Yanvar ayının son günlərində ABŞ və Pakistan arasındakı gərgin münasibətləri bir qədər mülayimləşdirəcək zəif siqnallar eşidildi. Belə ki, Pakistanın xarici işlər naziri Hina Rəbbani Har İslamabad şəhərində Birləşmiş Ştatların elçisini qəbul etdi. Bəzi mütəxəssislərin fikrincə, belə bir qəbul onu təsdiqləyir ki, iki ölkə arasında münasibətlər normallaşmağa başlayır.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər ötən ilin noyabr ayında Pakistan ordusunun Əfqanıstanla sərhəd bölgəsində yerləşən nəzarət buraxılış məntəqəsinə NATO tərəfindən endirilmiş aviazərbə nəticəsində 24 hərbçinin həlak olmasından sonra kəskin pisləşmişdi. Rəsmi Vaşinqtonun üzrxahlıq etməsinə baxmayaraq, Pakistan rəhbərliyi ABŞ ilə təmaslarını dayandırmış və sərt davranışını ortaya qoymuşdu. Ancaq yanvarın son günlərində Pakistan rəhbərliyinin ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Mark Qrossmanın İslamabada gəlməsinə etiraz etmədiyi məlum oldu. Halbuki, bir neçə gün öncə rəsmi İslamabad bu səfərə qarşı olduğunu bildirmişdi. Belə bir qəbula razılıq verilməsi düşünməyə əsas verir ki, rəsmi Vaşinqton Pakistana münasibətdə sərgilədiyi səbrlik bəhrəsini verir və iki ölkə arasında münasibətlərdə "bahar" dövrünün başlannmasına az qalır.
Təbii ki, inciklik hələ davam edir. Amma bölgədə yaranmış vəziyyət hər iki tərəfi əməkdaşlığa sürükləyir. ABŞ gözəl anlayır ki, Pakistansız Əfqanıstanda sakitliyin bərqərar olması mümkün deyil. Pakistanın da ABŞ-ın maddi-tezniki yardımlarına ehtiyacı var. Buna görə də ortada nə qədər hiddətlənəcək hadisələr varsa da, qarşılıqlı asılılıq tərəfləri bir-birinə doğru addımlamağa məcbur edir. İlk addım kimi, Pakistanın bağladığı tranzit yollarını açması ola bilər. Rəsmi İslamabad məlum hadisədən sonra Əfqanıstana gedən tranzit yollarını başlamışdı. O vaxtdan bu günədək ABŞ alternativ yollara üz tutmaqla vəziyyətdən çıxmağa çalışır. Lakin Rusiya və Orta Asiya ölkələrinin ərazisindən keçən tranzit yollarından istifadə ABŞ-a çox baha başa gəlir. Təhlükəsizlik məsələlərinə dair məlumat mübadiləsində də Pakistan Birləşmiş Ştatlar üçün əvəzsiz rol oynayır. Məhz sadalanan faktorlar hər iki ölkəni münasibətlərin donunu açmağa əsas verir.
Bəs, tərəflər hansı yollarla bir-birilərinə doğru addımlamağa üstünlük verəcəklər? Bəzi mütəxəssislər rəsmi Vaşinqtonun birbaşa Pakistan hərbçilərilə dialoq qurmağa üstünlük verməyə başladıqlarını vurğulayırlar. Belə ehtimal edilir ki, ABŞ rəhbərliyi Pakistanın Əfqanıstanda müharibənin yekunlaşdırılmasına dair nöqteyi-nəzərini qəbul etməyə yaxındır. Məsələ ondadır ki, Birləmiş Ştatlar tələsir, 2013-cü ildə Əfqanıstanı tərk etmək istəyir. Bu baxımdan amerikalıların rəsmi İslamabadın Əfqanıstanın gələcəyi barədə fikirlərini dinləməyə istəkli göründükləri bildirilir. Pakistan təhlükəsizlik qüvvələrinin köməyi olmadan bu sahədə amerikalıların ciddi nəticələr əldə edəcəkləri şübhə doğurur və bunu anlayan rəsmi Vaşinqton pakistanlı tərəfdaşlarına diqqətlə qulaq asmağı daha məqsədəuyğun hesab etdiyinə işarə vurur. Buna görə də, tərəflər milli maraqlara cavab verəcək qarşılıqlı addımlar atmağın vacib olduğunu dərk edir və Birləşmiş Ştatlar Əfqanıstanın sakit gələcəyi naminə xoşlamadığı məsələlərdə çevik addımlar atmaqdan əvvəl strateji mövzularda Pakistanla razılığa gəlməyə çalışmalıdır.
Təbii ki, münasibətlərin sıfır nöqtəsindən irəliləməsinə mane ola biləcək şübhələr hələ də qalır. Mütəxəssislər hər iki tərəf arasında etibarlılıq məsələsində kifayət qədər inamın olmadığını vurğulayırlar. Məsələ ondadır ki, rəsmi İslamabad ABŞ-ın son zamanlar Taliban hərəkatının liderlərilə danışıqlar aparmağa çalışmasına isti yanaşmır. Eyni sözləri ABŞ barədə də demək olar. Rəsmi Vaşinqtonun Pakistanın Əfqanıstanda milli maraqlarını nəzərə alıb-almadığı məsələsi də daim mübahisə mövzusudur. Buna görə də tərəflər milli maraqlarının qorunmasını təmin edəcək qarşılıqlı addımların atılması istimaqətində ortaq məxrəcə gəlməyə çalışmalıdırlar. Pakistanı ABŞ-ın Hind okeanında hərbi mövcudluğu və strateji rəqibi Hindistanla münasibətlərinin gələcəyi də maraqlandırır. Buna görə də münasibətlərin gələcəyini rəsmi Vaşinqtonun bu məsələlərə nə dərəcədə aydınlıq gətirməsindən asılı olacağını demək mümkündür.
Bununla belə, bəzi mütəxəssislər düşünürlər ki, tərəflərin münasibətləri tezliklə yaxşılaşdırmağa vadar edən siyasi konyuktura da vadar edir. Pakistanda mülki rəhbərliklə hərbi elita arasında münasibətlər gərgin olaraq qalır və yerli mütəxəssislər növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etmirlər. Belə bir vəziyyətdə Prezident Asif Zərdarinin ABŞ-ın dəstəyinə ehtiyacı var. Rəsmi Vaşinqton da Pakistan istiqamətində irəliləyiş əldə olunmasında maraqlıdır. Yəni ilin sonunda prezident seçkilərinə qatılacaq Barak Obamaya bu məsələdə kiçik qələbə lazımdır. Odur ki, yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin yenidən normallaşacağını gözləməyə dəyər.
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
7 Fevral 2012, Çərşənbə axşamı