→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Əfqanıstanda sülh danışıqları üçün hazırlıq görülür

Bəlli olduğu kimi, Birləşmiş Ştatlar 2014-cü ilə qədər Əfqanıstandan silahlı qüvvələrini çıxarmağı planlaşdırır. Ötən həftə Konqresdə illik kesabatla çıxış edərkən Prezident Barak Obama bu planı bir daha təsdiqləyib.
Ağ evin hazırkı sahibinin siyasi rəqibləri respublikaçıların böyük qismi bu məsələdə dövlət başçısını dəstəkləmirlər. Siyasi təhlilçilər hesab edirlər ki, B. Obama administrasiyası Əfqanıstan kompaniyasını başa çatdırmaqda qətiyyətlidir.
ABŞ hərbçiləri Əfqanıstanı tərk edəndən sonra vəziyyət necə olacaq? Ağ ev rəsmiləri problemin həllinin bir neçə variantı olduğunu bəyan edirlər. Onların fikrincə, bunlardan ən başlıcası Əfqanıstanda hələ ki barışmaz mövqe tutan tərəflərin - Talibanla hökumət nümayəndələrinin mümkün qədər tez sülh danışıqlarına başlamasıdır.
Sirr deyil ki, Ağ ev və Pentaqon tərəfindən bu istiqamətdə artıq müəyyən səylər göstərilir. "Amerikanın səsi" radiostansiyası bildirir ki, Qətərdə Talibanın vasitəçiləri və ABŞ rəsmiləri arasında qarşılıqlı etibarın yaradılması və qarşıdan gələn sülh danışıqlarına hazırlıqlar məqsədilə danışıqlar aparılır.
Talibanın keçmiş rəsmisi Maulavi Qələmuddin ilkin danışıqlarda beş vasitəçinin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, danışıqlarda ABŞ-ın Quantanamo hərbi həbsxanasındakı Taliban məhbuslarının azad edilməsinin mümkünlüyü məsələsi müzakirə ediləcək. O deyib ki, Dohada danışıqlarda bir neçə keçmiş Taliban rəsmisi və Talibanın lideri Molla Ömərin sabiq katibi iştirak edir.
ABŞ-ın xüsusi nümayəndəsi Mark Qrossman keçən həftə deyib ki, Birləşmiş Ştatlar və Əfqanıstan Talibanın Qətərdə təmsilçiliyinin açılmasına dəstək verib. Lakin onun sözlərinə görə, məhbusların azad edilməsinə dair hələlik bir qərar çıxarılmayıb.
Bu arada Əfqanıstanda yeni zorakılıq hadisəsinin baş verdiyi barədə məlumatlar yayılıb. Belə ki, Qəndəhar aeroportunda intiharçının həyata keçirdiyi bomba hücumu zamanı, azı, 7 nəfər mülki vətəndaş öldürülüb. Qəndəhar polis rəisi Əbdül Rəzaq xəbəri təsdiq edərək partlayışın aeroportun girəcəyi yaxınlığında baş verdiyini deyib. Taliban hücumun məsuliyyətini öz üzərinə götürərək, hədəfin NATO qüvvələrinə məxsus maşınlar olduğunu vurğulayıb.
İki gün əvvəl isə rəsmilər ölkənin cənubundakı Helmənd vilayətində baş vermiş iki bomba hücumunun 16 nəfərin ölümünə səbəb olduğunu bildirmişdilər. Bu intiharçı hücumlarından birinin Kəcaki mahalında həyata keçirildiyi, nəticədə, 10 mülki vətəndaşın və iki polis işçisinin öldüyü, digər hücumun isə Hadəli mahalında baş verdiyi deyilir.

M. HACIXANLI, "Xalq qəzeti"

31 Yanvar 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar