→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Köln şəhərində türk qəzetinin redaksiyasına hücum edilib

Almaniyanın Köln şəhərində türk qəzeti olan "Zaman" qəzetinin redaksiyasına hücum edilib. Hadisə axşam saat 23:00-da baş verib (Moskva vaxtı ilə gecə saat 2:00). Polis şübhəli bilinən iki nəfəri saxlayıb. Onlardan birinin 17, digərinin isə 22 yaşı var.
Polisin məlumatına görə, redaksiyaya hücum siyasi xarakter daşıyıb. Hücuma səbəb Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdulla Öcalanın həbsinin 13-cü ildönümü olub. Polisin mətbuat katibi bildirib ki, müstəntiqlər belə hesab edirlər ki, hücumu sağ ekstremistlər də edə bilər.
Bundan əlavə, redaksiyaya hücum olunmamışdan yarım saat əvvəl naməlum şəxslər türk kafesinə hücum edərək şüşələri sındırıblar. Xəsarət alan isə olmayıb. Qeyd edək ki, kafe ilə redaksiya arasında məsafə bir-birindən çox uzaqdır.
Lakin tezliklə məlum olub ki, kafeyə və redaksiyaya hücum edən naməlum şəxslər üzərində "Kürdüstan" yazılmış mayka geyiniblərmiş. Onlar Abdulla Öcalanın azadlığa buraxılmasını tələb ediblər.
Xatırladaq ki, Kürdüstan Fəhlə Partiyası 1978-ci ildə yaradılıb. Bu partiyanın əsas məqsədi Türkiyə Respublikası ərazisində müstəqil kürd dövləti yaratmaqdır. Partiyanın lideri Abdulla Öcalan 1999-cu ilin 15 fevralında həbs olunub və ona ölüm cəzası kəsilib. Lakin az sonra ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunub.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

19 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar