→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Misirdə baş vermiş aksiyada ölən və yaralananlar var

Misirdə baş vermiş etiraz aksiyasında 2 nə fər ölüb, 600-ə qədər insan ağır xəsarət alıb. Aksiya iştirakçıları futbol matçı zamanı baş verən insidentin araşdırılmasını tələb ediblər.
Xatırladaq ki, fevral ayının 1-də Misirin Port-Səid şəhərində futbol matçı zamanı 74 nəfərin ölümü ilə nəticələnən insidentin baş verməsi ölkədə yeni etirazlara səbəb olub. Ötən gün paytaxt Qahirədə və bir neçə iri şəhərdə kütləvi etiraz aksiyaları keçirilib. Qahirədə nümayişçilərlə asayiş keşikçiləri arasında toqquşmalar baş verib. Nümayişçilərin Daxili İşlər Nazirliyinin binasına daxil olmağa çalışdığı bildirilir. Yerli telekanallar asayiş keşikçilərinin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi kadrları nümayiş etdirib.
Nümayişçilər Port-Səid şəhərində baş verən insidentə görə məsuliyyəti təhlükəsizlik qüvvələrinin üzərinə qoyur və onları hadisə zamanı tədbir görməməkdə ittiham edirlər. Təhrir meydanında yenidən etiraz çadırları görünüb.
Qeyd edək ki, Misirin Port-Səid şəhərində iki futbol komandasının azarkeşləri arasında dava və meydanda yaranmış basabas nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edilib.
Etiraz və qarışıqlıqdan istifadə edən bəzi silahlı dəstələr isə ölkə ərazisində qarətlə məşğul olmağa başlayıblar. "mignews.com" saytının verdiyi məlumata görə, Qahirədə dünyanın məşhur banklarından olan HSBS bankının şöbəsinə hücum olub. Havaya atəş açan silahlılar kassalardan pulları toplayaraq qaçmağa müyəssər olublar. Eyni vaxtda Qahirənin cənubunda 3 silahlı inkassator maşınına hücum çəkib. Maşında olan 542 min dolları götürən silahlılar ərazidən uzaqlaşıblar.

Elçin ABBASOV, "Xalq qəzeti"

4 Fevral 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar