdurmalar nəticəsində ən azı 10 nəfər ölüb, çox sayda insan isə yaralanıb. Bu arada İnsan Hüquqlarını Müşahidə Təşkilatı (İHMT) Suriyada təhlükəsizlik qüvvələrinin uşaqlara işgəncə verdiyini açıqlayıb. İHMT-nın hesabatında qeyd olunub ki, onların əlində ən azı 12 belə fakt var. Təşkilat həmçinin Suriya hökumətini məktəbləri həbsxanaya və hərbi hissələrə çevirməkdə, bu binaların damına snayperlər yerləşdirməkdə ittiham edib.

Elçin ABBASOV, "Xalq qəzeti"

5 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar