
SSRİ -nin süqutundan sonra dünyada böyük ictimai-siyasi dəyişikliklər baş verib. Ən önəmlisi isə odur ki, bir çox Qərb analitiklərinin cəsarətlə qeyd etdikləri kimi, artıq dünya ikiqütblü deyil, birqütblüdür. Yəni artıq dünya iki qütbdən - SSRİ-dən və ABŞ-dan deyil, bir qütbdən ABŞ-dan idarə olunur. Doğrudur, Qərbdə, eləcə də Şərqdə bir çoxları məhz belə düşünür: dünyanın idarə olunmasında Rusiyanın rolu, demək olar ki, heçə endirilir. Bəs əslində, necədir? Doğrudanmı, Rusiya artıq heç bir önəm daşımır, yaxud dünyada baş verən qlobal ictimai-siyasi proseslərə təsir etmək gücündə deyil?
Maraqlıdır ki, bu suala İtaliyanın "Leqno Storto" qəzetində cavab axtarılıb. Qəzetin bu günlərdə çıxan nömrələrindən birində bu məsələyə xüsusi diqqət yetirilib, hətta keçmiş SSRİ ərazisində yaranmış və hələ də davam edən Dağlıq Qarabağ və digər münaqişələrə də diqqət yetirilib.
Qəzet yazarı bir çoxlarının qəbul etdiyi məşhur fikrin əleyhinə olaraq qeyd edir ki, dünyada təhlükəsizlik və köhnə dünyanın beynəlxalq nüfuzu üçün əsas hədə Şərqdən gəlir. Müəllifin nəzərincə, İtaliya mətbuatı, kiçik istisnalar nəzərə alınmasa, keçmiş Sovet İttifaqına olduqca az diqqət ayırır. "İtaliyada əsasən Afrika, Cənubi Amerika haqqında danışmaq dəbdədir, ancaq Şərqi Avropa və yaxınlıqdakı keçmiş sovet Şərqi haqqında danışmağı sevmirlər"-deyə müəllif yazır.
Müəllif xüsusilə Dağlıq Qarabağ münaqişəsini xatırladaraq yazır ki, "Dağlıq Qarabağ münaqişəsi - keçmiş SSRİ ərazisindəki çoxsaylı etnik mübahisələrdən yalnız biridir və Moskva hələ çar dövründən bu cür münaqişələr vasitəsilə özünün regiondakı imperiya hegemonluğunu qoruyub saxlamaq üçün istifadə edir. Analoji nümunə üçün Krım məsələsini də göstərmək olar". Onun sözlərinə görə, Rusiya hazırkı MDB ərazisindəki etnik münaqişələri idarə etməklə, əslində, köhnə ənənələrini - imperiya ambisiyalarını həyata keçirir. Amma bunu Avropada sanki görmürlər, yaxud görmək istəmirlər. "Rusiyanın tarixi niyyətini avropalılar düzgün qiymətləndirməlidirlər: bu ölkə keçmiş sovet məkanında imperiya cəhdlərindən heç zaman əl çəkməyib. Bu, indiyədək də belə olub. 2012-ci ildə bu cəhdlər daha da güclənəcək, - deyə müəllif xəbərdarlıq edir. - Bu gün Moskva özünü Çin, Hindistan və Braziliya kimi superdövlət kimi göstərməyə çalışır: bütün bunlar siyasi planda planetin bir əyaləti olmaq taleyi ilə barışan Avropa İttifaqının maraqları ziddinə baş verir.
"Son aylarda Rusiyanın gözlənilən gələcək prezidenti Vladimir Putinin təşəbbüsü ilə Kreml köhnə SSRİ ölkələrini Avrasiya İttifaqı çərçivəsində öz ətrafında birləşdirib. Bu, Avropa İttifaqı modelində iqtisadi və siyasi inteqrasiya layihəsidir. Ancaq eyni zamanda, qlobal yarışmada Brüsselin rolunu məqsədli şəkildə azaltmaq niyyəti güdür. Hazırda Avropa İttifaqının avro böhranı yaşadığı, Birləşmiş Ştatların Qərb dəyərlərinin bütün dünyada qoruyucusu rolundan imtina etdiyi və Avropaya qazın əsasən Rusiyadan göndərildiyi bir vaxtda, qeyd etmək lazımdır ki, təhlükəsizlik və köhnə dünyanın beynəlxalq nüfuzu üçün əsas hədə Şərqdən gəlir"-deyə müəllif qeyd edir.
"Leqno Storto" yazarının fikrincə, Avropa indi bu məsələyə daha çox diqqət ayırmalıdır, nəinki islam təhlükəsi və Türkiyənin geosiyasi mövqelərinin güclənməsinə. Bu, Avropanın gələcəyinin xilası və avropalıların yeni nəsillərinin gələcəyi üçün daha vacibdir.
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
31 Yanvar 2012, Çərşənbə axşamı