→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

ABŞ Çinin Suriya ilə bağlı mövqeyindən razı deyil

Barak Obama Çin Xalq Respublikasının vitse- prezidenti Si Çinpinlə görüşüb. Görüş zamanı tərəflər bəzi iqtisadi məsələləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. 
Amerika Birləşmiş Ştatları Çinin Suriya ilə bağlı BMT -nin Təhlükəsizlik Şurasının toplantısında veto hüququndan istifadə etməsini narazılıqla qarşılayıb. Məsələyə münasibət bildirən ABŞ Prezidenti Barak Obama Çinin vitse-prezidenti Si Çinpinlə görüşündə öz narazılığını açıq şəkildə ifadə edib. B. Obama deyib ki, Vaşinqton BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya qarşı qətnamənin səsverməsində Pekinin mövqeyindən təəssüf hissi keçirib. ABŞ Prezidenti Çini Suriya məsələsində mövqeyini dəyişməyə çağırıb.
Xatırladaq ki, fevralın 4-də Çin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının təkid edildiyi qətnaməyə veto qoymuşdu. Rusiya da eyni addımı atmışdı.
Qeyd edək ki, məsələyə münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, dünya ictimaiyyəti Suriya müxalifətini danışıqlar masasına əyləşməyə razı salmalıdır. Sergey Lavrov deyib: "Əgər biz hamımız yalnız "milli dialoq" deyiriksə, onda Suriya müxalifətinə də danışıqlara getməyin vacibliyini çatdırmalıyıq". Rusiyanın xarici işlər naziri onu da vurğulayıb ki, dünya ictimaiyyəti Suriya müxalifətini hökumətlə heç bir danışıqlara getməməyə təhrik etmək üçün az səy göstərməyib.
Digər tərəfdən, ABŞ Prezidenti Barak Obama Çinin vitse-prezidenti Si Çinpinlə Ağ evdə baş tutan görüşündə bəzi iqtisadi məsələləri müzakirə edərək, Çinin artan iqtisadi gücündən məmnun olduğunu bildirib. Barak Obama qeyd edib ki, ABŞ-la Çin arasında güclü əməkdaşlıq nəinki regionda, eyni zamanda, bütün dünyada stabillik və inkişafa zəmin yarada bilər.
O deyib: "Biz iki ölkə arasında iqtisadi və strateji əlaqələrin inkişafına təkan verə biləcək imkanlarla bağlı məsləhətləşmələr aparmışıq və bəzi ziddiyətli məsələlərin həllinə dair konstruktiv nəticələr əldə etmişik. Bu proseslər ərzində Çinin öz gücündən sülh məqsədləri ilə istifadə etdiyi həmişə vurğulanıb".
Si Çinpin isə öz növbəsində qeyd edib ki, onun ABŞ-a gəlməsində məqsəd iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair əldə edilmiş razılaşmanı həyata keçirməkdir. Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq qarşılıqlı hörmət və maraqlara söykənməlidir.
Si Çinpin bildirib ki, səfəri çərçivəsində ümid edir ki, iki ölkə arasında əməkdaşlığın inkişafında ciddi rol oynayacaq dostluğu və həmrəyliyi möhkəmlətməyə və Amerika cəmiyyəti ilə daha geniş əlaqələr qurmağa nail olacaq.
Məlumat üçün deyək ki, Si Çinpinin ABŞ -a səfəri ərəfəsində bu ölkədə yaşayan Tibet, Tayvan və hindistanlılar Ağ ev qarşısında toplaşaraq Amerika hökumətinə qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar Çin hökumətindən Şərqi Türküstan, Tayvan və Tibetdə uzun müddətdir ki, davam edən zorakılığa son qoyulmasını tələb ediblər. Aksiyada "Tibet müstəqil olacaq", "Tibet Çinin bölgəsi deyil" şüarları səsləndirilib. Etirazçılar aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Elçin ABBASOV, "Xalq qəzeti"

 

16 Fevral 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar