→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Ağ ev Suriyada Konstitusiya referendumunu gülünc adlandırdı

Bəlli olduğu kimi, Suriya iqtidarı ölkədəki kəskin ictimai-siyasi gərginliyi azaltmaq üçün yeni Konstitusiya qəbul etməyə hazırlaşır. İki gün əvvəl dövlət başçısı Bəşər Əsəd ölkə Konstitusiyasının yeni layihəsi üzrə referendumun keçirilməsinin tarixini də təyin edib. Sənədə görə, referendum bu ilin 26 fevralında baş tutmalıdır.
Qeyd edək ki, Suriyada Konstitusiya layihəsi üzərində iş ötən ilin oktyabrında başlanıb. Bu məqsədlə görkəmli hüquqşünaslar, iqtisadçılar, siyasi xadimlərdən ibarət Milli Komitə yaradılıb. Qurum üç gün əvvəl yeni layihəni ictimaiyyətin müzakirəsinə çıxarıb.
Komitə üzvləri hesab edirlər ki, yeni layihədə ölkə vətəndaşlarının bütün əsas hüquq və azadlıqları nəzərə alınıb. Onların sözlərinə görə, yeni Konstitusiya ölkədə ilk dəfə olaraq çoxpartiyalı sistemin tətbiqini mümkün edə bilər.
Prezident Bəşər Əsəd televiziya ilə çıxışında yeni layihənin ölkə vətəndaşları tərəfindən dəstəklənəcəyinə əmin olduğunu bildirib. Deyib ki, Konstitusiya layihəsi qəbul olunarsa, Suriyada hüquqi idarəetmə sisteminin yaradılması istiqamətində yeni mərhələ başlanacaq. Həmçinin vurğulayıb ki, "Suriyada həqiqi demokratiya xaricdən ixrac yolu deyil, islahatlar, təkamül yolu ilə tətbiq edilməlidir".
Suriya müxalifəti isə referendumu "Bəşər Əsədin növbəti siyasi oyunu" hesab edir və tədbiri boykot edəcəklərini bildirir. Bu arada Ağ ev təmsilçisi Suriya liderinin yeni Konstitusiya layihəsi üzrə referendum keçirməsi xəbərini "gülünc" adlandırıb. Ağ evin rəsmisi Cey Karni bildirib ki, "Bəşər Əsəd əvvəllər ölkəsində siyasi islahatlar keçirəcəyi barədə çox vədlər verib, amma onlara əməl etməyib. İndi onun iqtidaırnın son günləridir".
Yeri gəlmişkən, dünən Suriyadan yenə narahat xəbərlər gəlib. Belə ki, Homs şəhərində hökumət qüvvələri müxalifətçilərə bir neçə istiqamətdən hücumlar ediblər. Xatırladaq ki, şəhər artıq iki həftədir ki, davamlı olaraq bombardman edilir. Bir milyondan çox əhalisi olan Homs şəhərinin sakinləri humanitar fəlakətlə üzləşiblər. Burada ərzaq və yanacaq çatışmır. Şəhərin ağır artilleriya atəşinə məruz qalması üzündən əksər dükanlar bağlanıb. Son xəbərlərə görə, dünən paytaxt Dəməşq yaxınlığındakı bir qəsəbədən də sakinlər hazırkı rejim tərəfdarlarının cəza tədbirlərindən ehtiyat edərək vahimə içində qaçıblar. Bu arada, BMT-nin insan haqları üzrə komissarı Navi Pillay Suriyada cərəyan edən zorakılıqlardan dərin narahatlığını ifadə edib. "Mən Homsda baş verən qırğından dəhşətə gəlmişəm", - deyə o bildirib. BMT nümayəndəsinin fikrincə, "Prezident Bəşər Əsəd beynəlxalq ictimaiyyətin qınaqlarını qulaqardına vurduqca, ölkədə vəziyyət daha da pisləşəcək".

M. HACIXANLI, "Xalq qəzeti"

17 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar