→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

NATO-nun Türkiyə ərazisindəki obyektindən üçüncü dövlətin istifadəsi qadağandır

Türkiyədə səfərdə olan NATO-nun baş katibi Anders Foq Rasmussen Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Ankarada "Türkiyə və NATO: 60-cı ildönümündə sülh və təhlükəsizlik" mövzusunda müzakirə panelində iştirak edib. Davudoğlu NATO-ya ən çox töhfə verən ölkələrdən birinin Türkiyə olmasına diqqət çəkib. O, NATO-nun Avropa xaricində böhranlarda dərhal təhlükəsizliyə töhfə verməsi gözlənilən bir təşkilat olduğunu bildirib. 
Anders Foq Rasmussen isə Türkiyənin xarici işlər naziri ilə Amerika və Avropanı bir araya gətirən siyasi və hərbi məsələləri müzakirə etdiklərini deyib. O, azadlıq və demokratiyaya inandıqlarını və xalqların istəyi olduğu təqdirdə diktatorluğun qarşını alacaqlarını bildirib. NATO-nun baş katibi Anders Foq Rasmussen deyib: "Bunu Tunisdə və Liviyada göstərdik. Eyni zamanda, bu gün Suriyada da eyni şeyi düşünürük. Türkiyənin bu pərdəni aradan qaldırmaq üçün etdiklərini alqışlayırıq. Suriyada edilməli olan şey insanların demokratik arzularını yerinə yetirməkdir". Rasmussen həmçinin Türkiyənin NATO-nun əməliyyatlarında rol oynamağa davam edəcəyini vurğulayıb. Daha sonra tərəflər alyansın Türkiyə ərazisindəki obyektlərinin istifadə olunması məsələsinə toxunublar. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NATO-nun ölkə ərazisindəki hər hansı bir hərbi obyektindən üçüncü dövlətin, o cümlədən İsrailin və alyansa üzv digər ölkənin istifadəsinə icazə verilməyəcəyini bildirib.
A.F.Rasmussen də Türkiyədəki obyektlərdən heç bir dövlətin kəşfiyyat məqsədilə istifadəsi üçün şəraitin yaradılmayacağını təsdiqləyib.
NATO-nun baş katibi müxalifət nümayəndələri və Türkiyə Prezidenti Abdulla Güllə görüşüb. Danışıqlarda NATO-Türkiyə münasibətləri, Yaxın Şərq və Afrika ölkələrindəki böhranlı vəziyyət müzakirə edilib. Şimali Atlantika Alyansının rəhbəri müxalifətçilərlə görüşdə deyib ki, onun rəhbərilk etdiyi qurum Suriyaya müdaxiləni düşünmür. Çünki bu regional məsələdir və onun dialoq, eləcə də demokratik dəyişikliklər şəklində həlli daha məqsədəuyğundur.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə şam yeməyində bir araya gələn Anders Foq Rasmussen Şimali Atlantika Alyansının mövqeyini mətbuat konfransında ifadə edib. KİV nümayəndələrinə açıqlama verən Rasmussen bildirib ki, tərəflərin diqqətdə saxladığı əsas məsələ Türkiyədə qurumun qurduğu radar sistemi və bu sistemdən qeyri dövlətlərin istifadəsidir. Biz buna yol verməyəcəyik. NATO-nun baş katibi də Türkiyədəki radar sisteminin müdafiə xarakterli olduğunu və kəşfiyyat məqsədilə istifadəsinin yolverilməzliyini diqqətə çatdırıb. O deyib: "Radar sistemi vasitəsi ilə əldə olunan məlumatlar kəşfiyyat məqsədilə üçüncü ölkələrə verilməyəcək. Bu məlumatları yalnız qurumun üzvü olan müttəfiq ölkələrlə bölüşə bilərik. Çünki radar sistemi müdafiə xarakterlidir və NATO da müttəfiq ölkələrin xalqlarını qorumaq kimi ağır bir məsuliyyət daşıyır".
Türkiyənin xarici işlər naziri bu radar sisteminin nəzdində İsrailə məxsus raketin sınaqdan keçirildiyinə dair yayılan xəbərləri isə təkzib edib.

Elçin ABBASOV, "Xalq qəzeti"

19 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar