
Rusiya yaxın onilliklər ərzində genişmiqyaslı demoqrafik inkişaf layihəsi hazırlayıb həyata keçirməli və öz əhalisinin sayını artırmalıdır. Bu fikirlər Rusiyanın Baş naziri, prezidentliyə namizəd Vladimir Putinin sosial siyasətə həsr olunmuş növbəti məqaləsində əks olunub. Əks təqdirdə, Putinin fikrincə, Rusiya qlobal mənada taleyini başqalarının həll edəcəyi "boş bir məkan"a çevrilmək riski ilə üzləşəcək. Məlumatı "Lenta.ru" yayıb. "Ədalət quruculuğu. Rusiya üçün sosial siyasət" adlanan material Putinin seçkiqabağı saytında yerləşdirilib.
RF-nin Baş naziri yazır ki, hazırkı vəziyyətin davam edəcəyi şəraitdə 2050-ci ildə ölkə əhalisi 143 milyondan 107 milyona qədər azala bilər, ancaq "xalqın qorunması ilə bağlı kompleks strategiya"nın reallaşacağı təqdirdə həmin müddət ərzində artım 154 milyona çatacaq. Putin bu məqsədə nail olunması üçün iki yol göstərir. Birincisi, çoxuşaqlı ailələrin dəstəklənməsidir. Bunun üçün Baş nazir doğuşun xüsusilə az olduğu bəzi regionlarda ailələrə üçüncü və sonrakı uşaqların üç yaşa çatmasına qədər xüsusi müavinətlər verilməsini təklif edir. "Bu, konkret olaraq ayda 7000 rubl əlavə ödəniş demək olacaq", - məqalədə deyilir. Bundan əlavə, təklif edilir ki, ikidən artıq uşağı olan ailələrin yaşayış şəraitini yaxşılaşdırmaq üçün xüsusi proqram həyata keçirilsin. Putin yazır ki, həm də qadınların iş və analıq imkanlarını əlaqələndirmək lazımdır: onlar üçün çevik iş qrafiki təşkil edilməli və uşaq bağçalarındakı növbəlilik ləğv edilməlidir.
Vəziyyətdən ikinci çıxış yolu kimi Putin miqrant axınını ildə 300 min nəfər həddində təmin etmək təklifini irəli sürür. Bu miqrantlar isə "xarici ölkələrdə yaşayan həmvətənlər", eləcə də "ixtisaslı xarici mütəxəssislər" ola bilər. RF prezidentliyinə namizəd həmvətənlərin ölkəyə cəlb edilməsi ilə bağlı əvvəllər qəbul edilmiş proqramın özünü doğrultmadığını və yeni proqram hazırlanmasının vacibliyini qeyd edir. O, əcnəbilərin Rusiya ali məktəblərinə qəbulu ilə bağlı məhdudiyyətlərin götürülməsini və onların təhsillərini başa vurduqdan sonra ölkədə qalma prosedurunun sadələşdirilməsini təklif edir. Məqalədə qeyd olunur ki, ölkənin iqtisadi və sosial siyasəti "insan potensialının inkişafı vəzifəsi" ətrafında qurulmalıdır.
Rusiya sosial siyasətinin əsas vəzifəsi, Putinin fikrincə, sosial proqramların icrasına yönəldilmiş vəsaitlərin istiqaməti üzrə xərclənməsinin təmin edilməsidir. Onun sözlərinə görə, maliyyə ehtiyatlarının həqiqətən də ehtiyacı olanlara deyil, bunsuz da ötüşə bilən adamlara, qeyri-effektiv işləyən müəssisələrə yönəldilməsi praktikasını dəyişmək lazımdır. Dövlətin əsas vəzifəsi ondan ibarətdir ki, vətəndaşlara özlərini təmin etmək üçün imkanlar yaratsın, yalnız işləmək imkanı olmayanlara birbaşa kömək etsin.
Baş nazir hesab edir ki, dövlət hazırda neft-qaz gəlirlərini bütün sahələr üzrə bərabər bölə bilmir, ona görə də iqtisadiyyatın digər sahələrinin inkişafı təmin edildikcə sosial ədalətlə bağlı vəziyyət də yaxşılaşacaq. O təklif edir ki, mütəxəssislərə karyera inkişafı üçün ixtisas dərəcələri sisteminin köməyi ilə şərait yaradılsın: əmək haqqı təyin edilərkən işçinin ixtisas dərəcəsi və peşəsi üzrə nailiyyətləri nəzərə alınsın, "hamıya və hər kəsə" prinsipi ilə mavaciblər artırılmasın. Putin yazır ki, "fəhlə aristokratiyası yaratmaq" və 2020-ci ilə qədər onların sayını 10 milyon nəfərə çatdırmaq lazımdır.
Baş nazir, eyni zamanda, uğursuz ailələrdən olan uşaqların yaxşı təhsilə cəlb edilməsini, bunun üçün "çətin sosial şəraitdə" işləyən məktəblərə kömək göstərilməsini vacib hesab edir. Aztəminatlı tələbələrə isə yaxşı oxumaları şərti ilə ayda 5 min rubl təqaüd verilməsi təklif edilir. Orta və ali məktəb müəllimlərinin gəlirlərinin artırılması da vacib məsələlərdən biri kimi qeyd edilir. Putin hesab edir ki, müəllim və səhiyyə işçilərinin əmək haqlarının azlığı üzündən təhsildə və səhiyyədə keyfiyyəti artırmaq mümkün olmur.
Məqalədə mənzillə təminat məsələsinə də xüsusi diqqət yetirilir. Putin qeyd edir ki, onun təklif etdiyi tədbirlər 2020-ci ildə mənzillərin ucuzlaşmasına, bu sahədə inhisarçılığın ləğvinə gətirib çıxaracaq, Rusiya ailələrinin 60 faizinin mənzil ala bilməsinə səbəb olacaq, 2030-cu ildə isə problem tamamilə aradan qalxacaq.
Qeyd edək ki, bu ilin əvvəlindən bəri Putin beş məqalə dərc etdirib. Bu materiallar Mərkəzi Seçki Komissiyasında baxılıb və onlarda seçki qanununun pozulması faktı aşkarlanmayıb.
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
15 Fevral 2012, Çərşənbə