→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

FİFA prezidenti Port-Səiddə baş verənləri "futbol tarixində qara gün" adlandırmışdır

FİFA prezidenti Yozef Blatter Misirin Port-Səid şəhərinin stadionunda 74 nəfərin ölümü ilə nəticələnmiş iğtişaşları kəskin şəkildə pisləmişdir. Blatter dünən baş verənləri "futbol tarixində qara gün" adlandırmışdır.
Blatterin bəyanatında deyilir: "Bu cür faciəni təsəvvür etmək belə çətindir. Bu hadisələr olmamalıydı. Mən çoxlu sayda azarkeşin Port-Səiddə keçirilən oyundan sonra həlak olması və yaralanmasından sarsılmışam və kədərlənmişəm".
Xatırladaq ki, Port-Səid şəhərinin "Əl-Masri" və Qahirənin "Əl-Əhli" komandalarının görüşündən sonra baş vermiş iğtişaşlar zamanı 74 nəfər həlak olmuşdur. Yerli komandanın 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, yerli azarkeşlər oyundan sonra qonaqların dəstək qrupuna, daha sonra isə məşqçi heyəti və oyunçularına hücum etmişlər. İlkin məlumatlara görə, qarşıdurmaya səbəb fasilə zamanı qonaq komandanın azarkeşlərinin qaldırdıqları təhqiredici plakat olmuşdur. Ümumilikdə stadionda təxminən 40 min azarkeş oyuna tamaşa etmişdir. Azarkeşlər "Əl-Əhli" komandasının oyunçularını portuqaliyalı baş məşqçi Manuel Jozeni döymüşlər. Təhlükəsizlik qüvvələri "Əl-Əhli"nin baş məşqçisini meydançadan çıxara bilmişlər. Klubun sahibi Həsən Həmdi isə qaçmaqla canını azarkeşlərin əlindən qurtarmışdır. Şahidlərin sözlərinə görə, həlak olanların çoxu Qahirə komandasının azarkeşləridir.

3 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar