→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Almaniya və ABŞ Misiri hədələdi

Buna səbəb Misirdəki hüquq müdafiə təşkilatları əməkdaşlarının məhkəməyə cəlb edilməsi olub ("Frans-Press").
Almaniyanın ARD mərkəzi telekanalının efirində çıxış edərkən XİN başçısı Qido Vestervelle Misirdəki müstəqil hüquq müdafiə təşkilatlarının əməkdaşlarının məhkəmə təqibinə məruz qalmasına hiddətləndiyini ifadə edib. Xatırladaq ki, ötən il dekabrın 29-da 17 yerli və xarici QHT-nin Misirdəki ofislərində axtarış aparılmışdı. Fevralın 5-də isə məlum olub ki, artıq bu təşkilatların 44 əməkdaşının işi məhkəməyə verilib. Hüquq müdafiəçiləri xaricdən qeyri-qanuni maliyyə yardımı almaqda, eləcə də Misirdə icazəsiz çalışmaqda ittiham olunurlar.
Vestervelle qərbli hüquq müdafiçiələrinə qarşı bu məhkəmə prosesini "yolverilməz" adlandırıb. Onun sözlərinə görə, Almaniyanın Misirlə əməkdaşlığının əsasında Qahirənin vətəndaş cəmiyyətini möhkəmləndirmək səyləri dayanır. XİN başçısı qeyd edib ki, Misir hakimiyyəti öz addımları ilə QHT-lərin ölkədə demokratiyanın inkişafına yönəlmiş işinə mane olur. Nazir söz verib ki, Misir rəhbərliyinə təsir edəcək və orada QHT-lərin işləmək hüququnun bərpa olunmasına nail olacaq. Vestervelle deyib ki, artıq bu məsələni Misir hökuməti və hərbi rəhbərliklə müzakirə edib.
Fevralın 4-də Təhlükəsizlik üzrə Münhen konfransında çıxış edərkən ABŞ-ın Dövlət katibi Hillari Klinton Misirdəki xarici QHT-lərin müdafiəsinə qalxıb ("Reuters"). O, Qahirəni hüquq müdafiəsi təşkilatlarını təqib etməyi dayandırmağa çağırıb. Dövlət katibi xəbərdarlıq edib ki, əks halda, Misirə hərbi yardım azaldılacaq. Hazırkı fiskal ildə Misirə hərbi yardım 1,3 milyard dollar təşkil edir.
Xatırladaq ki, 2011-ci ildə Misirin xüsusi xidmət orqanlarının və polisin axtarışına məruz qalan 17 yerli və xarici QHT-lərin arasında iki ABŞ təşkilatı və Almaniyanın Konrad Adenauer Fondu da var.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

7 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar