→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

İraqda terror aktları ara vermir

İraqda ictimai-siyasi vəziyyət olduqca qeyri-sabitdir. Elə gün olmur ki, bu ölkədə ağır fəsadlarla müşayiət olunan partlayışlar baş verməsin. Ən son məlumata görə, dünən, Bağdadın şimal-şərqində polis təlim akademiyasını hədəfə alan intiharçı azı 19 adamın həyatına son qoyub. Hospital rəsmilərinin dediklərinə görə, yaralananların sayı azı 26 nəfərdir. 
Mən yerdə çoxlu bədən üzvləri, qana bələnmiş papaqlar və çəkmələr gördüm. Maşınlar alov içində idi, - deyə akademiyada çalışan polis bildirib. KİV həmçinin yazır ki, ölənlərdən beşi polis zabiti, digərləri isə kursantlardır.
Analitiklər belə bir məqama diqqət yetirirlər ki, intiharçı hücum şiə təriqətinə mənsub olan İraqın baş naziri Nuri əl-Maliki ilə sünnilərin çoxluq təşkil etdiyi "İraqiyyə" siyasi bloku arasında qarşıdurmanı yenidən gücləndirə bilər.
Bundan bir neçə gün əvvəl isə İraq paytaxtında, əsasən şiələrin yaşadığı ərazilərdə törədilən dörd bomba hücumları azı 13 nəfərin ölməsinə, 70-dən çox insanın yaralanmasına səbəb olmuşdur. Rəsmilər bomba hücumlarından birinin Bağdadın Sədr qəsəbəsində, bir qrup insanın iş tapmaq üçün toplaşdığı yerdə partladıldığını, nəticədə 7 nəfərin öldüyünü, 20-dən çoxunun yaralandığını deyirlər.
Həmin ərazidə həyata keçirilən başqa hücumun isə 2 nəfərin ölümünə, onlarca insanın yaralanmasına səbəb olduğu bildirilir. Digər iki partlayış Bağdadın şimal Şula və Hüriyyə məhəllələrində baş verib və üç nəfər həlak olub.

M. HACIXANLI, "Xalq qəzeti"

 

22 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar