→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

İsveçrədə miqrantlarla bağlı referendum keçiriləcək

İsveçrə ölkəyə miqrantların gəlişinin məhdudlaşdırılması ilə bağlı referendum keçirəcək. Qeyd edək ki, İsveçrənin 8 milyona yaxın əhalisinin 1,8 milyonunu miqrantlar təşkil edir.
"Kütləvi miqrasiyaya qarşı" kampaniyası keçirən mühafizəkar İsveçrə Xalq Partiyası referendumun keçirilməsi üçün 136 min (tələb olunduğundan 36 min artıq) imzanı Berndə hökumətə təqdim edib.
"Neue Züricher Zeitung" qəzetinin yaydığı məlumata görə, bu təşəbbüs və qısa zamanda yüksək sayda imzaların toplanması İsveçrə Xalq Partiyasının təkcə təşkilati və maliyyə gücünə dəlalət etmir. Bu, eyni zamanda, miqrasiya və miqrantlar mövzusunun cəmiyyətdə necə aktual olduğundan xəbər verir. Partiyanın məqsədi referendum yolu ilə ölkəyə miqrant axınının idarə olunması, kvotalar tətbiq etməklə məhdudlaşdırılması və ölkənin əmək bazarı üçün miqrantların ölkəyə daxil olmasından əvvəl seleksiyasının aparılmasını təmin edən qanunun qəbul edilməsinə nail olmaqdır.
Məlumat üçün deyək ki, bu təşəbbüsün əleyhdarları isə yeni qanunun miqrasiya ilə bağlı heç bir iqtisadi-sosial problemi çözməyəcəyini, üstəlik insanların sərbəst hərəkəti və məskunlaşmasına dair Avropa Birliyi ilə bağlanmış bir sıra ikitərəfli sazişlərə təhlükə yaradacağını irəli sürürlər. İsveçrə büdcəsinə daxil olan hər üç frankdan birinin Avropa Birliyinin üzvü olan ölkələrlə ticarətdən qazanıldığını xatırladan tənqidçilər İXP-ni öz populist ideya və təşəbbüsləri vasitəsilə AB ilə əməkdaşlığa zərbə vurmamağa çağırıblar.
Qeyd edək ki, İsveçrədə daimi yaşayış statusuna malik əcnəbilərin təxminən yarısı AB üzvü olan ölkələrin vətəndaşlarıdır. Əgər əhali referendumda İXP-nin təşəbbüsünü dəstəkləyərsə, bu zaman AB ilə imzalanmış bir sıra saziş və razılaşmalara yenidən baxılmalı olacaq.

Elçin ABBASOV, "Xalq qəzeti"

17 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar