
"Gündoğan" ölkənin addımları heyrət doğurur
Yaponlar enerji problemlərini məcburən həll edirlər. Ona görə ki, "gündoğan" ölkənin karbohidrogen ehtiyatları yoxdur. Bunun da nəticəsidir ki, Yaponiya uzun zamandır alternativ energetika sahəsini inkişaf etdirməklə məşğuldur. Əldə etdikləri uğurlarla yaponlar öyünə bilərlər.
Yaponiyanın böyük hissəsi dağlıq ərazidir. Böyük, kiçik və ya sadəcə təpə varsa, o zaman yüksəklikdən istifadə etməklə güclü su axınını enerjiyə çevirmək mümkündür. Amma Yaponiya ərazisinə görə o qədər də böyük ölkə deyil və güclü çay sistemi də yoxdur. Buna görə də, böyük su elektrik stansiyaları inşa etmək mümkün deyil. Lakin sadalanan problemə baxmayaraq, Yaponiyanın əksər bölgəsində kiçik həcmli su elektrik stansiyaları fəaliyyət göstərir. Doğrudur, həmin stansiyalar böyük həcmdə elektrik enerjisi vermir, ancaq ucuz başa gəlir və ən başlıcası ətraf mühitə ziyan vurmur. Belə kiçik stansiyalarla yaponlar, məsələn, turist bölgələrində otellərin işıqlandırılmasında və ya suvarma və digər işlərdə istifadə olunur.
Külək yaponların ən ümid etdikləri bərpa olunan enerji növlərindən biridir. Dəniz tərəfdən əsdiyindən külək generatorlarını sahildə tikirlər. Bəzi ölkələr onu dəniz şelfində də inkişaf etdirirlər. Lakin əldə edilmiş enerjini Honsü kimi adanın mərkəzinə gətirmək böyük itkiyə səbəb olur. Bundan başqa, külək mühərriklərindən istifadə böyük vəsait tələb edir. Hava axınının mütəmadi olmaması da külək mühərrikləri şəbəkəsinin yaradılmasını tələb edir ki, bu da elektrik enerjisinin fasiləsiz verilməsinə imkan yaradır. Yaponiya hökumətinin qəbul etdiyi plana əsasən külək mühərrikləri şəbəkəsi 2011-ci ildə 3 milyon kVt enerji istehsal etməyə imkan verməlidir. Mütəxəssislər rəqəmin o qədər də böyük olmadığını deyirlər. Məsələn, Almaniyada 17 600 ədəd külək mühərriki ölkənin istehlak etdiyi enerjinin 6 faizini istehsal edir. Yaponiya Avropa şirkətlərilə əməkdaşlıq edərək, külək mühərriklərinin istehsalında və istismarında xərclərin azaldılmasına nail olmağa çalışır. Lakin külək mühərrikləri hələlik bahalı layihə olaraq qalır. Bundan başqa, ətraf mühit müdafiəçiləri etiraz edirlər ki, quşlar və yarasalar pərlər altında məhv olur. Bununla belə, rəsmi Tokionun külək enerjisindən tam uzaqlaşmaq fikri yoxdur.
Yaponiyanın diqqətəlayiq nemətlərindən biri də yeraltı qaynar su bulaqlarıdır. Həmin mənbələrin üzərində çoxsaylı onsena-ənənəvi yapon hamamları inşa edilib. Yaponiyada ilk geotermal stansiyanın 1966-cı ildə inşa olunduğu məlumdur. 2000-ci ildə stansiyaların sayı 16-a çatıb. Geotermal stansiyalardan əldə olunan enerjinin həcmi ölkədə istehlak edilən enerjinin 0,2 faizinə bərabərdir. Bununla belə, Yer kürəsinin istiliyindən hovuzların, istilikxanaların və hətta yolların qızdırılmasında və qardan təmizlənməsində birbaşa istifadə edilir. Doğrudur, Yaponiya hökuməti 1997-ci ildə geotermal mənbələri baha başa gəldiyindən yeni energetikanın siyahısından çıxarmışdı. Ancaq bu gün rəsmi hökumət geotermal enerjiyə yenidən maraq göstərməyə başlayıb.
Soyuq da yaponların işinə yarayır. Daha doğrusu, yaponlar soyuqdan da yararlanmağı bacarırlar. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi Hokkaydo adasında tonlarla qar kütləsindən necə istifadə edilməsinə həsr olunmuş xüsusi kitabça yayımlayır. Bu istiqamətdə konkret iş görən şirkətlər də var. Burada qeyd etmək yerinə düşərdi ki, qar saxlanılan anbarların inşası da ucuz başa gəlmir. Bununla belə, yaponlar qar anbarlarına maraqlarını itirmirlər. Məsələn, avtomobil hissələri istehsal edən "Denso" şirkəti soyutma sistemindən istifadə etməyə başlayıb. Şirkət bununla elektrik enerjisinə qənaət etməyi, həm də ətraf mühitə buraxılan karbon qazının həcmini azaltmağı düşünür. Ümumiyyətlə, bu şirkət alternativ enerji mənbələrindən fəal şəkildə istifadə edir. "Denso"nun şirkətlərində külək və hidrogeneratorlar (suyun hərəkət qüvvəsini elektrik qüvvəsinə çevirən elektrik maşını) işləyir.
Yaponları daha çox maraqlandıran alternativ enerji mənbələrindən biri də, təbii ki, Günəş enerjisidir. Ümumiyyətlə, Yaponiyada Günəş enerjisi uğrunda bütün cəbhə boyu "ov" gedir. Yaponlar hətta kiçicik şüanı belə əldən buraxmaq istəmirlər. Məsələn, "Sanyo Electric" şirkəti "Solar Light" adlı qurğu istifadə verib. Bir tərəfdən o Günəş batareyası, digər tərəfdən də işıqlı,odlu çıraq təsiri bağışlayır. Həmin qurğu gündüz enerji toplayır, axşam isə işıq saçır. Bundan başqa, onunla mobil telefonu enerjilə doldurmaq mümkündür. Akkumlyatoru tam doldurduqdan sonra qurğu 50 saat işıq saça bilir.
Təbii ki, daha böyük miqyaslı layihələr də var. Məsələn, Sakia şəhəri yaxınlığında, daha dəqiq desək, sənaye tullantıları rayonunda "Kansai Electric" şirkəti "Sharp Corporation"la birlikdə inşa etdiyi və hər birinin gücü 10 və 18 MBt olan iki Günəş ferması fəaliyyət göstərir. Belə bir ferma atmosferə ildə təqribən 10 min ton az karbon qazı buraxmağa imkan verəcək. "Sharp Corporation" şirkətisə artıq çoxdandır Günəş enerjisindən fəal şəkildə yararlanır. Şirkətin LCD panellərinin və LCD televizorlarının istehsal olunduğu Kameyame şəhərində yerləşən zavodunda Günəş ferması fəaliyyət göstərir. Ferma 5MBt enerji istehsal edir.
Bir sözlə, Yaponiya ənənəvi enerji resurslarından asılılığını minimuma endirmək istiqamətində fəaliyyətini dayandırmır. Bu da təbiidir, çünki hökumət ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerjinin əldə olunmasını və inkişaf etdirilməsini prioritet istiqamət sayır. Belə görünür, "gündoğan" ölkə yeni enerji erasında yaşamağa hazırlaşır. Lakin yaponlar neft və təbii qaz hələ tükənmədiyindən ənənəvi enerji mənbələrindən istifadə etməyi daha məqbul sayırlar. Bu mənada alternativ enerji sahəsində əldə etdikləri uğurlara görə yaponları təbrik etmək olar.
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
21 İyul 2010, Çərşənbə