→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Avropada qarlı və şaxtalı havalar davam edir

Avropada qarlı və şaxtalı hava can almaqda davam edir. Bəzi şəhərlərdə havanın temperaturu mənfi 30 dərəcəyə kimi düşüb. Temperaturun rekord həddə düşdüyü bildirilir. Belçikanın "Le Suağ" qəzetinin verdiyi məlumata görə, Avropada qarlı və şaxtalı havalarda ölənlərin sayı 163 nəfərə çatıb. Belçikada temperatur mənfi 16 dərəcəyə qədər enib. Evsiz insanlara yardım etmək məqsədilə sosial dairələr və könüllülər fəaliyyətə başlayıb. Ölkədə qaza və elektrik enerjisinə olan tələbat hədsiz yüksəlib.
Çexiyada isə vəziyyət daha da kəskinləşib. Paytaxt Praqa ilə yanaşı, digər şəhərlərdə də temperatur mənfi 28 dərəcəyə qədər enib. Donvurma nəticəsində 5 nəfərin öldüyü bildirilir.
KİV-lər Kosovoda da analoji vəziyyətin hökm sürdüyünü xəbər verir. Paytaxt Priştinadan qalxan bütün təyyarə relsləri təxirə salınıb. Ümumiyyətlə, ölkə ərazisində nəqliyyat iflic vəziyyətə düşüb. Meteoroloqlar isə şaxtalı və qarlı havaların ölkə ərazisində daha bir neçə gün davam edəcəyi barədə məlumat verib.
Bosniyada isə insanlara evdən çölə çıxmamaq məsləhət görülüb. Ölkə ərazisində temperaturun bəzi yerlərdə mənfi 30 dərəcəyə qədər endiyi bildirilir. Paytaxt Sarayevoda hava limanı və məktəblərin fəaliyyəti dayandırılıb. Bəzi bölgələrdə elektrik enerjisi çatışmazlığı yarandığı bildirilir.
Almaniyada da temperatur kəskin şəkildə düşüb. Ötən sutka isə ölkə ərazisində 2 nəfər donvurmadan həyatını itirib. Rəsmilər ölkədə son 26 ildə ən soyuq havalar keçdiyini bildirir. Temperaturun ölkənin bəzi yerlərində mənfi 15 dərəcəyə qədər endiyi bildirilir. Güclü şaxta və qar nəticəsində bəzi çaylar və göllər buz bağlayıb. Meteoroloqlar soyuq havaların fevral ayının sonuna qədər davam edəcəyini bildiriblər. Bəzi rayonlarda nəqliyyatın fəaliyyəti tamamilə dayanıb. "France-Presse" agentliyinin verdiyi məlumata görə, Ukraynada ölənlərin sayı 63 nəfərə çatıb.

Elçin ABBASOV, "Xalq qəzeti"

 

4 Fevral 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar