→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Avropa İttifaqı İrandan neft almağa qadağa qoyub

Bu günlərdə Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə bir araya gələrək İrana qarşı bir sıra sərt sanksiyaların qəbul olunması qərarını təsdiqləyiblər. Sanksiyalar, ilk növbədə iranın neft xammalının idxalına qadağa qoyur, həmçinin bu ölkənin Mərkəzi Bankına məxsus aktivlərinin dondurulmasını da nəzərdə tutur. 
Aİ İranı BMT Təhlükəsizlik Şurası qətnamələrini yerinə yetirməməkdə və nüvə silahı proqramını inkişaf etdirməkdə ittiham edir. Bəlli olduğu kimi, rəsmi Tehran bu qəbildən olan bütün ittihamları rədd edir. Rəsmi Vaşinqton Aİ-nin İrandan neft almaqdan imtina etməsini təqdir edib. Ağ evin sözçüsü bu qərarı "düzgün və ədalətli qərar"adlandırıb. Yəqin ki, xatırlayırsınız, ötən ilin dekabrında İrana qarşı analoji sanksiyalar ABŞ tərəfindən yeridilmişdi.
İrana qarşı sanksiyaların artıq bu həftənin sonuna qədər qüvvəyə minəcəyi gözlənilir. Aİ hazırda İran neftinin 20 faizini alır. İranla mövcud olan neft kontraktları isə iyulun 1-nə qədər dayandırılmalıdır.
Aİ-nin bu qərarı İranda kəskin narazılıqla qarşılanıb. İran rəsmisi bir daha bildirib ki, bu ölkənin nüvə silahı hazırlamaq niyyəti yoxdur və sanksiyalar vasitəsi ilə yox, danışıqlar yolu ilə problemi həll etmək olar. İrandakı sərt xətt tərəfdarları isə Aİ ilə əlaqələri kəsməyi tələb edirlər. Məsələn, İranın yüksək rütbəli siyasi xadimi Ali Fallahian "Fars" agentliyinə bildirib ki, rəsmi Tehran Avropa ölkələrinə neft satışını dərhal dayandırmalıdır.
Rusiya hökuməti də bu məsələyə münasibətini açıqlayıb. Bu ölkənin xarici işlər naziri Sergey Lavrov Aİ sanksiyalarını birtərəfli addım adlandıraraq, bu cür tədbirlərin problemin həllinə yardım etməyəcəyini bildirib. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Ketrin Eşton isə bildirib ki, sanksiyaların məqsədi İranı danışıqlara getməyə məcbur etməkdir.

Mahmud QƏZƏNFƏROĞLU, "Xalq qəzeti"

27 Yanvar 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar