
Ötən ilin sonunda elan edilən Liviyada vətəndaş müharibəsi davam edir. Bir çox siyasi müşahidəçinin ehtimal etdiyi kimi, ölkədə mərkəzi hakimiyyət hələ də zəif olaraq qalır və vəzifələrini səmərəli şəkildə yerinə yetirə bilmir. Çoxsaylı silahlı dəstələr isə hələ də Liviya küçələrində söz sahibi olduqlarını nümayiş etdirməyə çalışır. Bunun nəticəsidir ki, Liviyanın müxtəlif bölgələri yenidən xaosla üz-üzə qalmaq təhlükəsi qarşısındadır.
Əslində Liviyada cərəyan edən son hadisələr heç kimdə təəccüb doğurmadı. Ona görə ki, siyasi təlatümlərədək Liviyada ölkənin idarəçiliyini üzərinə götürəcək institutların olmadığı bilinirdi. Ölkədə nə güclü siyasi partiya, nə güclü siyasi xadimlər, nə də güclü ordu var idi. Bundan başqa, müxtəlif siyasi-dini baxışları paylaşan qüvvələrin cəmləşdiyi üsyan hərəkatında güclü liderlərin olmaması da mənfi faktor kimi ümumi mənzərəyə təsir göstərir. Polkovnik Müəmmər Qəddafiyə qarşı vuruşmaq-üsyançıları birləşdirən yeganə amil idi və Liviya liderinin devrilməsindən sonra hərəkat üzvləri arasında ölkənin gələcəyi barədə fikir ayrılığı baş qaldırdı. Milli Keçid Şurasının (MKŞ) lideri Mustafa Abdel Cəmil Qərbdə hörmətlə qarşılansa da, Liviyada arzuolunan siyasi nüfuza malik deyil. Bütün bunların nəticəsidir ki, çoxsaylı "inqilabi dəstələr" mərkəzi hökumətə yox, komandirlərinə sədaqətlik nümayiş etdirirlər. Belə vəziyyətdə də Liviyada normal hüquqi sistemin yaradılması yubanır və yaranmış boşluğu hələ də silahlı insanlar doldururlar.
Nəhayət, ölkədə dəyişikliklərin baş vermədiyini, əksinə, mərkəzi hakimiyyətin vəzifələrinin öhdəsindən lazımi səviyyədə gələ bilmədiyini müşahidə edən sıravi liviyalılar da vəd olunan addımların atılmasını tələb edirlər. Tələblərinin nə qədər ciddi olduğunu göstərən ölkə vətəndaşları yanvarın 22-də Liviya üsyanının vətəni sayılan Benqazi şəhərində ayağa qalxdılar. MKŞ-nın Benqazidə yerləşən mənzil-qərargahını alt-üst edən şəhər sakinləri mərkəzi hökumətdən maliyyə sahəsində nizam-intizam yaratmağı və neft satışından əldə olunan gəlirlərin xərclənməsi barədə məlumat verməyi tələb etdilər. Səbri daşmış nümayişçilərlə görüşən MKŞ-nın lideri Mustafa Abdel Cəmil narazı kütləyə tələblərin yerinə yetiriləcəyinə söz verdi. Qəzəblənmiş nümayişçilərdən bir neçə ay vaxt istəyən MKŞ liderinin xəbərdarlıq etdiyi də bildirilir. Onun sözlərinə görə, iğtişaşlar başlayarsa, Liviya böyük uçuruma yuvarlanacaq. Bu bəyanatdan bir gün sonra Bani-Valid şəhərində baş verən iğtişaşlar göstərdi ki, Abdel Cəmil heç də əbəs yerə narahatlıq keçirmir.
Bani-Valid öldürülmüş Müəmmər Qəddafi tərəfdarlarının mövqelərinin həmişə güclü olduğu şəhər kimi tanınırdı. Buna görə də, rejim devrildikdən sonra şəhərdə yerli sakinlərə qarşı təzyiq göstərilməsi barədə məlumatlar yayılırdı. Vəziyyəti analiz edən siyasi müşahidəçilər şəhərdə təhlükəsizliyin və insan hüquqlarının qorunması sahəsində ciddi problemlərin olduğunu bildirir və yerli sakinlərin hər an ayağa qalxaraq etirazlarını şiddətlə bildirəcəklərini istisna etmirdilər. Belə də oldu. Yanvarın 23-də şəhərdə yerləşən həbsxanalardan birinə basqın edən sakinlər yaxınlarını və qohumlarını azadlığa buraxdılar və bunun ardından da şəhərdə formal olaraq mərkəzi hökumətə tabe olan silahlı dəstələrə qarşı döyüşə girişdilər.
Nəticə MKŞ üçün ürəkaçan sonluqla yekunlaşmadı, çünki hərbi qruplaşmanı Bani-Validdən qovan şəhər sakinləri mərkəzi hakimiyyətlə münasibətlərinin gələcəyi barədə danışmağa başladılar. Bu isə artıq separatizm meylindən xəbər verir. Doğrudur, heç kim yenidən qan tökmək istəmir, ancaq yaranmış vəziyyət də heç kəsi razı salmır. Bununla belə, ehtimal etmək olar ki, MKŞ müəyyən müddətə Bani-Validi sakit buraxacaq. Ona görə ki, şəhərdə baş verən hadisə ölkənin digər narazı şəhərləri üçün pis nümunə ola bilər. Buna görə də, Bani-Valid şəhərinin özünüidarəetmə məsələsi MKŞ liderlərini çox düşündürəcək. Hələlik isə mərkəzi hakimiyyət şəhər sakinlərinə mer seçmək hüququ verməyə razı oldu. Seçkilər normal alınarsa, Liviyanın digər şəhərlərində də analoji addımların atılmasına icazə veriləcək.
Bir sözlə, Liviyada cərəyan edən son hadisələr belə düşünməyə əsas verir ki, ölkədə tamdəyərli sülhün bərqərar olmasına hələ çox var. Buna görə də, mərkəzi hakimiyyətin güclənməsi ləngiyərsə, mərkəzdənqaçma tendensiyası güclənəcək. O zaman Liviyanın növbəti qarşıdurmaların mərkəzinə çevriləcəyi qaçılmaz olacaq.
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
3 Fevral 2012, Cümə