
Prezident Obama yeni büdcə layihəsini təqdim etdi
ABŞ prezidenti Barak Obama 2013-cü il federal büdcə layihəsini Konqresə təqdim etdi. Gözlənilənlərin əksinə olaraq yeni layihədə xərclərin kəskin şəkildə ixtisar edilmədiyi bildirilir. Bunun əvəzinə ABŞ hökuməti yeni yollar salmağı, məktəbləri müasirləşdirməyi və təhsil sistemində islahatlar aparmağa düşünür. B.Obama planlaşdırdığı tədbirləri həyata keçirmək üçün lazım olan vəsaiti də Pentaqonun büdcəsinin ixtisara salınması, federal idarələrin maliyyələşdirilməsinin azaldılması və varlılar üçün vergi güzəştlərinin ləğv edilməsi nəticəsində yaranacaq məbləğ sayəsində yerinə yetirməyi planlaşdırır. Siyasi müşahidəçilər də sənədi Barak Obamanın seçkiqabağı proqramının bir hissəsi kimi qiymətləndirirlər.
2013-cü il federal büdcə layihəsinin ABŞ Konqresinə təqdim edilməsinin prezident Barak Obamaya seçkiqabağı prioritetlərini elan etmək üçün daha bir imkan yaratması barədə fikirlər irəli sürülür. Rəsmi sənədin poçt vasitəsilə konqresmenlərə göndərildiyi, prezident Obamanın isə yeni büdcə layihəsi barədə fikirlərini Virciniya ştatında yerləşən kollec tələbələrilə görüşü zamanı açıqladığı bildirilir. Ağ ev sahibinin çıxışında ABŞ iqtisadiyyatının güc topladığını vurğulamaqla yanaşı, hər bir amerikalının özünü realizə etməyə imkanı verən layihələrdən imtina edilməyəcəyini də vurğuladığı qeyd olunur.
ABŞ liderinin sözlərinə görə, 2013-cü il büdcə layihəsi uzunmüddətli islahatlar proqramının yalnız ilk addımı olmalıdır. Həmin addımların da sürətli dəmir yolları magistrallarının və yeni avtomobil yolları şəbəsinin tikilməsindən ibarət olduğu bildirilir. Layihənin 6 il müddətə hesablandığı və "Amerikanın iki müharibəni başa çatdırmağı bacarmasından" sonra əldə ediləcək vəsaitlər hesabına maliyyələşdiriləcəyi vurğulanır. Prezident Obamanın sözlərinə görə, ABŞ qoşunları İraqdan qayıtdılar və tezliklə Əfqanıstandan Birləşmiş Ştatlara dönəcəklər və bu dönüşlər Pentaqonun 476 milyard dollar vəsaitinə qənat etməyə imkan verəcək. Ağ ev sahibi yeni nəqliyyat infrastrukturunun inşasına da məhz bu qədər vəsait xərclənəcəyini açıqlayır.
Bundan başqa, respublikaçı konqresmenlərin etirazlarına baxmayaraq amerikalı prezident 30 milyard dollar vəsaiti məktəblərin müasirləşdirilməsinə sərf etməyi planlaşdırır. Bu qədər vəsaiti də müəllimlər və polislər üçün yeni iş yerlərinin açılmasına və yeni yanğınsöndürmə məntəqələrinin yaradılmasına xərcləməyi düşünür.
Prezident Obama varlılar üçün nəzərdə tutulan vergi güzəştlərinin ləğv edilməsini istəyir və bunun üçün o, Baffet qaydalarına uyğun hərəkət etməyi münasib sayır. Ağ ev sahibinin büdcə və vergi siyasətilə bağlı çıxışlarında bu qaydalara dəfələr toxunduğu məlumdur. "Berkshire Hattaway" şirkətinin sahibi, məşhur maliyyəçi Uorren Baffet hələ ötən il bildirmişdi ki, katibəsinin ondan daha çox vergi ödəməsini ədalətsizlik sayır. Bu fikirlə ABŞ-ın bir çox varlı şəxsləri də razılaşmış və ölkədə milyonçu-vətənpərvərlər klubu təsis edərək, imkanlı amerikalıların ödədikləri vergi ödənişinin səviyyəsinin qaldırılmasına yönəlik addımlar atmağa çağırmışdılar. Amma bununla belə, respublikaçılar Konqresdə bu təşəbbüsə qarşı çıxır və deyirlər ki, vergi güzəştlərinin ləğvi biznesin inkişafına mane olmaqla yanaşı, iş yerlərinin ixtisarına da gətirib çıxaracaq.
2013-cü il layihəsində ABŞ lideri yenidən bu mövzuya qayıdır. Onun fikrincə, ildə 1 milyon dollar qazanan amerikalı üçün vergi ödənişini 30 faizədək artırmaq lazımdır. Bununla yanaşı, B.Obama il ərzində 250 min dollar gəlir əldə edən ailələr üçün də vergi ödənişinin artırılmasını zəruri sayır. Onun sözlərinə görə, belə artım nəticəsində büdcəyə əlavə olaraq 1,5 trilyon dollar vəsaitin daxil olmasına imkan yaranacaq. Ağ ev sahibinin bununla bağlı belə dediyi qeyd olunur: "Respublikaçılar tez-tez məni sinfi mübarizənin qızışdırılmasında ittiham edirlər. Ancaq söhbət varlılara nifrətdən yox, hər kəsin bərabər məsuliyyət üzərinə götürməsindən gedir. Biz varlı amerikalılar üçün bu güzəştləri saxlamalıyıq? Yoxsa təhsilə, təmiz energetikaya, güclü orduya sərmayə yatırmalıyıq, veteranlara kömək etməliyik? Biz sadəcə olaraq bunlardan imtina edə bilmərik".
Siyasi müşahidəçilər prezident Obamanın yeni büdcə layihəsində hökumətin böyük xərclərini saxlamağı təklif etdiyini vurğulayırlar. Bununla belə, Ağ ev sahibi bəzi federal nazirlik və idarələrin büdcəsində kəskin ixtisar etməyi də planlaşdırır. Maliyyə ixtisarına məruz qalacaq nazirliklərdən biri də Pentaqon olacaq. Məlumatlarda yalnız Dövlət Departamentinin maliyyə sabitliyini saxlaya biləcəyi qeyd olunur. Belə ki, Dövlət Departamenti Yaxın Şərqdə və Şimali Afrikada "demokratiyanın inkişafına və iqtisadi islahatlara" 770 milyon dollar xərcləyə biləcək. Bundan başqa, Misir hökumətinə 1,3 milyard dollar yardım edilməsi də planlaşdırılır.
Amma yeni büdcə layihəsi ölkədə birmənalı qarşılanmır. Məsələn, ABŞ-ın ali postu uğrunda mübarizə aparan respublikaçıların ən real namizədlərdən biri Mitt Romni deyir ki, yeni büdcə layihəsi ölkənin tamamilə borc girdabına sürüklənməsi planıdır. Tənqidçilər deyirlər ki, Barak Obamanın yeni büdcə layihəsinin reallaşdırılması nəticəsində ABŞ-ın dövlət borcu on ildən sonra 18,7 trilyon dollara çata bilər. Buna görə də, M.Romni Ağ ev sahibinin yeni federal büdcəsini maliyyə sənədi kimi yox, özünün yenidən seçilmək planı kimi qiymətləndirir. Respublikaçı namizədin nə qədər doğru olduğunu görə biləcəyik.
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
18 Fevral 2012, Şənbə