→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Maldiv Respublikasının prezidenti istefaya getdi

Dünən Maldiv Respublikasının prezidenti Məhəmməd Naşid istefa verib. Ölkənin Müdafiə Nazirliyinin rəsmiləri bəyan ediblər ki, prezident öz postunu dövlət çevrilişi nəticəsində deyil, könüllü şəkildə təhvil verib. Bu barədə "Frans Press"ə istinadən RİA "Novosti" məlumat yayıb. 
"Bu, hərbi çevriliş deyil. Tamamilə çevriliş deyil", - deyə Maldiv Silahlı Qüvvələrinin mətbuat katibi bildirib. Onun sözlərinə görə, Maldiv Respublikasının prezidenti Məhəmməd Naşid dünən səhər saatlarında milli televiziyanın efirində çıxış edərək istefa verdiyini açıqlayıb. Prezidentin bəyanatı Ərəb dənizi regionundakı bu ada dövlətin paytaxtı Male şəhərində hərbi qulluqçular və polis əməkdaşları arasında baş verən qarşıdurmadan sonra səslənib. Yüzlərlə polis əməkdaşı dünən səhər saatlarında müxalifətçilərlə hökumət tərəfdarlarından ibarət qrupları bir-birindən ayırarkən hakimiyyətdən polis zəncirini ləğv etmək barədə əmr aldıqdan sonra etiraz aksiyası keçirməyə başlayıb. Polislər bu əmrin qeyri-qanuni olduğunu iddia edərək Naşidin istefası ilə bağlı şüarlar səsləndiriblər.
Hadisə yerində işləyən Qərb mətbuatı nümayəndələrinin yerli şahidlərə istinadən verdikləri xəbərlərə görə, Daxili İşlər Nazirliyinin qiyamçı əməkdaşları hökumətyönlü kanal olduğu halda xalqı prezidenti devirməyə çağıran müxalifət telekanallarının verilişlərini yayımlamağa başlamış MNBC yayım korporasiyasına hücum edərək onu ələ keçiriblər.
Qeyd edək ki, Maldivdə etiraz nümayişləri keçən aydan başlayaraq davam etməkdədir. Etirazlar isə Prezident Naşidin ölkənin Cinayət Məhkəməsinin başçısını həbs etmək barədə əmr verməsindən sonra başlayıb. Prezident məhkəmə başçısını respublikanın sabiq prezidenti Mömin Abdul Qəyyumun sərəncamlarını yerinə yetirməkdə ittiham edib.
Onu da xatırladaq ki, Maldiv artıq ilin əvvəlindən etibarən siyasi böhran həddinə gəlib çıxıb. Buna səbəb isə hökumətin ölkədəki turizm sənayesinin əsas gəlir mənbəyi olan yüzlərlə əyləncə mərkəzinin və massaj salonlarının bağlanması haqqında sərəncam verməsi olub. Sərəncam adada böyük siyasi qalmaqal doğurub. Sonradan məlum olub ki, bağlanmalı olan sağlamlıq mərkəzlərinin çoxu müxalifət liderlərinə məxsusdur. Belə olan halda prezident hökumətin qəbul etdiyi qərarı dəyişməli olub. Ancaq bu yolla da sabitliyi bərpa etmək mümkün olmayıb və nəticədə prezident istefa verməli olub.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

 

8 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar