→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

ABŞ Gürcüstanla azad ticarət haqqında müqavilə imzalayıb

Gürcüstan Prezidenti Mixeil Saakaşvili ABŞ-da rəsmi səfərdə olub və ABŞ-ın dövlət başçısı Barak Obama ilə görüşüb. İki ölkə prezidentlərinin görüşü Ağ evdə keçirilib. Bu barədə RİA "Novosti" məlumat verib. Amerika tərəfinin məlumatına görə, Barak Obama və Mixeil Saakaşvili müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət ayırıblar.
Görüşdən sonra keçirilən qısa brifinqdə Barak Obama bəyan edib ki, ABŞ və Gürcüstan azad ticarətlə bağlı saziş üzərində işləyirlər və ticarət əlaqələrini möhkəmləndirəcəklər: "Biz ölkələrimiz arasında davamlı ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə etdik".
ABŞ Prezidenti Birləşmiş Ştatların Gürcüstanın ərazi bütövlüyünə dəstək verdiyini bir daha ifadə edib. Qeyd edək ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın işğal edilmiş əraziləri hesab edir.
RİA "Novosti"nin məlumatına görə, Obama Gürcüstandakı demokratiya və şəffaflıq modelinə böyük önəm verdiyini bildirib. Gürcüstanı "demokratiya və şəffaflıq nümunəsi" adlandıran ABŞ Prezidenti rəsmi Tbilisinin bu sahədə əldə etdiyi nəticələrlə fəxr etməli olduğunu söyləyib.
Görüşdə maraqlı bir məqam da jurnalistlərin gözündən yayınmayıb. ABŞ Prezidenti çaşaraq bir dəfə Gürcüstana "Rusiya" deyib və dərhal səhvini düzəldib: "Saakaşviliyə dedim ki, Rusiyada... Gürcüstanda institutların formalaşdırılması prosesini dəstəkləyirəm", - deyə ABŞ Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Saakaşvili Gürcüstanda keçiriləcək parlament seçkisinin şəffaf və demokratik olacağını, gələcək parlamentə daha böyük səlahiyyətlərin veriləcəyini söyləyib.
ABŞ Prezidenti ilə görüşdən sonra Gürcüstan KİV-i üçün xüsusi brifinq keçirən Saakaşvili isə aparılmış danışıqların nəticəsindən razı qaldığını bildirib. "Mən birinci dəfə deyil ki, ABŞ prezidentləri ilə görüşürəm, ancaq Ağ evdən əvvəllər heç zaman bu qədər konkret nəticələrlə ayrılmamışam", - deyə Saakaşvili qeyd edib.
Onun sözlərinə görə, görüş gözləniləndən də yaxış nəticələr verib. "Razılıq əldə etdik ki, müdafiə sahəsində əməkdaşlıq tamamilə yeni səviyyəyə qalxmalıdır. Söhbət ondan gedir ki, Gürcüstan ABŞ-la dövlətimizin müdafiə qabiliyyətinin təmin olunması məsələsində ciddi əməkdaşlıq edəcək. Bu, hərbi təhlükəsizlik məsələsini daha yüksək səviyyəyə qaldıracaq", - Saakaşvili deyib.
Gürcüstan liderinin fikrincə, ikinci əsas məsələ iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və genişləndirilməsidir. O qeyd edib ki, ABŞ Prezidenti azad ticarət zonası yaradılması haqqında müqaviləni imzalamaqla Gürcüstanla iqtisadi sahədə əməkdaşlığın yeni formatını dəstəklədiyini bəyan edib. "Bu, Gürcüstan iqtisadiyyatı üçün təsəvvür olunmayacaq dərəcədə böyük addım olacaq. ABŞ indiyədək yalnız ən yaxın müttəfiqləri ilə azad ticarət haqqında saziş imzalayıb", - deyə Saakaşvili bildirib.
Gürcüstan Prezidenti deyib ki, ABŞ ölkəsinin NATO-ya üzvlüklə bağlı səylərini də dəstəkləyir. Onun sözlərinə görə, Obama Gürcüstanda aparılan demokratik islahatlara və ölkənin demokratik perspektivlərinə də yüksək qiymət verib.
Qeyd edək ki, prezidentlərin Ağ evdəki görüşü bir saatdan artıq davam edib və ikitərəfli münasibətlərin bütün aktual məsələləri müzakirə olunub. Görüş Gürcüstan-ABŞ diplomatik əlaqələrinin qurulmasının 20 illiyi münasibətilə baş tutub.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

1 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar