→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Hillari KLİNTON: ABŞ Qafqazda sülh, sabitlik və inkişafı dəstəkləyəcək

Bu günlərdə ABŞ Konqresində çıxış edən dövlət katibi Hillari Klinton bildirib ki, ölkəsi 2012-ci və növbəti illərdə Qafqazda sülh, sabitlik, demokratiya, insan haqları və inkişafı dəstəkləyəcək. Bununla bağlı fikirlərini o, "2013-cü ildə beynəlxalq münasibətlər və Konqresin büdcə təsdiqləmələri" ilə bağlı iclasında səsləndirib. 
ABŞ-ın dövlət katibi Ermənistan-Azərbaycan münaqişəsinə də toxunaraq qeyd edib ki, "Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Minsk qrupundan olan tərəfdaşları ilə birgə çalışır".
Digər regional münaqişələrlə bağlı ABŞ-ın mövqeyini səsləndirən xanım Klinton Gürcüstan ərazisində mövcud olan Abxaziya və Cənubi Osetiya münaqişələrinə də toxunub: "Gürcüstan hələ də Abxaziya və Cənubi Osetiya münaqişələri ilə üz-üzədir. Bu münaqişələrə Rusiya ilə 2008-ci ilin avqustunda baş vermiş hadisələri də şamil etmək olar. Bununla belə, bu ölkədə gündəlikdə olan ambisiyalı siyasi və iqtisadi islahatlar davam etdirilir. ABŞ-ın məqsədi suveren, bütöv, demokratik və inkişaf edən Gürcüstanı güclü tərəfdaş və regionda demokratik dəyişiklik və islahatların potensial modeli kimi təhlükəsizlik və siyasi məsələlərdə dəstəkləməkdir".
ABŞ dövlət katibinin fikrincə, bütün ziddiyyətlərə baxmayaraq, Birləşmiş Ştatlar Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşmasının tərəfdarıdır. O bildirib ki, Avropada Silahlara Nəzarət Qurumu bu məkanda sabitlik və təhlükəsizliyi möhkəmləndirmək üçün silahlara nəzarət sisteminin yeniləşdirilməsində mühüm addımlar atıb: "Bununla belə, Rusiya ilə həll edilməmiş fikir ayrılıqları, eləcə də Avropadakı "dondurulmuş münaqişələr" NATO alyansının yeni çərçivədə Avropada silahlara nəzarət istiqamətində danışıqlara başlamasına mane olub". Bu cür münaqişələrə misal olaraq dövlət katibi Azərbaycanda Dağlıq Qarabağ, Moldovada Dnestryanı, Gürcüstanda isə Cənubi Osetiya və Abxaziya münaqişələrini göstərib.
Xanım Klinton, eyni zamanda, 2013-cü ildə Obama Administrasiyasının xarici ölkələrə ayırdığı humanitar yardımların miqdarını əvvəlki illərlə müqayisədə 300 milyon dollar azaldacağını da bəyan edib: "Biz Avropa, Avrasiya və Mərkəzi Asiyada bütün yardımları 2013-cü ildə 18 faiz azaltmağı planlaşdırırıq".

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

19 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar