
Artıq beş aydır ki, Birləşmiş Ştatlarda işsizliyin səviyyəsi düşməkdə davam edir. 2011-ci ilin ilk ayında ötən ilin aprel ayından bəri ilk dəfə olaraq ABŞ-da ən güclü iş artımı qeydə alınıb. Əmək Nazirliyi bildirir ki, ölkə iqtisadiyyatında 243 min yeni iş yeri yaradılıb. Bununla da işsizlik 10 faizdən 8,3 faizə enib.
Qeyd edək ki, hökumət ekspertləri tərəfindən yeni iş yerlərinin artması və işsizliyin səviyyəsinin aşağı düşməsi haqqında məlumatlar açıqlanandan sonra ABŞ-ın aparıcı birjalarında səhmlərin qiymətləri kəskin artıb. Belə ki, iqtisadi durumun barometri sayılan "Dou Cons"-un səhmlərinin orta indeksi 2008-ci ildən bəri ən yüksək həddinə qalxıb. İqtisadiyyatın enerjiyə təlabatının yüksəlməsi və qiymətlərin artracağı ilə əlaqədar gözləntilər isə dünyanın əmtəə birjalarında neft qiymətlərinin artmasına səbəb olub.
Bəlli olduğu kimi, bu il ABŞ-da növbəti prezident seçkiləri ilidir. Yeri gəlmişkən, işsizliyin azaldılması bu ilin prezident seçkilərində başlıca məsələyə çevirilib. ABŞ Prezidenti Barak Obama bildirib ki, ölkədə iqtisadiyyat güclənməkdədir, amma amerikalılar arasında hələ də işsiz insan var. Dövlət başçısı Konqresi iş yerlərinin çoxalmasına yardım etmək üçün maaş vergilərini endirməyə çağırıb.
Amma Respublikaçılar Partiyasından prezidentliyə iddialı Mitt Romni deyir ki, iqtisadi dirçəliş gözlənildiyindən xeyli ləng gedir. O, ləngimələrə görə siyasi rəqibi B. Obamanın iqtisadi siyasətini qınayır.
Bu arada ABŞ Pezidenti daha bir yeni təkliflə çıxış edərək Konqresi daşınmaz əmlak haqqında yeni qanunu qəbul etməyə səsləyib. Onun sözlərinə görə, bu plan hər il ev sahiblərinə minlərlə dollar ipoteka puluna qənaət etməkdə yardım göstərəcək.
B. Obama öz həftəlik müraciətində ev böhranını iqtisadi dirçəlişi yavaşıdan başlıca amil adlandırıb. Dövlət başçısı deyib ki, bu planın təsdiqi ev sahiblərinə bu daşınmaz əmlakı yenidən daha aşağı kredit faizləri ilə maliyyələşdirmək imkanı verəcək və onlara xeyli vəsait qənaət etməyə kömək edəcək. B.Obamanın fikrincə, iri maliyyə ödəyicilərinin xərclərini azaltmaqla, bu proqramın xərclərini ödəmək mümkündür. Siyasi təhlilçilər qeyd edirlər ki, ABŞ Prezidenti bu məsələni irəli sürməklə seçkilər ərəfəsində ictimai fikri öz tərəfinə çəkməyə cəhd edir, respublikaçıların cavab müraciətində Pensilvaniya ştatından olan konqresmen Pat Meehan deyib ki, respublikaçıların hazırda nəzarət etdiyi Nümayəndələr Palatası maaş vergilərinin azladılmasını təsdiq edib, amma demokratların çoxluq təşkil etdiyi Senat bunu etməyib. P.Meehan həmçinin bildirib ki, enerji sektorunda hökumət nizamlamalarının ixtisarı yanacaq qiymətlərini ucuzlaşdıra və yeni iş yerləri yarada bilər.
Xatırladaq ki, bu günlərdə B.Obama administrasiyasının hər bir üzvü, o cümlədən dövlət katibi Hillari Klinton da gərgin iş rejimi ilə çalışır. Dünən o, enerji təhlükəsizliyi ilə bağlı danışıqlar aparmaq məqsədilə Bolqarıstana səfər edib. Bundan əvvəl isə dövlət katibi Münhendə beynəlxalq təhlükəsizliyə dair konfransda iştirak edib.
Bolqarıstanda xanım H.Klinton bazar günü Prezident Rosen Pleneliev və Baş nazir Boyko Borisovla görüşlər keçirib. ABŞ dövlət katibi Bolqarıstanı yeni enerji mənbələrini inkişaf etdirməyə və Rusiyadan neft və qaz təchizatından asılılığı azaltmağa çağırıb. KİV-lər yazır ki, danışıqlar zamanı Yaxın Şərqdə vəziyyət də müzakirə olunub.
M. HACIXANLI, "Xalq qəzeti"
7 Fevral 2012, Çərşənbə axşamı