
Fransalı senatorların qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvi tələbi ilə ölkənin Konstitusiya Şurasına (Məhkəməsinə) müraciətindən sonra bu qanunun, eləcə də yəhudi soyqırımı ilə bağlı qanunların ləğvi gözlənilir. Bu barədə məlumatı dünən Türkiyənin NTV telekanalı yayıb.
Məlumata görə, Fransa prezidenti Nikola Sarkozinin lideri olduğu Xalq Hərəkatı Birliyi Partiyasının Senatdakı qrupunun rəhbəri, ermənipərəstliyi ilə seçilən Cean Klaude Kaudin bildirib ki, Fransanın Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ləğv edəcəyi gözlənilir. Qanunun Konstitusiya Şurasına çıxarılmasından olduqca məyus olduğunu deyən Cean Klaude Kaudin Konstitusiya Şurasının hətta 2001-ci ildə qəbul edilmiş "erməni soyqırımı"nın tanınması və yəhudi soyqırımının inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan iki qanunu da ləğv edə biləcəyini söyləyib. Marseldə Fransa Ermənilərinin Koordinasiya Şurasında çıxış edən Cean Klaude Kaudin bildirib ki, parlamentin qondarma "erməni soyqırımı"nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu yenidən gündəmə gətirmək üçün lazımi qədər vaxtı da yoxdur.
Qeyd edək ki, Fransa Milli Assambleyası və Senatının qəbul etdiyi "erməni soyqırımı"nı inkara görə cəza qanunu son vaxtlar Türkiyə və Azərbaycan ictimaiyyəti, eələcə də dövlət rəsmilərinin israrlı etirazları ilə qarşılaşıb. Bu günlərdə isə Fransa Senatının üzvü Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda olub, dövlət rəsmiləri, məcburi köçkünlərlə görüşüb.
Bir müddət əvvəl isə Türkiyə mətbuatı xəbər vermişdi ki, bir qrup senatorun imza toplayraq Konstitusiya Şurasına müraciət etməsi Fransa prezidenti Nikola Sarkozini ciddi narahat edib. Məlumata əsasən, qondarma "erməni soyqırımı"nı inkara görə cəza qanununun ləğvini tələb edən Fransa parlamentarilərinin Konstitusiya Şurasına müraciətindən sonra prezident Sarkozi senatorların bir qrupu ilə görüş keçirib. Qanunun qəbul edilməsinin əsas təşəbbüskarlarından olan prezident parlamentarilərlə görüşdə onların hərəkətindən ciddi narahat olduğunu etiraf edib. Sarkozinin öz fikrini hətta "bu addım mənə xidmət etmədi" şəklində ifadə etdiyi bildirilir.
Qeyd edək ki, fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv edilməsi üçün 77 imza toplamışdılar. Fransa qanunlarına görə isə, Konstitusiya Şurasına müraciət üçün 60 imza yetərlidir.
Onu da xatırladaq ki, yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib. Fransa Senatının alt palatası - Milli Assambleya isə həmin layihəni hələ keçən il dekabrın 22-də qəbul etmiş və sonradan Senata təqdim etmişdi.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cərimə nəzərdə tutur.
Ermənistan və xarici ölkələrdəki erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırımı törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyıblar. Fransa da bu ölkələr sırasındadır. Ancaq, əslində, bu dövlətlər, eləcə də Fransa tərəfindən tarixi hadisələr təhrif olunur, elə həmin 1915-ci ildə ermənilərin Osmanlı dövlətinə qarşı üsyan qaldırdıqları, ölkənin bir sıra ərazilərində dinc əhaliyə divan tutmağa başladıqları, milyonlarla dinc türkü vəhşiliklə qətlə yetirdikləri kimi tarixi faktların üstündən sükutla keçilir. Bu sükutun səbəbi isə odur ki, bəzi Qərb dövlətləri, ilk növbədə isə Fransa ermənilərin üsyana qaldırılmasının əsas təşəbbüskarları olmuşdur. Sonradan yaşadıqları ölkəyə xəyanətdə suçlandırılan ermənilərin Osmanlının ucqar ərazilərinə köçürülməsi barədə qərar qəbul edilmişdir.
Özünü insan haqları və fikir azadlığının carçısı kimi qələmə verən bəzi Qərb ölkələri, o cümlədən Fransa aradan yüz ilə qədər vaxt keçməsinə baxmayaraq ermənilərin qətlə yetirdiyi günahsız türk insanlarının haqlarını qulaqardına vururlar. Elə iyirminci əsrin əvvəllərində və sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaq iddiları zəminində Bakıda, Şamaxıda, Qubada, Dağlıq Qarabağda, nəhayət, 1992-ci ilin 25-26 fevralında Xocalıda ermənilərin soyqırımına məruz qalmış yüz minlərlə insanın günahsız qanı da Fransa tipli ölkələr üçün önəm daşımır. Belə olsaydı, cəmi 20 il əvvəl baş vermiş və 613 dinc sakinin qətli ilə nəticələnmiş Xocalı soyqırımı Fransa parlamenti tərəfindən tanınmış olardı. Bu isə məsələyə ikili standartlardan kənar, əsl ədalətli yanaşma olardı.
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
9 Fevral 2012, Cümə axşamı