
Fevralın 15-də BMT-nin Baş Assambleyasına Suriya üzrə yeni qətnamə çıxarılıb ("Frans-Press").
Diplomatik mənbələrə istinadən yayılan məlumatda bildirilir ki, qətnamə Səudiyyə Ərəbistanı və Qətərin təmsilçiləri tərəfindən hazırlanaraq, fevralın 14-də Baş Assambleyaya təqdim olunub. Qətnamə üzrə səsvermənin fevralın 16-da keçiriləcəyi gözlənilir.
Sənəddə Suriya Prezidenti Bəşər Əsədə antihökumət nümayişçilərinə qarşı zorakılığın dayandırılması və vəzifəsini tərk etmək çağırışı edilib. Sənəd müəllifləri bu ölkəyə BMT-nin xüsusi səfirinin göndərilməsini təklif ediblər.
Qətnamə layihəsi Ərəb Dövlətləri Liqasının Suriyadakı vəziyyətin nizamlanması üzrə təklif etdiyi plana bənzəyir. Amma yeni layihədə Suriyaya sülhməramlılar missiyasının göndərilməsi ilə bağlı Liqanın təşəbbüsü xatırladılmayıb.
Qeyd edək ki, fevralın 4-də BMT Təhlükəsizlik Şurasının Suriya üzrə təklif etdiyi qətnamə Rusiya və Çinin vetosu üzündən qəbul edilməmişdi. Odur ki, ekspertlər Moskva və Pekinin Baş Assambleyaya çıxarılacaq qətnamə layihəsinin də əleyhinə çıxacaqlarını istisna etmirlər. Lakin bu dəfə Rusiya və Çin sənədin qəbul olunmasına əngəl ola bilməyəcəklər, çünki Baş Assambleyada heç bir ölkə veto hüququna malik deyil. Diplomatlar hesab edirlər ki, Suriya üzrə qətnamə bu dəfə qəbul olunacaq.
Xatırladaq ki, bu, Baş Assambleyanın Suriya üzrə qəbul edəcəyi ilk qətnamə olmayacaq. 2011-ci il dekabrın 19-da Baş Assambleya Suriya hakimiyyətinin ölkədəki etirazların yatırılması üzrə hərəkətlərini pisləyən sənədi qəbul etmişdi. O zaman sənədin lehinə 192 üzv ölkədən 133-ü səs vermişdi.
Bu arada isə Suriyanın Homs şəhərində güclü yanğın baş verib. Magistral neft kəmərində baş verən partlayış Homs şəhərinin kənarında güclü yanğının başlamasına səbəb olub.
"BBC News" xəbər verib ki, şəhərdən yayımlanan kadrlarda qatı qara dumanın səmaya ucaldığı aşkar görünür. Hesab olunur ki, alov bir neçə mənbəyə malikdir. Bir neçə saat davam edən yanğının getdikcə gücləndiyi vurğulanıb.
Suriya hökuməti "silahlı terror dəstələrini" diversiya törətməkdə ittiham edib. Üsyançılar isə bildiriblər ki, neft kəməri səmadan bombalanmaya məruz qalıb. Bəzi məlumatlara görə, Homsun növbəti dəfə artilleriya atəşinə tutulması zamanı neft kəməri yanlışlıq üzündən zədələnib. Qeyd edək ki, yanğının davam etdiyi neft kəməri Dəməşqi və Suriyanın cənub rayonlarını xammalla təchiz edir. Bu kəmər bir neçə dəfə diversiya obyekti olub və hər dəfə də tərəflər partlayışa görə məsuliyyəti bir-birlərinin üzərinə atıblar.
Xatırladaq ki, hökumət qoşunları artıq 12-ci gündür Homsa hücum edir. Əməliyyat zamanı ordu zirehli texnikadan, artilleriyadan və digər ağır silahlardan istifadə edir. Son günlər ərzində şəhərdə onlarla insan həlak olub.
Fevralın 15-də isə hökumət qoşunları texnikanın köməyi ilə Homsun qonşuluğunda yerləşən Hama şəhərinə və Dəməşqin kənarındakı Barza rayonuna da hücuma keçib. Suriyadakı 11 aylıq qarşıdurma zamanı bu ölkənin 6 mindən çox vətəndaşı həlak olub.
Qəzənfər QASIMOV, "Xalq qəzeti"
16 Fevral 2012, Cümə axşamı